Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri
Akademik Milli Dram Teatrında pandemiyadan sonra Eduardo de Fuilipponun “Filunena Marturano” tamaşası nümayiş olundu. Bu əsər pandemiyaya qədər tamamlanmaq üzrə idi. Pandemiya işlərə fasilə verdi. Pandemiyadan sonra yaradıcılıq işləri davam etdirildi və qısa bir müddətdə tamaşa hazır oldu. Maraqlı, baxımlı və cəlbedici tamaşa sənətsevərləri biganə qoymadı. Tamaşaçılar tamaşaya maraqla baxırlar. Hər bir tamaşa haqqında fikirlər müxtəlif ola bilər və bu normaldır. Lakin bütün hallarda son söz tamaşaçınındır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovdur. Tamaşanın quruluşçu rəssamı İlham Əsgərov, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatı Kamil İsmayılovdur.
N.Kazımov bu əsərə qədər həm Azərbaycan Dövlət Gənc Tamaşaçılar, həm də Akademik Milli Dram Teatrında bir neçə əsərə maraqlı quruluşlar verib. Adı çəkilən tamaşa da istisna deyil. Haşiyə çıxıb deməliyəm ki, mən bu tamaşanın internetdə neçə-neçə müxtəlf versiyasını izləmişəm. Bu nümunələrdən xoşuma gələni, zövqümü oxşayanı da olub, olmayanı da. Nə etməli, sənətdə belə işlər olur. Rusiyanın neçə-neçə teatrları bu əsərə pandemiyadan əvvəl müraciət ediblər. Bu gün də müraciət edirlər. Əsər yazıldığı dövrdən bu günə qədər aktuallığını itirməyib.
Əsərin yaddaşlarda qalan neçə-neçə parlaq səhnə versiyaları və kino nümunəsi var. Dünya kino ulduzu Sofi Lorenin Filumena Marturano, Marçello Mastroyaninin Dominiko Soriano obrazları yaddaşlardan silinmir. Dünyanın kino şedevri sayılan filmə bu gün də maraqla baxılır. Amma təbii ki, bütün bunlara baxmayaraq, sənət adamları özlərində cəsarət tapıb, müasir dövrdə bu məşhur nümunəyə müraciət edirlər. Dövr dəyişir, nəsillər bir-birini əvəz edir. Klassik nümunənin yeni versiyasını səhnədə nümayiş etdirib, həm əsəri, həm də rejissor və aktyorların yaradıcılıq imkanlarını tamaşaçılara nümayiş etdirmək lazımdır. Vaxtı ilə bu əsərin dünya miqyasında məşhur nümunəsi olub deməklə, heç nəyə nail ola bilmərik. Məgər Şekspir əsərlərinin dünya miqyasında neçə-neçə yüksək səviyyəli tamaşa və film nümunələri var deyə, bir daha ona müraciət edilməməlidir. Əlbəttə yox, Şekspir yaradıcılığına müraciət olub və həmişə də olacaq.
Onu da qeyd etməliyik ki, Eduardo de Filippo heç bir əsərində “Filumena Marturano” əsərində olduğu kimi psixoloji baxımdan hərtərəfli dolğun və parlaq obrazlar qalereyası yaratmağa nail olmayıb. Əsər sanki yüksək peşəkar səviyyədə işlənmiş hər bir rəngi və cizgisi yerində olan rəngarəng rəssam tablosunu xatırladır. Təsvir olunmuş obrazlar xarakter baxımından bir-birindən maraqlı, baxımlı və cəzbedicidirlər. Amma daha kaloritli və canlı söz yox ki, Filumena Marturano və Dominiko Sariano obrazlarıdır. Əsər az qala həyatda olduğu kimi adi bir hadisənin təqdimi ilə başlayıb, hadisələrin qeyri-adi təqdimi ilə sona çatır. Zəngin Dominiko Sariano özündən xeyli cavan bir qızla evlənmək istədiyini elan edir. Bu xəbər 25 il qulluq ona edib, həyatını ona fəda edən Filumena Marturanonu özündən çıxarır və əvəz çıxmağa vadar edir. Hadisələr sürətlə bir-birini əvəz edir və ən böyük gizlinlər üzə çıxır.
Tamaşada Filumena Marturano obrazını Xalq artisti Bəsti Cəfərova, Dominiko Soriano obrazını Xalq artisti Ramiz Novruz ifa edir. Digər obrazlar teatrın orta və gənc aktyor heyətinin təqdimatındadır. Yaradıcı heyətin zəhmətini qiymətləndirməmək düzgün olmaz. Ramin Şıxəliyevlə Cümşüd Zeynalovun Alfredo Amorozo, İlahə Həsənova ilə Fəridə Şahbazovanın Diana, Firuzə Balayevanın Luçiya, Elnur Qədirovun Umberto, Corc Qafarovun Rikardo, Vüsal Mustafayevin Mikele, Cavidan Novruzla Elsevər Rəhimovun Noçella, Sevinc Əliyevanın Terezina və Xədicə Novruzlunun Ofisiant obrazları baxımlı və cəlbedicidir. İki hissədən ibarət olan tamaşa rəngarəng və zəngin tərtibatı, zövq oxşayan musiqi seçimi, müəllif ideyasına uyğun tapılmış mizan-hərəkət toplusu və əlbət ki, ilk gəlişdən tamaşaçı diqqətini cəlb edən aktyor ifaları ilə diqqəti cəlb edir. Hər bir tamaşanı bəyənən tamaşaçılar olduğu kimi, bəyənməyənlər də olur və bu təbiidir. İnsanlar müxtəlif olduğu kimi zövqlər də müxtəlifdir. Tamaşaya tamaşaçı marağı böyükdür və əsas olan da budur.
Hazırda teatrda 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş “Zəfər yolu” tamaşası üzərində gərgin məşqlər gedir. Ümidvarıq ki, tarixi qələbəmizə ərmağan olaraq hazırlanacaq “Zəfər yolu” tamaşası möhtəşəmliyi və fərqli quruluşu ilə tamaşaçılarımızı sevindirəcək. Akademik Milli Dram Teatrı ölkə teatrları arasında ilk dəfə olaraq tarixi qələbəmizə həsr olunmuş “Zəfər yolu” tamaşasını səhnəyə gətirir. Tamaşanın müəllifi və quruluşçu rejissoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənova, rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı, Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nurzadə, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Mətləb Abdullayev, Rəşad Bəxtiyarov, Elşən Rüstəmov çıxış edirlər. Tamaşada Ayşad Məmmədov, aktyorlar Elçin Əfəndi, İlahə Həsənova, İlyas Əhmədov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Rada Nəsibova, Vüsal Mustafayev, Xədicə Novruzlu, Cavidan Novruz, Afət Məmmədova, Aylin Haşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov da rol alıb.
Teatr Azərbaycanın 44 günlük Vətən müharibəsində misilsiz tarixi qələbəmizlə 30 illik işğala son qoymasına həsr olunmuş, vətənpərvərlik ruhu aşılayan bu tamaşanın premyerasını 28 May Müstəqillik günündə nümayişini planlaşdırıb.
Bundan əlavə, teatrda paralel olaraq daha bir neçə tamaşanın məşqləri gedir. Vaxtaşırı bu barədə də sənətsevərlərə məlumat veriləcək.