Teatrın tarixi

1873-cü il martın 10-da Bakı gimnaziya məktəbinin teatr həvəskarları tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının eyniadlı tamaşası ilə peşəkar milli teatrın əsası qoyulub. Akademik Milli Dram Teatrının tarixi məhz Azərbaycan teatrının tarixi ilə başlayıb.

Azərbaycan klassik dramaturgiyasının nümayəndələri M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadənin milli teatrın yaranmasında böyük xidmətləri olub.

1896-cı ildə H.Zərdabi Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini təşkil edib. 1897-ci ildə isə Bakıda ilk dəfə “Artistlər İttifaqı”, 1917-ci ildə “Müsəlmən Artistləri İttifaqı” yaradılıb. 1919-cu il oktyabrın 24-də teatr “Dövlət” teatrı, 1959-cu ildə isə “Akademik” statusu alır.

Teatr müxtəlif illərdə “Hökumət Teatrosu”, “Birləşmiş Dövlət Teatrosu”, “Azərbaycan Türk Dram Teatrosu” və s. adlandırılıb.  1991-ci ildən isə “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı” adlanır.
1924-cü ildə Azərbaycan Dövlət Dram Teatrına baş rejissor kimi dəvət edilən A.Tuqanovun Bakıda səhnəyə qoyduğu onlarla maraqlı tamaşaları ilə Azərbaycanda rejissor sənətinin inkişafında, eləcə də repertuarın zənginləşməsində böyük xidməti olub.

Milli rejissor kadrların (M.Kirmanşahlı, Y.Yulduz, Ə.Rzayev, Ə.Ağayev, A.Dadaşov və b.) Moskvada və Leninqradda ali rejissor təhsili alıb qayıtması ilə Azərbaycanda rejissor sənəti yeni, peşəkar mərhələyə qədəm qoyub.

Azərbaycan teatrında rejissor sənətindən danışarkən, Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımovun adları xüsusi qeyd edilir. Adil İsgəndərov monumental-romantik, Mehdi Məmmədov romantik-fəlsəfi,  Tofiq Kazımov isə lirik-psixoloji üslubu ilə Azərbaycan teatr tarixində dərin iz qoyublar.

90-cı illərdən başlayaraq AMDT-nın tarixində yeni dönəmin əsası qoyulub: Hüseynağa Atakişiyev, Azər Paşa Nemətov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Mehriban Ələkbərzadə özünəməxsus rejissor niyyətlərini, üslublarını nümayiş etdirərək müasir standartlara cavab verən tamaşalarla rejissor sənətini davam etdiriblər.

Teatrın repertuarında Azərbaycan klassikası ilə yanaşı, dünya dramaturgiyasının nümunələri – Şekspirin “Ledi Maqbet”, Qoqolun “Müfəttiş”, Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Eduardo de Filipponun “Filumena Marturano”, Avksenti Saqarelinin “Xanuma”, Qoderzi Çoxelinin “Küknarlara məktub” tamaşalar nümayiş olunur.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi müxtəlif illərdə Rusiyada, Türkiyədə, Qazaxıstanda, Belarusda, Gürcüstanda, Türkmənistanda, Bolqarıstanda, İsveçdə və başqa ölkələrdə qastrol səfərlərində, eləcə də festivallarda olub.

Sankt-Peterburqun Aleksandrinski Teatrı ilə imzalanmış Memoranduma əsasən 2024-cü ilin sentyabr ayında Azərbaycan teatr tarixində ilk dəfə olaraq, Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin “İblis” pyesi əsasında hazırlanan “İblis və…” tamaşasının  premyerası Aleksandrinski Teatrının əsas səhnəsində oynanılıb. Aleksandrinski Teatrı isə “Evlənmə” tamaşası ilə Akademik Milli Dram Teatrında iki günlük böyük qastrolda olub. Eyni zamanda Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Teatr İnstitutu ilə birgə aktyorlar, rejissorlar və teatr prodüserləri üçün master-klaslar keçirilib.

Müasir dövrdə Azərbaycan teatrına dövlət tərəfindən xüsusi diqqət ayrılıb. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən teatr sahəsində yeni layihələr işlənib, konfranslar, festivallar keçirilib, yeni tamaşalar hazırlanıb.

Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilir.

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib.

1940-1950-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikilməsinə böyük ehtiyac duyulan zaman layihənin müəllifləri – istedadlı memarlar Q.Əlizadə, M.Mədətov öz yaradıcılıqlarında milli və klassik Qərb memarlığının elementlərindən istifadə ediblər. Teatr üçün yeni bina nəzərdə tutulan ərazidəki (indiki Yasamal rayonu Füzuli küçəsi 1) birmərtəbəli binalar sökülüb. Təməli 1954-cü il avqustun 27-də qoyulan bina 6 il müddətində tikilərək istifadəyə verilib.

1960-cı illərdə Bakıda görkəmli şair Məhəmməd Füzuliyə heykəl qoyulması ideyası ortaya çıxıb.  1962-ci ildə bu məkanda şairin abidəsi (memar Hacı Muxtarov) ucaldılıb.

Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2007-ci il tarixli “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərənacamı ilə 2008-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında bərpa və rekonstruksiya işlərinə başlanılıb. Fasad şüşəli vitrinlərlə daha da zənginləşdirilib. Altı məşhur Azərbaycan ədibinin büstləri bərpa olunaraq binanın fasadında əvvəlki yerlərinə yerləşdirilib. Həmçinin dekorasiyaların daşınması üçün xüsusi keçid, ikimərtəbəli əlavə bina və köməkçi otaqlar inşa olunaraq dülgər və tikiş sexləri buraya köçürülüb. Tamaşaçı zalında müasir işıqlandırma sistemləri quraşdırılıb, bütün kommunikasiya sistemləri yenilənib. 7 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə binanın təntənəli açılış mərasimi keçirilib.