Dramaturq kimi fəaliyyətdə olduğum otuz ildə rejissor sarıdan korluq çəkməsəm də, həmişə içimdə sənətini yüksək qiymətləndirdiyim Azər Paşa Nemətovla işləmək istəyi olub, amma bu istəyin reallaşması üçün elə bir təşəbbüs göstərməmişdim. Xəbər tutanda ki, bir neçə il səhnə həyatını gözləyən “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” adlı pyesim görkəmli rejissorumuza verilib, ilk reaksiyam nikbin olmadı, başqa sözlə, bu xəbərə sevinmədim. Odur ki, rejissorla dərhal görüşməyə tələsmədim, məsələni zamanın axarına buraxıb reaksiyanı gözlədim. Reaksiya isə yox idi. Bir-iki ay keçməsinə baxmayaraq, nə rejissordan, nə də teatrdan səs çıxdı. Nəhayət, səbr limitim bitdi. Üç ayın tamamında Teatr Xadimləri İttifaqına kəşfiyat xarakterli bir gediş elədim. Xoş-beşdən sonra birbaşa mətləbə keçdim: – Azər Paşa müəllim, eşitdim mənim pyesimi sizə veriblər tamaşaya qoymağa, siz də etiraz eləməmisiniz, bu doğru xəbərdi? Bax, elə Azər Paşa müəllimin ifadəsi ilə desəm, birmənalı olmayan bu sualdan sonra bizim iş birliyimiz başladı.
Məlum oldu ki, bu pyes hələ dramaturgiya deyil, ədəbiyyatdır. Deməli, tamaşaya qoyulması üçün onun üstündə işləməli, ən azı “normal” pyesə çevirməliyik. Bu yerdə öz-özümə düşündüm, nəyisə istəmək azdır, istəyi həyata keçirmək üçün hərəkət, zəhmət və dözüm lazımdır. Əgər Azər Paşa Nemətovla işləmək istəyirsənsə, onun şərtlərini, əsərlə bağlı istəklərini sözsüz yerinə yetirməlisən, ya da gəldiyin kimi əliboş da qayıtmalısan. Mən birinci yolu seçdim və işə girişdim. Təxminən yarım il ərzində rejissorun tələblərinə uyğun olaraq ədəbi materialı tamam yenidən işlədim. Nəticədə süjet xətti ciddi dəyişikliklərə uğradı, kompozisiya yeniləndi, səkkiz yeni personaj doğuldu, dramaturji materialın bədii vurğusu dəyişdi, tamaşanın adı da təzələnib lakonik bir ada çevrildi, oldu “Şah Qacar”.
Rejissorla işimizin birinci mərhələsi, yəni dramaturji material üzərində yaradıcılıq işi bitdi və gəldi ikinci mərhələ – məşqlər.
“Şah Qacar” yeganə əsərimdir ki, onun bütün məşqlərində iştirak etmişəm. Bu yerdə deyim ki, rejissorların əksəriyyəti dramaturqun məşqlərdə iştirakını qəbul etmir. Mərhum Hüseynağa Atakişiyev görəndə ki, mən məşqdə iştirak etmək üçün teatra gəlmişəm, işi saxlayır, məşqi təxirə salırdı. Etiraf edim ki, sonralar mən özüm də məşqlərdə olmağı o qədər də sevmədim, hətta məşqlərdə darıxırdım. “Şah Qacar”ın məşqlərində isə əksinə oldu. Azər Paşa müəllim məşqlərə gəlməyimə qətiyyən mane olmadı, əksinə, mənim istəyimi təbii qarşıladı.
“Şah Qacar”ın məşqlərində darıxdığım yadıma düşmür, vaxtın necə uçduğunu hiss etmirdim. Mən bu prosesdən dərin zövq duyurdum. Sonralar yeni səhnə redaksiyasının müəllifi olduğum “Almaz”ın, az sonra “Ah, bu uzun sevda yolu”nun məşqlərində iştirak edəndə də həmin hissləri keçirdim. Bu məşqlərdə mən teatrı daha yaxından hiss etdim, daha çox sevdim. Kağız üzərində quru sözlərdən ibarət olan pyesin aktyorların ifasında necə canlandığını, mətnin aktyorların yaddaşına, hətta fakturasına tədricən necə hopduğunun şahidi oldum. Bu sehrli prosesi görüb də təəccüblənməmək, heyran qalmamaq mümkün deyildi.
“Şah Qacar”ın təxminən iki ay çəkən intensiv məşqlərində mən rejissorun öz işinə nə qədər böyük ciddiyyətlə, məsuliyyətlə yanaşdığının şahidi oldum. O, məşqlərə, ümumiyyətlə, gördüyü hər bir işə, maksimum ciddi yanaşan, vaxta münasibətdə dəqiq və punktual sənətkardır. Bu keyfiyyətləri Azər Paşa müəllim aktyorlardan, səhnədə görünməyən, amma tamaşanın taleyində böyük rol oynayan yaradıcı kollektivdən və texniki heyətdən də tələb edir, lazım gələndə buna xarakterinin bütün kəskinliyi, hətta diktator keyfiyyəti ilə nail olmağı bacarırdı.
Azər Paşa müəllimin aktyorlara münasibəti bir ayrı söhbətin mövzusudur. Mən burda bircə məqamı qeyd edəcəm. Birinci görünən odur ki, rejissor aktyorlarını çox istəyir, yüksək qiymətləndirir, zəhmətlərini yetərincə dəyərləndirir, onların istedadına inanır, qabiliyyətlərinə etibar edir. Odur ki, məşq prosesində hər bir aktyora azad oynamaq imkanı verir. Eyni zamanda rejissor aktyorlarla ehtiyatla, incə takt və manevrlə işləyir. Nəticədə hətta aktyora elə gəlir ki, rolunu rejissorun iştirakı olmadan özü yaradır, ona heç rejissor da gərək deyilmiş.
Mən dedim aktyorlarla bağlı bir məqamı qeyd edəcəm, amma ikinciyə də ehtiyac hiss elədim. Azər Paşa müəllimin hər məşqi aktyor üçün həm də intellektual treninqdir. Hər dəfə hansısa səhnənin məşqi bitəndən sonra rejissor hər bir aktyorla fərdi söhbət aparır, onun indicə oynadığı səhnədə, bu rolda nə hiss etdiyini, hərəkəti, mizanı və ya replikanı necə başa düşdüyünü soruşur, istədiyi cavabı almayınca inad eləyir, sorğu-sualı davam etdirir. Əslində, onun hər bir məşqi bir dərsdir, məktəbdir. Bu dərsdə ilk baxışda qəribəlik, mətləbə dəxli olmayan söhbətlər, qızğın mübahisə yarada biləcək bir-birinə zidd fikirlər, hətta paradokslar da ola bilər, amma bu ilk təəssüratdır, özü də aldadıcıdır. Bunun belə olduğunu aktyorun sonrakı oyunu, səhnədəki məntiqli və inandırıcı davranışı, tamaşanın tədricən formalaşması sübut edir.
Azər Paşa Nemətov onuncu dəfədən də onu başa düşməyən, bəlkə də başa düşmək istəməyən aktyorla çox sərt, bəzən qəddarcasına davranır, məşqdən-məşqə onu davamlı şəkildə əzir, mum kimi yumşaldır və ən nəhayət, yumşalmış mumdan istədiyini yapır. Şübhəsizdir ki, bundan hər iki tərəf, ən əsası da tamaşa, son nəticədə teatr udur.
Rejissor ilkin material üzərində aparılan redaktə işlərindən sonra məşqə buraxdığı dramaturji materiala, ayrı-ayrı sözlərə, replikalara, dialoqlara, bir sözlə, müəllif mətninə çox ehtiyatla, hörmət və sayğı ilə yanaşır, hətta mətndə bircə sözü dəyişmək, yaxud ixtisar etmək istəyirsə, bunu mütləq müəlliflə məsləhətləşir, həmin ixtisarı və ya dəyişikliyi müəllifin ixtiyarına buraxır. “Şah Qacar”ın, “Almaz”ın, elə “Ah, bu uzun sevda yolu”nun da məşq prosesində hansısa monoloq qısaldılıb, dəqiqləşdirilib, bəzən cümlələrin yeri dəyişdirilib, aktyorun tələffüz imkanına, hətta fakturasına uyğunlaşdırılıb. Bu cür məşq prosesi, orda müəllif kimi iştirakım, kifayət qədər dramaturji təcrübəmin olmasına baxmayaraq, mənim özüm üçün də çox maraqlı, faydalı bir treninqə çevrilirdi.
Rejissor kimi Azər Paşa müəllimin ən güclü tərəflərindən biri işıqla işləmək bacarığıdır. Rejissorun tamaşalarında (mənə daha yaxın olduğuna görə adlarını çəkdiyim üç tamaşanı nəzərdə tuturam) işıq personajların özü kimi diridir, danışandır. İşıq tamaşaçını indi və ya birazdan baş verəcək hadisəyə hazırlayır. İşığın qurulması və dilə gəlib danışması üçün rejissor saatlarla, günlərlə işıq rəssamı ilə işləyir.
Azər Paşa müəllimin tamaşalarında ən ciddi komponentlərdən biri də musiqidir. Yaxşı musiqi təhsili, incə zövqü, müasir musiqi duyumu olan rejissor bəstəkardan nə istədiyini dəqiq bilir, dəqiq də izah edir və istədiyini maksimum dərəcədə ala bilir. Rejissorun yaradıcılığında maraqlı bir detal da musiqi ilə işığın səhnədə bir-birini tamamlamasıdır.
Azər Paşa Nemətov peşəsini yüksək səviyyədə bilən, onu ali mərtəbəyə qaldırmağı bacaran və öz qiymətini hamıdan yaxşı bilən sənətkardır. Dəfələrlə şahidi olmuşam: səhnədə işıqlar onun istədiyi kimi qurulur, dekorlarla işıq üzvi surətdə bir-birini tamamlayır, musiqi bu misilsiz mənzərəyə nəfəs verir. Rejissor yaratdığı kompozisiyaya fəxrlə, hətta heyranlıqla baxıb vəcdə gəlir, gözlərində yaş parlayır. Bu göz yaşları sənətə böyük məhəbbətdən qaynaqlanır.
Bəli, bütün işlər görülüb başa çatır, tamaşa premyeraya tam hazırdır. Tamaşa salonunu titrədən sürəkli alqışlar da uğurlu premyeradan xəbər verir. Deməli, daha bir iş bitir, indi yeni bir əsərə səhnə həyatı vermək növbəsi gəlir. Yox, belə deyil, nə qədər ki hazırladığı tamaşa səhnədədir, Azər Paşa müəllimin gözü onun üstündədir. O, həyata gətirdiyi övladının sonrakı taleyinə biganə qalmır, onu özgələrin ümidinə buraxmır, çünki hazırladığı hər bir tamaşanı azalmayan məhəbbətlə sevir, onun bütün nümayişlərini zaldan izləyir, özü də ayaq üstündə, həyəcanla! Odur ki, Azər Paşa müəllimin tamaşaları heç vaxt köhnəlmir, laxlamır, istər premyera olsun, istər də əllinci tamaşa. Və ən vacibi, Azər Paşa müəllim hər tamaşanın sonunda aktyorlarla, müəlliflə bərabər “paklona” çıxır, bu hərəkəti ilə hər bir tamaşanı sözün həqiqi mənasında premyeraya çevirir, hesab edir ki, teatr tamaşaya gələn hər kəsə premyera ovqatı bəxş etməlidir. Çox haqlı və ədalətli yanaşmadır. Teatrı sevmək və sevdirməyin bir yolu da budur.
Söz yoxdur ki, Azər Paşa Nemətov Azərbaycan teatr tarixinə adını çoxdan yazmış böyük sənətkardır və çoxdandır onun xüsusi təriflərə ehtiyacı yoxdur. Mənim bu yazı vasitəsi ilə dediklərim də tərif deyil, sadəcə 75 yaşın astanasında olan ustad rejissorun unikal şəxsiyyətinin, parlaq zəkasının, yüksək peşəkarlığının mənim üçün ən əlamətdar olan məqamlarının bir daha yada salınmasıdır. Bu qədər sadə.