Akademik Milli Dram Teatrında “Zəfər yolu” adlı tamaşanın möhtəşəm və təntənəli nümayişi oldu. Əsərin və tamaşanın müəllifi və quruluşçu rejissoru, Xalq artisti, professor Azər Paşa Nemətov, quruluşçu rəssamları Azər Paşa Nemətov və İlham Elxanoğlu (Əməkdar mədəniyyət işçisi), bəstəkarı Siyavuş Kərimi (Xalq artisti, professor), rejissoru Emil Əskərovdur.

Əsər adından göründüyü kimi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı tarixi Zəfərə həsr olunub.

Əsərin janrını müəllif qəhrəmanlıq dramı adlandırıb. Tamaşa teatrın foyesində başlayır. Və bu başlanğıc öz qeyri-adililiyi ilə seçilir. Aktyorlar tamaşaçılara qarışıb, tamaşanın başlanmasını gözləyirlər. Foyedə birdən-birə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev cənablarının cəbhə bölgəsində baş verənlər haqqında məlumatı səsləndirilir. Aktyorlar tamaşaçılarla zala daxil olub,”Bizə silah verin!”, “Bizi orduya yazın!” çığırtıları ilə səhnəyə tərəf hərəkər edirlər.

Yaxın keçmişdə baş verənlər gözümüz qarşısında canlanır. Tamaşanın başlanğıc nöqtəsi ilə dramatik hadisələrin sürətli inkişafına təkan verilir. Dramatik gərginliklə başlayan tamaşa bir-birini əvəzləyən səhnələrdə təqdim olunan hadisələrlə davam və inkişaf etdirilir. Əsərin baş qəhrəmanı ölkə rəhbərinin arxalandığı xalq və bu xalqın güvənc yeri olan yenilməz və qəhrəman Azərbaycan Ordusudur. Cəbhə bölgəsində baş verən hadisələrə görə Prezidentin xalqa  müraciəti saysız-hesabsız gənclərin könüllü surətdə orduya yazılması, vətən uğrunda ölüm-dirim savaşına qatılması  və doğma torpaqların 30 illik işğaldan azad olunması ilə nəticələnir.

“Zəfər yolu” əsərində dramatik hadisələrin düzüm mexanikası və iç-içə inkişafı  maraqlı və cəlbedicidir.  Əsər yazı manerasına görə müəyyən qədər,  son dövrlərdə bir çox ölkələrdə geniş yayılmış soundrama janrına da bənzəyir. Bu janrda yazılmış əsərlərdə dramatik mətn minimuma endirilib, səs, hərəkət və hadisələrin iç-içə inkişafı maksumuma yüksəldilir. Ölkə başçısının müraciəti ilə Azərbaycan xalqı vahid bir qüvvəyə çevrilir. Hər bir ailə, yaşından, ictimai mənşəyindən asılı olmayaraq işğalda olan torpaqlar uğrunda mübarizəyə qalxır. Hər kəs azadlıq mübarizəsinə öz töhfəsini verməyə  can atır.

Əsərin müəllifi Azər Pasa Nemətov ölkədə baş verən milli azadlıq hərəkatını  4 ailənin timsalında  təqdim edir. Azərbaycanın hər bir evində, hər bir ailəsində, hətta azsaylı xalqların ailələrində belə hər kəs vahid amal uğrunda mübarizəyə qalxır. Dramın süjet xətti  kimi onun qəhrəmanlarının həyatı da gərgin dramatizmi ifadə edir. Tamaşanın 30-a yaxın iştirakçısı vahid bir istək və amal uğrunda mübarizə aparır. Dramın mahiyyətində gərgin insan istəklərinin qarşıdurması dayanır. Tamaşaçı səbirsizliklə səhnədə baş verən hadisələri izləyir və yaxın keçmiş göz önündə canlanır.

Tamaşaçıya təqdim olunan birinci ailə – Turan kişi (Nurəddin Mehdixanlı, Xalq artisti), Səkinə xala (Hicran Nəsirova, Əməkdar artist), onların oğlanları Azər Oru-cov (Elçin Əfəndi), nəvələri Arzu (Aylin Həşimova), qonşuları Şakir kişi (Elxan Quliyev, Əməkdar artist), ikinci ailə – Vaqif kişi (Əli Nur, Xalq artisti), Fatma xala (Mətanət Atakişiyeva, Əməkdar artist), onların oğulları Cəbrayıl Məmmədov (Elnar Qarayev, Əməkdar artist), qızları Aygün (Xədicə Novruzlu),  gəlinləri (Rada Nəsibova), qonşuları Əhməd kişi  (Mirzə Ağabəyli, Əməkdar artist) üçüncü ailə – Leyla (İlahə Həsənova) və Zəfər Təhməzov (Anar Heybətov, Əməkdar artist),  dördüncü ailə – Murad Əliyev (İlyas Əhmədov ) və onun anası Mehriban -Afət Məmmədova) əslində dörd Azərbaycan ailəsini deyil on, yüz, min və milyonlarla ailəni təmsil edirlər.  Sənətşünas Yuri Borev “Estetika” əsərində yazır ki, bədii obraz -ümuminin fərdidə ifadə olunması deməkdir, bir çox hadisələr üçün əsaslı olan cəhətlərin fərd vasitəsilə və fərddə konkret hissi formada aşkara çıxarılması deməkdir (səh. 148). Tamaşanın bədii obrazı ümuminin fərdidə ifadə olunması kimi anlaşılmalıdır.

Tamaşada xalqı təmsil edən insanlarla bərabər hərbi qüvvələri təmsil edən qüvvələr də dramatik hadisələrin gərgin inkişafında iştirak edirlər. Səhnə əsərində – Ayşad Məmmədov (Əməkdar artist və Mətləb Abdullayev, Əməkdar artist), Komandir – Elşən Rüstəmov (Əməkdar artist), Həsən kişi – Rüstəm Rüstəmov, Ertəkin Quliyev – Elsevər Rəhimov, Dmitri Solntsev-Rəşad Bəxtiyarov (Əməkdar  artist), David Eduardoviç  Sadiyev – Corc Qafarov, Qaçay Əlizadə -Tural  İbrahimov, Orxan Hacıyev – Ramin Şıxəliyev, Şamil Şəfiyev – Elnur Qədirov, Tural Hacıyev – Cümşüd Zeynalov, Vüsal  Əsgərov -Cavidan Novruzov, Mübariz Mədətov – Vüsal Mustafayev hərbi qüvvələri təmsil edirlər.

Müəllif tamaşada hər iki qüvvənin ayrılmaz vəhdətini nümayiş etdirir. Tamaşada vaxtaşırı və yerində videogörüntülərdən istifadə olunur: videotəsvirlər səhnənin  davamı və ya əksinə səhnə video görüntülərin davamı kimi sıralanır. Ali Baş Komandann video çıxışlarından, səfərbərlik, bir neşə şəhərin raket atəşinə tutulması və sair görüntülər səhnə önü və sənnə davamı kimi təqdim olunur.  Hadisələrin ardıcıllığı nəticəsində video görüntülər də dramatik hadisə kimi başa düşülür.

Finalda Şuşanın, bu qədim şəhərin işğaldan azad olunması  səhnələri, əsgərlərin xüsusi dəzgahla qaldırılması, sıldırım qayalara dırmanması və sair, baxımlı, inandı-rıcı və təsirlidir. Tamaşada həm kino, həm də kütləvi tamaşa prinsiplərindən yerin-də və düzgün istifadə edilib. Səhnələr qısa və lakonikdir, amma bu qısa səhnələrin mahiyyəti, hadisələrin təsir gücü böyükdür. Hər bir səhnədə baş verən hadisə özündən əvvəlkini davam və inkişaf etdirir. Tamaşada səhnələrin və video görün-tülərin vahid hərəkət strukturu var. Hər bir səhnədə konkret dramatik konflikt nəzərə çarpır.

Tamaşanın müəllifi Azər Paşa Nemətov səhnələr və video görüntülərdə vahid kompozisiya  çərçivəsində dramatik hadisələrin canlı, ifadəli və obrazlı əyaniliyinə nail ola bilir. Aktyor heyəti maraqlı, baxımlı və təsirli ifaları ilə diqqət çəkirlər. Hər bir ailənin hər bir üzvü, o cümlədən, hərbi heyət dəqiq mizan-hərəkət toplusu nümayiş etdirirlər. Hər bir obraz, xüsusən hərbi qüvvələri təmsil edən aktyorlar sərrast, canlı və inandırıcı ifaları ilə yadda qalırlar. Bu, söz yox ki, hərbi heyəti təmsil edən personajlarla təlim keçmiş Mülki Müdafiə Qoşunlarının baş zabiti, mayor Şahlar Həsənovun  xidmətidir. Bunun nəticəsidir ki, əsgər və zabit heyətinin üzvlərini ifa edən aktyorlar baxımlı oyun nümayiş etdirirlər.

Tamaşada dramatik hadisələrin inkişafı boyunca obrazların xarakterik cizgiləri üzə çıxır. Tamaşada ənənəvi qaydalara uyğun baş qəhrəman, mənfi və ya müsbət surət yoxdur. Tamaşada baş qəhrəman  Azərbaycan xalqı  və bu xalqın güvəndiyi milli ordudur. Lakin bu qəhrəman xalqa, bu yenilməz orduya rəhbərlik edən ölkə rəhbəri  İlham Əliyev cənablarıdır. Ölkə rəhbərinin, müzəffər Ali Baş komandanın daxil və xarici siyasəti 30 illik işğala son qoydu. Söz yox ki, müharibə şəhidsiz və qazisiz ola bilməz. 3 minə yaxın çavanlarımız Vətən uğrunda gedən müharibədə şəhid oldu. Minlərlə əsgərimiz qazi oldu. Nə etməli, müharibə müharibədir. Bizi sevindirən odur ki, Ölkə rəhbərinin apardığı düzgün daxili və xarici siyasət nəticə-sində doğma torpaqlar mənfur düşməndən azad edildi. İşğalda olan Vətən torpaqları əsil sahiblərinə qaytarıldı. Belimiz dikəldi, üzümüzdən qəm çəkildi, indi biz hamının gözünə utanmadan dik baxa bilərik. Biz hamılıqla bu yolu keşmişik. Bu yolun isə  bircə adı var: Zəfər yolu.

Xəzər Gəncəli
Rejissor, sənətşünaslıq elmləri namizədi

Please follow and like us: