Koronovirus epidemiyası ilə mübarizədə dünyanın ən böyük dövlətləri aciz vəziyyətə düşüblər. Məsələn, hər gün İtaliyada, Amerikada, İspaniyada bu virusa yoluxanların, həyatını itirənlərin sayını mətbuatdan oxuyanda istər-istəməz öz ölkəmizlə müqayisə aparırıq. Doğrudan da Azərbaycan dövləti cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında çox vaxtında, məqamında vacib qabaqlayıcı tədbirlər gördü. Əlbəttə, bütün bunlar göstərir ki, Azərbaycan dövləti üçün vətəndaşın sağlamlığı hər şeydən vacibdir”. 

Bunu “525-ci qəzet”ə açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov deyib. Xalq artisti bildirib ki, sosial təcrid siyasətinin tədricən, mərhələ ilə həyata keçirilməsi də düşünülmüş və virusun yayılması səviyyəsinə adekvat addım idi:

“Əvvəlcə universitetlər, məktəblər və bağçalar bağlandı. Daha sonra növbə ilə digər sahələrdə işlər dayandırıldı. Hazırda xüsusi karantin rejimi qüvvədədir. Hər birimizin borcudur ki, dövlətin qəbul etdiyi qərarlara əməl edək. Çünki bu, sağlamlığımız, xoşbəxt gələcəyimiz deməkdir. Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva vətəndaşlara bir neçə dəfə çağırış ediblər. Mən həmin çağırışları oxuyanda bir daha əmin oldum ki, doğrudan da Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır. Görün, ölkəmizin rəhbərliyi hər birimiz üçün nə qədər narahatlıq hissi keçirir. Əlbəttə, bu, sevginin, qayğının, mərhəmətin böyük nümunəsidir. Təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin, dövlət xalq, xalq-dövlət birliyi və həmrəyliyinin böyük nümunəsi məhz budur. Koronovirusla bağlı həyata keçirilən tədbirlər, atılan addımlar da bunun bariz göstəricisidir. Ümumiyyətlə,  mütləq qeyd etməliyəm ki, Azərbaycan dövləti təkcə son zamanlar yaşadığımız bu çətin günlərdə yox, bütün dövrlərdə öz siyasətini insan amili üzərində qurub. Hər şey məhz insan amilindən başlayır. Hər şey xalq üçündür. Hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür. Dövlətimiz ömrünü sənətə, teatra həsr edən insanlara münasibətdə də eyni qayğıkeşliyi göstərib və göstərir”.

Azər Paşa Nemətov daha sonra koronovirus pandemiyası ilə mübarizə istiqamətində atılan addımlara görə sosial vəziyyətlərində çətinlik yaranan insanlara dövlətin dəstəyinə də toxunub. O, qeyd edib ki, ölkə başçısının bu işlərin həyata keçirilməsi üçün ayırdığı 2,5 milyard manat aztəminatlı ailələrə, sahibkarlara çox böyük kömək olacaq:

“Biz hər zaman şahidi olmuşuq ki, bütün çətin vəziyyətlərdə dövlət öz vətəndaşının yanında olub. Bu təbii fəlakətlər vaxtı da belə olub, yanğın hadisələri zamanı da. Göründüyü kimi sağlamlıq, sosial rifahla bilavasitə bağlı olan həssas məqamda da dövlət öz vətəndaşının ümidi və dayağı oldu, onu darda qoymadı. Ümumiyyətlə, bizim ölkəmizdə sözün böyük mənasında qarışılıqlı vətəndaş-dövlət etimadı var. Biz  Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq. Məsələn, fonda bir milyon manat ianə edən dövlət qurumu da oldu, 1 manat ianə edən vətəndaş da. Son oxuduğum məlumata görə, ümumilikdə 110 milyon manat vəsait toplanıb. İnsanın və dövlətin qarışılıqlı həmrəyliyi, şəfqəti, mərhəməti bu cür olur. Bu ali insani hisslərdən hər kəsə pay düşür. Bildiyiniz kimi dövlətin imkansız insanlara aprel-may ayları üçün ayırdığı 190 manat vəsaitin ödənilməsinə artıq başlanılıb. İnanıram ki, bu vəsait aztəminatlı ailələrin problemlərinə kömək olacaq. Dövlətin sosial sahədə imza atdığı böyük işlərə kölgə salmaq istəyənlər isə hər zaman olub. O insanlar heç vaxt məqasədlərinə nail ola bilməyiblər. Çünki onlara ən layiqli cavabı dövlət vətəndaş rifahına hesablanan siyasəti, xalq isə öz müdrik prezidentinə tükənməyən həmrəyliyi ilə verib”.

Please follow and like us: