Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının dəstəyi və iştirakı ilə 1-5 oktyabr tarixlərində V Şəki Beynəlxalq Teatr Festivalı keçirilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tərəfindən festivalın qonaq teatrlarına-Qazaxıstan Respublikası Nartay Bekejanov adına Kızılorda Vilayəti Qazax Akademik Musiqili Dram Teatrı, Özbəkistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrı, İran İslam Respublikası Ərdəbil Moqan Honar teatrlarının yaradıcı heyətinə “Qızıl Pərdə” mükafatı təqdim edilib. İlham Əsgərov çıxış edərək V Şəki Beynəlxalq Teatr Festivalının əhəmiyyətindən danışıb, festivalın Azərbaycan teatr sənətinin inkişafında oynadığı mühüm rolu qeyd edib.

Qeyd edək ki, V Şəki Beynəlxalq Teatr Festivalının sonuncu günü – oktyabrın 5-də Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Özbəkistan Respublikasının Əməkdar artisti Malika İskandarova, rəssamı Yevgeniya Biserovadır. Rolları Bahodir Əhmədov, Naufal Süleymanov, Əsgər Hikmətov, Fayzulla Əsgərov, Bəxtiyar Turgunov ifa ediblər. Özbək xalqının adət-ənənələri şıltaqlıq, yumor və coşqu ilə nümayiş etdirilən tamaşa böyük maraq və alqışlarla qarşılanıb.

 

 

Please follow and like us: