Mədəniyyət Nazirliyindən Qurban bayramı təbriki

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müqəddəs Qurban bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.

Təbrikdə İslam dünyasının mübarək bayramlarından olan Qurban mərasiminin əhəmiyyəti vurğulanır, yüzilliklərdən bəri yaşadılan bu qiymətli ənənənin insanların birliyinə, bərabərliyinə xidmət etdiyi diqqətə çatdırılır. Bildirilir ki, Qurban bayramı dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsətdir. Bu ayinin fitrətində Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı dayanır. Qurban mərasimi insanın mənəvi dünyasında işıq, mərhəmət yaradır, onu Yaradana yaxınlaşdırır. Bu təkcə Allaha bağlılıq deyil, həm də insanların bir-birinə rəğbəti, ülfəti, dəstəyi və qayğısıdır. Qurban bayramının əsrlərdir eyni coşqu və sevgi ilə qeyd olunmasının səbəbi məhz bu mütərəqqi anlayışları özündə birləşdirməsidir.

Müsəlman aləminin ayrılmaz bir hissəsi olan Azərbaycanda həmişə mütərəqqi mənəvi dəyərlərin qorunması və təbliğinə həssaslıqla yanaşılmışdır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Qurban və Ramazan bayramları ümumxalq bayramları sırasına daxil olaraq dövlət səviyyəsində qeyd edilir.

Müstəqil Azərbaycanda dini dəyərlərə, xalqımızın yüzilliklərlə yaşatdığı inanc irsinə yüksək ehtiramın göstərilməsində, qədim ibadət məkanlarının bərpası və ziyarətçilərin üzünə açılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. Ulu öndər bu müqəddəs bayramı yüksək qiymətləndirərək demişdir: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.

Milli-mənəvi dəyərlərimizin hamisi kimi Ulu öndərin bu siyasəti, İslam irsinə diqqət və qayğısı hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın mədəni-mənəvi mirasının qorunması və təbliği istiqamətində ölkəmizdə və xaricdə irimiqyaslı layihələr həyata keçirilir. Respublikamızda sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verən Fond aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, hər il bir sıra əlamətdar günlər, o cümlədən Ramazan və Qurban bayramları münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.

Ölkə rəhbərliyinin qayğısı və Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtda və bölgələrdə dini ziyarətgahlar, ibadət yerləri təmir-bərpa olunur. 743-cü ildə Şamaxıda inşa olunan Cümə məscidi İslam aləmində ilk ibadətgahlardan hesab edilir. Prezident İlham Əliyevin iştirakı ilə bərpa və yenidənqurmadan sonra 2013-cü ildə istifadəyə verilən Şamaxı məscidi tarixdən bu günümüzə xalqımızın və dövlətimizin İslam dəyərlərinə verdiyi önəmin bariz nümunəsidir.

“İnsanın Yaradana inam və sədaqətini ehtiva edən Qurban ayini bizləri xeyirxah amallara çağırır, mənəvi rahatlığımıza vəsilə olur. İnsanlar Tanrının sonsuz qüdrət və mərhəmətinə şükür edir, qurbanlar kəsərək imkansızlarla bölüşürlər. Ölkəmizdə digər dinlərin nümayəndələri də bu mübarək bayramın fəzilətlərindən yararlanır, birlik və bərabərlik nümayiş etdirirlər”, – deyə təbrikdə vurğulanır.

Təbrikin sonunda Mədəniyyət Nazirliyinin kollektivi müqəddəs Qurban bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətinə möhkəm cansağlığı, yeni firavan günlər və uğurlar arzulayıb.