Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Türkiyə Dövlət Teatrlarının baş müdiri Mustafa Kurtla görüşüb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, qonağı rəhbərlik etdiyi teatrda görməkdən məmnun olduğunu deyən Azər Paşa Nemətov mədəniyyət sahəsində, teatr sənəti istiqamətində iki qardaş ölkə arasında olan səmərəli əməkdaşlıqdan danışıb, münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd olunub ki, təşkil olunan müxtəlif festivallar, master-klass və seminarlar səhnə fəaliyyəti ilə məşğul olan teatr xadimlərinin peşəkarlığının artmasına xidmət edir.

Görüşdə həmçinin qeyd olunub ki, Akademik Milli Dram Teatrı 5-9 may tarixlərində Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında V.Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edib və səhnə əsəri böyük uğurla təqdim olunub. Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirib.

Türkiyə dövlət teatrlarının baş müdiri Mustafa Kurt səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, Akademik Milli Dram Teatrının yaradıcı və texniki imkanlarını yüksək qiymətləndirib. Qonaq qeyd edib ki, Türkiyə dövlət teatrları Akademik Milli Dram Teatrının Türkiyənin müxtəlif şəhərlərinə qastrol səfərinə, eyni zamanda beynəlxalq festivallarda iştirakında maraqlıdır. Bu, əməkdaşlığın gələcək perspektivləri, yaradıcı əlaqələrin güclənməsi üçün müsbət zəmin hazırlayacaq.

Mustafa Kurt teatrın səhnəsində nümayiş olunan “Ah, bu uzun sevda yolu” tamaşasına baxıb.

Please follow and like us: