İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

Azərbaycan teatrı milli mədəniyyətimizin məktəb qədər zəruri və əhəmiyyətli olan bir vacib sahəsidir.

Cəmiyyətin və insanın təkamülündə teatr qədər fəal iştirak edən incəsənət növü təsəvvür etmək çətindir.

Səhnə ilə salonun dialoqu və ya harmoniyası geniş mənada teatrın xalqla, tamaşaçı ilə, insanla üzvi əlaqəsinin göstəricisidir. Aktyorun səhnədən salona üz tutması dramaturqun və rejissorun xalqa xitabını ifadə edir. Həmin müraciətin hansı məsafədən, necə, nə cür hərəkətlə və intonasiya ilə deyilməyi teatr və zaman münasibətlərinin tənzimlənməsi deməkdir. Bu prosesdə dramaturq, rejissor, aktyor və rəssam, hətta bəstəkar, işıq tərtibatçısı kimi zəruri “quruluşçuların” hamısı bir yerdə iştirak edir. Lakin bunların sırasında tamaşanın rejissorunun xüsusi yeri vardır. Dramaturq – pyesin, yaxşı rejissor isə tamaşanın müəllifidir. Dramaturq pyesdəki obrazları, rejissor tamaşadakı aktyorları idarə edir.

Dramaturqun tamaşanın mahiyyətinə müdaxilə etmək imkanları az olur. Rejissor isə müəyyən səviyyədə pyesin “daxili işinə” mütləq qarışmalıdır. Musiqi tərtibatının, dekorasiyaların, geyim eskizlərinin də sifarişçisi rejissordur. Görkəmli teatr xadimi, xalq artisti Azər Paşa Nemətovun simasında rejissor tamaşanın sahibi-ixtiyarıdır.

Niyə? Birinci ona görə ki, Azər Paşa Nemət dramaturji materialın dərinliklərini və incəliklərini açmaq baxımından mahir sənət ustadıdır. Rejissurada əsas mövzunu və ideyanı qorumaqla dramaturji mətnə müdaxilə etmək, müəyyən əlavələr və düzəlişlər, ixtisarlar aparmaq məqbul sayılan işdir. Bu cəhətdən xalq artisti Azər Paşa Nemətin yanaşması fərqlidir. Azər Paşa Nemət dram əsərinin mətnindəki nəinki ayrı-ayrı cümlələrin, hətta bəzən adi görünən sözlərin də daxili mahiyyətinə elə bucaqdan yanaşır ki, burada cümləni və ya sözü dəyişmək həmin anlayışın yazıldığı dövrdəki hədəfini yox, indiki, yəni tamaşaya qoyulduğu vaxtdakı məna çalarını tapıb üzə çıxartmaq, aktyorun ifadəsinda xüsusi vurğu ilə tələffüzünə nail olmaq mümkün olur. Azər Paşa Nemət dramaturji mətn  üzərində sözbəsöz, cümləbəcümlə işləyir, sözlərdə, səslərdə və cümlələrdəki işığı, odu, közü, yaxud kölgəni kəşf edə bilir. Əslində, bu cür tamaşada dramaturqun mətni daha çox qorunub saxlanır. Amma əsər yazıldığı dövrün deyil, tamaşaya qoyulduğu zamanın tamaşası kimi səslənir. Azər Paşa Nemət qədər dramaturji materiala həssas yanaşan və mətnlə dərin iş aparan rejissor göstərmək çətindir. Azərbaycan teatr rejissurasında dram əsərinin ideyasını müasirləşdirmək meyli həmişə qüvvətli olmuşdur. Bu, dünya teatr sənəti üçün də qəbul olunmuş qaydadır. Azər Paşa Nemət də tamaşanın ideyaca müasirliyinə ciddi diqqət yetirir. Fərq ondadır ki, o, tamaşanın ideya aktuallığını həm əsərin seçilmiş məqamlarındakı hadisə və detalları qabartmaqla, daha çox isə dramaturji materialın içindəki işığı, enerjini tapıb, onu aktyorun təkcə ifa tərzi ilə yox, həm də dəqiq və münasib hərəkəti ilə birlikdə təqdim etməyi bacarmasıdır. Ona görə də Azər Paşa Nemətin bir rejissor kimi  dramaturji material üzərində işi aktyorlarla apardığı işdən daha çətindir, məsuliyyətlidir. Əslində, rejissor Azər Paşa Nemət dramaturqun təqdim etdiyi dramaturji mətni orijinalı saxlamaqla özünün, daha doğrusu isə Zamanın oxuduğu kimi səhnədə səsləndirməyi, münasib hərəkətlə ifadə etməyi bacarır. Azər Paşa Nemətin tamaşalarının mövcud mətninin rejissor intepretasiyası səhnəyə çıxarılan əsərin həm məzmununu, həm də müasir ideyasını tam diqtə edir.

İkincisi, Azər Paşa Nemət tamaşanı hərəkət üzərində qurur. Zatən Aristoteldən Lessinqə və Vissarion Belinskiyə, Azərbaycanda Cəfər Cəfərova, Mehdi Məmmədova, Yaşar Qarayevə  qədər dramaturgiyadan tələb olunan hadisələrin “nağıletmə yolu ilə deyil,  hərəkətin özü vasitəsi” ilə ifadə olunmasından ibarətdir. Lakin teatrda müxtəlif  hərəkət vasitələrindən ifadə olunur. Məsələn, tamaşanın aparıcı obrazı daha çox əsas fikirləri səsləndirir, ətrafdakı köməkçi obrazlar isə hadisələrin dinamikasını təmin edirlər. Bu, Azərbaycan səhnəsinin mütəfəkkir rejissoru, xalq artisti Mehdi Məmmədovun üslubudur. Professor Mehdi Məmmədovun obrazları səhnədə də düşünərək hərəkət edən personajlardır. Xalq artisti Mehdi Məmmədovun yozumunda Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasında da obrazlar hərəkətlərindən çox fikirləri, baxışları ilə yadda qalırlar. Mehdi Məmmədovun rejissor üslubunun parlaq siması Hüseyn Cavidin “Xəyyam” və “İblis” tamaşalarında özünü qabarıq şəkildə büruzə vermişdir. Dərin fəlsəfi monoloqlar, romantik baxış, qayğılı, narahat  düşüncələri ifadə edən mükalimələr bu əsərlərin səciyyəvi özünəməxsusluğudur.

Xalq artisti Adil İskəndərov Azərbaycan teatr tarixində mahir kolliziya ustadı kimi əbədiləşmişdır. Onun tamaşalarında tərəflərin qarşıdurmalarından doğan gərgin dramatik vəziyyətlərin səhnə həlli səhnənin “baş xəttini” təşkil edir. Adil İskəndərov tərəf-müqabillərin arasındakı ziddiyyətli situasiyaların ən həyati təqdimatlarını tapmaqla tamaşada müasirlik ruhu yaratmağı bacarmışdır.

Belə müqayisələri yenə də davam etdirmək olar. Çünki dramaturqlar kimi, rejissorların da hərəsinin öz üslubunun olması mütləq həqiqətdir. Aleksandr Tuqanov, Baxşı Qələndərli, Ağakişi Kazımov, Vəli Babayev, Mərahim Fərzəlibəyli, Vaqif İbrahimoğlu da fərdi cizgilərlə səciyyələnən fərqli üslublara sahibdirlər. Ona görə də məqsədimiz hansısa rejissoru arxa plana çəkməklə yox, onlardan hər birinin özünəməxsusluğunu göstərməklə Azər Paşa Nemətin  teatr sənətindəki fərqli yerini və mövqeyini təqdim etməkdən ibarətdir.

Hadisələrin hərəkət vasitəsi ilə ifadə olunmasında Azər Paşa Nemətin mövqeyi aşağıdakı kimi müşahidə olunur:

Azər Paşa Nemət bütün obrazları səhnədə hərəkətdə təqdim edir. Hərəkət obrazın ifadə etdiyi sözü mənalandırmaq üçündür. Əksər hallarda belə görünür ki, aktyor əgər deməli olduğu sözü təsadüfən unutsa belə, hərəkətindən onun nə demək istədiyini başa düşmək olar. Azər Paşa Nemət teatrı pantomim teatrı ilə fikrin daxili mənası ilə birlikdə ifadə etmək bacarıqlarının harmoniyasından yoğrulmuşdur. Onun tamaşalarında dramaturji mətndə müəllif sözü nə qədər dəqiq ifadə etmişdirsə, səhnədə də hər hərəkəti rejissor eyni dəqiqliklə müəyyən etmişdir. Azər Paşa teatrında söz də, hərəkət də danışır və eyni mətləbin açılmasına birlikdə xidmət edir.

Bundan başqa, Azər Paşa Nemətin tamaşalarında mahiyyətin açılması üçün kütlədən çox istedadla istifadə olunur. Digər rejissorlardan fərqli olaraq, onun tamaşalarında kütlə sadəcə seyrçi, donuq vəziyyətdə olan adamlar yığınından ibarət deyildir. Yaxud, o, kütlənin nümayəndəsinə epizodik obraz kimi də baxmır. Azər Paşa Nemətov kütləni tamaşanın əsas obrazı səviyyəsinə qaldırır. Bu istedadlı rejissorun quruluşunda kütlə əsərin əsas, aparıcı obrazının əsas oppozisiyasıdır. Aydınlıq olsun deyə, Azər Paşa Nemətin hazırda Azərbaycan Dövlət Dram Teatrında repertuarda olan əsərlərindən misallar gətirməklə fikrimi izah etmək istəyirəm. Məsələn, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində əsərin əsas qəhrəmanı olan Kefli İskəndərin ideya düşməni Şeyx Nəsrullah, Cəfər Cabbarlının “Almaz” pyesində isə qolçomaq Hacı Əhməddir. Lakin hər iki əsərdə baş qəhrəmanın uğrunda mübarizə apardığı əsas hədəf yalnız Şeyx Nəsrullahın və ya Hacı Əhmədin ifşa olunması üzərində qurulmamışdır. İskəndər üçün “İsfahan lotusu” Şeyx Nəsrullahı ifşa etmək, onu bu məmləkətdən qovmaq nə qədər vacibdirsə, Cəlil Məmmədquluzadəyə görə geridə qalmış qaragüruhçu avam kütləni oyatmaq, ayıltmaq, onlara özünü dərk etdirmək ondan da zəruridir. Azər Paşa Nemət “Ölülər” əsərindəki “şəhər əhli” adı altında verilmiş kütləyə avamlığın, cəhalətin şiddətini, dərəcəsini göstərmək, İskəndərin təkbaşına qalmasının faciəsini təqdim etmək üçün yox, ayıldılması, xilas edilməsi çox zəruri olan zümrə kimi baxır. Onun nəzərində avam camaat – kütlə rejissorun üzərində ürək yanğısı ilə iş apardığı səhnə əsərində qaldırılan ideyanın əsas hədəfidir. Anlatmağa, dərketməyə səy göstərmək əsas məqsəd olduğu üçün  Azər Paşa Nemətin tamaşalarında kütlə daim hərəkətdə təqdim olunur. O, kütləni yerindən oynadaraq hərəkətə gətirir, gərginliklərdən keçirir, bəzən isə sıxır, lakin heç vaxt ayaqlanmağa, əzilməyə qoymur. Kütlə axını cəhalətin silkələndirilməsi kimi səslənir və hərəkətdə olmaq nəticə etibarilə kütlənin cəhalətdən oyanış marşı funksiyasını yerinə yetirir. Rejissor bu ritmi istedadla qurur. “Ölülər” tragikomediyasında kütlə həm dövrün ictimai mənzərəsini əks etdirir, həm də oyanışa doğru hərəkatı canlandırır. Tragikomediyanın ən ibrətamiz kulminasiya nöqtəsi olan qəbiristanlıq səhnəsində diri ölülərin silueti kimi təqdim olunan kütlə Şeyx Nəsrullahın qaçması məlum olandan sonrakı kütlənin eyni deyildir. Tamaşanın sonunda İskəndərin və kütlənin eyni istiqamətdə aydınlığa doğru hərəkəti Rejissorun diqtə etdiyi milli oyanışın artıq dərk olunması mənasını daşıyır.

Cəfər Cabbarlının “Almaz” pyesindəki kütlə isə keçmişin qalığı kimi təqdim olunur və Rejissorun əsas qayəsi bu qaragüruhu ayıltmaq yox, əksinə, onları aşaraq adlamağın çətin də olsa mümkünlüyünü göstərməkdən ibarətdir. Bəzi məqamlarda dramaturji mətndə kütlə ilə bağlı məqamlar olmadıqda belə, Azər Paşa Nemət onu ən müxtəlif üsullarla formalaşdırır. Məşhur “Hamlet” faciəsindəki kübar cəmiyyətin təmsilçilərinin, “Qacarlar” dramındakı saray əyanlarının ən müxtəlif vəziyyətlərdə bir yerə toplaşması səhnədə canlandırılan vəziyyətlərin daxili gərginliyini ifadə etməklə bərabər, həm də mühitin ümumi mənzərəsinin daha aydın surətdə dərk olunmasına şərait yaradır. Bunlarsız nə Hamleti və Yaqonu, nə də bir-birini çökdürən şah sülaləsini təsəvvür etmək çətin olardı.

Fikrimizcə, Azər Paşa Nemətin kütlə ilə işləmək istedadı ilk dəfə onun hələ 1983-cü ildə Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxardığı “Danabaş kəndinin məktəbi” tamaşasında teatr ictimaiyyətinin diqqətini cəlb etmişdi. Sovet cəmiyyətinin kütləyə geridə qalmış avam qaragüruh kimi baxdığı illərdə Azər Paşa Nemət Danabaş kəndinin camaatını xalqın mövcud vəziyyətinin o zamankı mənzərəsi mənasında səhnəyə çıxarmışdı. Rejissor müəllif mətninin bütün daxili enerjisini, dərin məntiqini üzə çıxararaq kütləni müstəmləkə siyasətinin qurbanı olan xalq kimi təqdim etmiş və mümkün olan bütün vasitələrlə cəhalətə mübtəla edilmiş kütləni deyil, müstəmləkəçiliyi tənqid hədəfinə çevirmişdir. Danabaş kəndinin kütləsi oyanışa möhtac olan xalqın ümumiləşmiş bədii obrazıdır. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” pyesində kütlə içərisində səsləndirdiyi “nəçərnik gəlir” və “soldat” sözlərinin əks-sədasını Rejissor əsərin ideyasının açar sözləri kimi səsləndirməklə, habelə “şallaq” detalını istismarın Domokl qılıncı kimi göstərməklə həm müəllifin qayəsini açmış, həm də “teatr dili” ilə sovet rejiminə öz mesajını vermişdir.

Üçüncüsü, Azər Paşa Nemət kütləvi səhnələrdə iştirak edib, əsər boyu cəmi bir-iki cümlə deməklə funksiyasını yerinə yetirmiş olan epizodik obrazları teatrın ən adlı-sanlı, təcrübəli aktyorlarına tapşırmaqla tamaşada kütlə psixologiyasının açılmasına verdiyi xüsusi önəmi diqqət mərkəzinə çəkir. Teatrın əsas arsenalını təmsil edən tanınmış aktyorlar tamaşa boyu səsləndirdiyi qısa, lakin təsirli və düşündürücü sözlərlə yadda qalır, kütlə anlayışını dağıtmağa xidmət edirlər.

Dördüncüsü, Azər Paşa Nemətin tamaşalarında mütləq mənada rezenyor obrazların kütləyə xitabı ilə yanaşı, səhnədən salona diqtəsi də təbii bir üsulla ifadə olunur. “Hamlet” faciəsində bu, əsasən müsbət emosiyanı, maarifçi düşüncəni tamaşaçı ilə bölüşmək mahiyyəti daşıyır. “Ölülər”də isə Rejissor səhnədən salona müraciət etdiyi məqamlarda şeyxnəsrullahlığın və ölülüyün hələ də ölüb qurtarmadığını, ayıq-sayıq olmağın zəruriliyini tamaşaçının diqqətinə çatdırmaq, bəzən isə qulağına pıçıldamaq səviyyəsində həyata keçirir. Bu mənada Azər Paşa Nemət Cəlil Məmmədquluzadənin İskəndərini Azərbaycanın Hamleti səviyyəsində təqdim etməyə nail olur. Belə məqamlarda, yəni müəllif ideyasının əsas daşıyıcısı olan rezenyor obrazın mövqeyinin qabardılması anlarında Azər Paşa Nemətin böyük ustadı Mehdi Məmmədovdan yaradıcı şəkildə bəhrələndiyi müşahidə olunur. Doğrudur, Azər Paşa Nemətin rezenyor obrazlarında mütəfəkkirlikdən çox, anlamaq dərdinin izharı ön planda dayanır. Onun quruluşunda rezenyor obraz statik yox, dinamikdir. Əgər belə demək mümkündürsə, Azər Paşa Nemət monoloqun təkcə intonasiya ilə yox, həm də hərəkətlə ifadə olunan ritmini tapır və aktyoru buna doğru istiqamətləndirir. Bu cəhətinə görə o, sələf-xələf münasibətlərində fərqli üslub nümayiş etdirə bilir.

Beşincisi, Azər Paşa Nemət rejissoru olduğu bəzi tamaşaların həm də tərtibatçı rəssamı funksiyasını da özü həyata keçirir. İlk dəfə 1985-ci ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuş Çingiz Aytmatovun “Fudziyama dağında qonaqlıq” əsərində o, tərtibatçı rəssam kimi çıxış etmişdir. Sonralar  bir çox tamaşalarda, ən sonuncu dəfə isə Cəlil Məmmədquluzadənin Akademik Dram Teatrda səhnəyə çıxarılmış “Ölülər” tamaşasında (2016) Azər Paşa Nemət rejissorluqla bərabər, tərtibatçı rəssamlığı da bacarıqla həyata keçirmişdir.

Azər Paşa Nemətin teatr rəssamlığında müəyyən simvolika və qızılı rəngə meyl fərdi xüsusiyyət kimi çıxış edir. Onun səhnə tərtibatı və geyim eskizləri həm tamaşanın mahiyyətinin daha aydın şəkildə çatdırılmasına, həm də monumentallığa xidmət edir. Azər Paşanın tərtibatında səhnə dekorasiyası da hərəkət edir, dəyişir və hadisələrin gedişatına məna verir. Rejissorluqda olduğu kimi, teatr rəssamı kimi də Azər Paşa Nemət professionallıq nümayiş etdirir. Təsadüfi deyildir ki, onun səhnə tərtibatı istiqamətindəki əsərləri müxtəlif vaxtlarda Azərbaycanda və Ukraynada teatr rəssamlarının beynəlxalq sərgilərində uğurla nümayiş etdirilmiş və rəğbətlə qarşılanmışdır.

Altıncısı, Azər Paşa Nemət quruluşçu rejissoru olduğu bir çox tamaşaların həm də musiqi tərtibatçısıdır. Onun müxtəlif tamaşalar üçün hazırladığı musiqi mətnləri əsərin emosional təsir qüvvəsinin qüvvətlənməsinə, ideya-məzmununun daha dərindən qavranılmasına kömək edir. İlk dəfə o, Çingiz Aytmatovun “Fudziyama dağında qonaqlıq” tamaşasında rejissorluqla yanaşı, həm də rəssam və musiqi tərtibatçısı kimi özünü uğurla sınaqdan çıxarmışdır. Bülbül adına Musiqi Məktəbini bitirmiş Azər Paşa Nemətin Azərbaycan Dövlət Konservatoriyasında bir il təhsil alması, tələbəlik illərində musiqi bəstələməsi onun tamaşaların musiqi tərtibatçısı missiyasını da həyata keçirməsinə imkan yaradır. Gənc Tamaşaçılar Teatrında Şandor Şamodinin “Necəsən cavan oğlan” (1979), Anarın “Keçən ilin son gecəsi” (1979), Aleksey Tolstoyun “Öz adamımızdır, dil taparıq” (1981) tamaşaları üçün hazırladığı musiqi kompozisiyaları təqdim olunan dramaturji materialın ruhuna və məntiqinə uyğun olmaqla tamaşaçıya da müəyyən estetik zövq aşılamağa şərait yaradır. Akademik Milli Dram Teatrda tamaşaya qoyulmuş “Şah Qacar” tamaşasında (2011) da musiqi tərtibatçılığı vəzifəsini yerinə yetirməsi bu sahədəki zövqünün, bacarığı və potensialının nəinki yaşadığını, bir qədər də  qüvvətləndiyini göstərir. Vaxtilə Gənc Tamaşaçılar Teatrında Kamal Aslanovun “Allah olmaq çətindir” tamaşasında (1982) Azər Paşa Nemət rejissorluq, rəssamlıq və həm də musiqi tərtibatçılığı vəzifəsini uğurla yerinə yetirmişdir. Akademik Milli Dram Teatrında 2011-ci ildə səhnəyə çıxarılmış İlyas Əfəndiyevin “Boy çiçəyi” (“Sən həmişə mənimləsən”) tamaşasında da Baş rejissor həm də tamaşanın musiqi tərtibatçılığı və rəssamı vəzifələrinin öhdəsindən gəlməyi bacardığını bir daha nümayiş etdirmişdir. Bu, – Azərbaycan teatr tarixinin nadir hadisələrindəndir. Bu, – Azər Paşa Nemətin tamaşanın müəllifi olduğunu bir daha təsdiq edən faktdır.

Yeddincisi, Azərpaşa Nemətin musiqi tərtibatçılığı ilə bağlı bir özünəməxsusluğu da qeyd etməyi lazım bilirəm. Onun quruluşunda musiqi təkcə dramatik situasiyaları müşayiət etməklə qalmır, tamaşa bitdikdən sonra da bir neçə dəqiqə davam etməklə tamaşaçını (dinləyicini) fikirləşməyə, yekun nəticələr çıxarmağa doğru istiqamətləndirir. Tamaşaçı əsərin musiqisinin yaratdığı düşüncələrlə salonu tərk edir. “Ölülər” tamaşasında dünya şöhrətli bəstəkar Qara Qarayevin musiqisi Kefli İskəndərin əsərin sonundakı məşhur monoloqunun möhtəşəm davamı kimi pərdə bağlanandan sonra da davam etməklə emosional təsiri tamaşaçıda yaşadır və dərinləşdirir. Çox vaxt tamaşaçı pərdə endikdən sonra yox, musiqi bitdikdən sonra ayağa qalxır. Bu zaman isə pərdə yenidən açılır və tamaşaçı salona təqdim olunan aktyorları ayaq üstə alqışlamalı olur. Düşünülmüş finaldır, sadəcə sonluq yox, tamaşanın  epiloqu təəssüratı yaradır.

Göründüyü kimi, Azər Paşa Nemət Azərbaycan teatrında universal qabiliyyətlərə malik olan fərqli bir sənət xadimidir. Ən əsası da bundan ibarətdir ki, Azər Paşa Nemət rejissorluqda olduğu kimi, teatr rəssamı və musiqi tərtibatçısı olaraq da professional və orijinaldır.

Azər Paşa Nemət Azərbaycan teatrında avanqard düşüncə ilə milli teatr təfəkkürünü özündə üzvi surətdə birləşdirən orijinal səhnə ustadıdır. O, böyük ənənəsi olan Azərbaycan teatr rejissorluğunun müasir mərhələsinin görkəmli yaradıcılarından biridir. Universallıq və yenilikçilik mənasında isə Azər Paşa novator və islahatçı teatr xadimi olmaq haqqı qazanmışdır. Beləliklə, Azər Paşa Nemət həyatını bütövlükdə Azərbaycan teatrına həsr etmiş və artıq öz məktəbini yaratmış görkəmli teatr xadimidir. Azərbaycan Teatr Xadimləri İttifaqına uzun illər uğurla rəhbərlik etməsi onu həm də bacarıqlı bir teatr təşkilatçısı kimi tanıtmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etməkdə olan səmərəli pedaqoji fəaliyyəti onun yeni nəsil rejissorların və aktyorların hazırlanmasına da şərəflə xidmət etməsinin mühüm göstəricisidir.

Azər Paşa Nemət rejissoru olduğu tamaşalara teatr salonlarında ayaq üstə müxtəlif rakurslardan baxaraq səhnə ilə tamaşaçı arasındakı ünsiyyətin hansı səviyyədə olduğuna, necə alındığına da xüsusi diqqət yetirir. O, Azərbaycan teatr səhnəsinin bənzərsiz rejissoru olmaqla bərabər, həm də yeni səhnə əsərlərinin tələbkar tamaşaçısıdır. Azər Paşa Nemət ustad bir rejissor kimi səhnə ilə salonu öz fəaliyyətində üzvi surətdə birləşdirir. Məhz universal teatrallıq istedadı, zəngin təcrübəsi, orijinal yaradıcı qavrayışı və müasirlik duyğusu bədii rəhbər və baş rejissor kimi Azər Paşa Nemətin Akademik Milli Dram Teatrında Azərbaycan teatrının yeni mərhələsini yaratmasına işıq salır.

1 iyun 2017-ci il

Please follow and like us: