Oktyabrın 20-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” povestinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza) çıxış edir.
Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.
Səhnə əsərinin quruluşçu rəssamı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski öz faciəsini dərk eləyə-eləyə, bu faciəni bir ağrı kimi daşıyaraq yaşayır. Nə sənətdə, nə də ailədə yeri olmayan bir insan faciəsi… Gücsüz, əlacsız, amma saf və xoş bir insan faciəsi. Teatrda, sənətdə istedadsız və faydasız olsa belə, Kəbirlinski insandır. Yaşamaq istəyən kiçik insan. Kəbirlinski cəmiyyətin dəyişə bilmədiyi, qəlibə sala bilmədiyi insandır. Və ən əsası kütlənin gülmək istədiyi qəhrəmandır. Çünki Kəbirlinski istedadsız, lakin sənəti, səhnəni böyük məhəbbətlə sevən bir aktyor obrazıdır. Sadəlövh, təmiz və “bu dünyanın adamı olmayan” Kəbirlinski hər dəfə özünü təsdiq etməyə vadar olan, əvəzində daha da acınacaqlı, bizim üçün isə gülməli vəziyyətə düşən yaşlı insandır.
Tamaşa bu kiçik, istedadsız aktyor-insanın faciəsindən, “gülməli” aqibətindən bəhs edir.