Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru, Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu. Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulmuşdu. Eyni zamanda cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azər Paşa Nemətovun həyat və yaradıcılığı barədə geniş məlumat verib. O deyib: “Bu gün Akademik Milli Dram Teatrının səhnəsindən həyatını Azərbaycan teatr sənətinə həsr etmiş görkəmli sənətkarı son mənzilə yola salırıq. Milli teatr tariximizdə müstəsna xidmətləri olmuş rejissor, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətovun vəfatı Azərbaycan mədəniyyətinə, incəsənətinə, teatr ictimaiyyətinə ağır itkidir. Azər Paşa Nemətovun bütün yaradıcı, ictimai, eləcə də pedaqoji fəaliyyəti, sənətkar kimi keçdiyi yol Azərbaycan mədəniyyətinə və Azərbaycan dövlətinə xidmətin nümunəsidir. O, 1947-ci ildə görkəmli teatr rejissoru Zəfər Nemətovun ailəsində dünyaya göz açaraq və sənətə sevgi, rəğbət mühitində böyüyüb. Azər Paşa Nemətovun rejissor kimi yaradıcılığına mədəniyyətimizin böyük hamisi, eyni zamanda böyük sənət bilicisi, Ulu Öndər Heydər Əliyev də yüksək qiymət vermişdir. 2002-ci ildə bu teatrda Azər Paşa Nemətovun quruluşunda Şekspirin “Hamlet” tamaşasına baxan Ümummilli Lider səhnə arxasında yaradıcı heyətlə görüşdə tamaşanın quruluşu, aktyor heyəti haqqında dəyərli fikirlər söyləmişdi. Məhz həmin tamaşadan sonra Ulu Öndərin sərəncamı ilə Azər Paşa Nemətova Xalq artisti fəxri adı verilmişdir”.
Çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan teatrı yaşadıqca mərhum sənətkarın da yaşayacağını qeyd edib: “Azər Paşa Nemətovun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, rejissor kimi “Qızıl dərviş”, “Zirvə” mükafatlarına, Cəfər Cabbarlı mükafatına, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un teatr sahəsi üzrə təsis etdiyi Haldun Taner mükafatına layiq görülüb. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Yarım əsrdən çox milli teatr sənətinə xidmət etmiş Azər Paşa Nemətov zəngin yaradıcılıq yolu ilə Azərbaycan mədəniyyəti tarixində hər zaman xatırlanacaq bir səhifə yazıb. Azər Paşa Nemətovun işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaq”.
Xalq artisti Hacı İsmayılov Azər Paşa Nemətovun Azərbaycan teatrının inkişafı naminə gördüyü işlərdən bəhs edib: “Azər Paşa Nemətov təxminən 20 ilə yaxın Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlilik edib. Onun rəhbərliyi dövründə yaradıcılıq təşkilatı ölkənin teatr həyatında aktiv rol oynamış, ittifaqın təşəbbüsü ilə bir sıra festivallar təşkil edilmiş, gənc dramaturq, aktyor, rejissor və teatrşünaslar üçün laboratoriyalar açılmış, istedadlı gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün müxtəlif layihələr həyata keçirilmişdir. O, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olaraq, teatr sənəti üçün gənc kadrların hazırlanmasına töhfələr verib. Eyni zamanda çalışdığı teatrda onun yolunu davam etdirəcək gənc rejissorlar yetişdirib”.
Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar, Xalq artisti Siyavuş Kərimi bu cür itkidən üzülərək, mərhumun yaxınlarına, ailə üzvlərinə baş sağlığı verib.
Çıxışlar bitdikdən sonra mərhum sənətkarın cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılıb.