Yeni il şənliyi uğurla başa çatıb

 

Yeni il bayramı günlərində Akademik Milli Dram Teatrında azyaşlı tamaşaçılar üçün “Məlikməmməd” adlı uşaq tamaşası və şənlik təqdim olunub.

Eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır.

Tamaşada Əməkdar artistlər Mehriban Xanlarova və Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Şəhla İsmayılova, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova, Tural İbrahimov, Məhsəti Tahirzadə iştirak ediblər.

Tamaşanın qəhrəmanı – şahın kiçik oğlu Məlikməmməd öz atasını cavanlaşdırmaq üçün bir çox çətinliklərdən keçir. O, şər qüvvə olan ağ divə qalib gəlir, sehrli almanı atasının hüzuruna gətirir. Bunun əvəzində şah öz oğlu Məlikməmmədə padşahlığı hədiyyə etmək istəyir. Lakin qəhrəman başqa məmləkətlərdə, qaranlıq dünyalarda olan insanları divlərdən xilas etmək üçün təhlükəli səfərə yollanır.

Yeni il şənliyi yanvarın 5-dək davam edib. Səhnə əsəri müvafiq olaraq 11:00, 13:00, 15:00, 17:00-da oynanılıb.