Azərbaycan teatrlarında tamaşaya qoyulan bir çox sənət əsərlərində də azərbaycançılığın təməl prinsipləri öz əksini tapıb
Müasir müstəqil Azərbaycanın dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. O cümlədən Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir.
Azərbaycançılıq ideologiyasından danışarkən xüsusi olaraq vurğulamaq yerinə düşər ki, hələ SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi reallıqları və sovet ideologiyasının hakim olduğu dövrdə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunurdu. Müxtəlif ölkələrlə mədəni əlaqələrin güclənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin (“Vətən” cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlardan idi. Məhz Ümummilli Liderimizin diqqəti və dəstəyi sayəsində o dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəldi.
Ulu Öndərin azərbaycançılıq ideologiyasının inkişafı, dünya azərbaycanlılarının Vətənimizlə bağlarının qurulması istiqamətindəki fəaliyyətindən danışarkən onu da qeyd etmək vacibdir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi məhz Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir. Belə ki, 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etdi, bu hadisə Azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olundu.
Eyni zamanda, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ulu Öndər azərbaycançılığın dünyadakı bütün azərbaycanlıların vahid ideologiyası halına gəlməsi üçün mühüm addımlar atıldı. Əksər ekspertlərin vurğuladıqları kimi, Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Beləliklə, azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları səfərbər edərək dünyaya səpələnmiş azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası milli həmrəyliyin və birliyin ideoloji əsası oldu. Eyni zamanda azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün, həmçinin dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atıldı.
Heç şübhəsiz, azərbaycançılıq ideologiyasının inkişafı mədəniyyət və incəsənət sahəsinə də öz müsbət təsirini göstərib. Belə ki, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi birinci dövrdə olduğu kimi, 1993-cü ilin iyunundan sonra da Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəldi. Gücünü azərbaycançılıq ideologiyasından alan bu sənət əsərləri ilə bağlı gələcək yazılarımızda da mütəmadi olaraq məlumat verəcəyik. Bu yazımızda isə teatr tamaşalarında azərbaycançılıq ideologiyasının necə əks olunduğuna aydınlıq gətiməyə çalışacayıq.
Beləliklə, Azərbaycan teatrlarında tamaşaya qoyulan bir çox sənət əsərlərində də azərbaycançılıq özünü olduqca qabarıq şəkildə büruzə verir. Məsələ ilə bağlı fikirlərini bölüşən Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov qəzetimizə açıqlamasında bildirib ki, bütün zamanlarda mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin, incəsənətimizin, ictimai fikrimizin içində böyük bir azərbaycançılıq ideologiyası yaşayıb: “Ümummilli Lider Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycan incəsənətinin, o cümlədən Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəmədi. Onun ölməz ideyaları bu gün də yaşayır, bu gün də bizim yol göstərənimizdir. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev bütün sahələrə, o cümlədən mədəniyyət sahəsinə çox böyük qayğı və diqqətlə yanaşıb. O, Azərbaycan teatr xadimlərinin böyük dostu olub, hər zaman onların qayğısına qalıb. Heydər Əliyev teatr premyeralarında şəxsən iştirak edib, səhnə əsərləri haqqında öz fikirlərini bölüşüb, sənətkarların daha gözəl obrazlar yaratması üçün onlara hər cür köməkliyi göstərib. Ümummilli Lider Heydər Əliyevin işləyib hazırladığı azərbaycançılıq hələ uzun illər milli ideologiyanın əsası olaraq qalacaqdır”.
Azər Paşa Nemətov onu da deyib ki, teatrda səhnələşdirilən tamaşaların əksəriyyətində azərbaycançılıq ideyasından güc alan məqamılar öz əksini tapıb.
Bu məqamda xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu günlərdə 147-ci teatr mövsümünə “Qarabağnamə” tamaşası ilə yekun vurub. Teatrın bədii rəhbər-direktoru deyib ki, teatr ənənəvi olaraq hər il mövsümün açılışını və yekununu “Qarabağnamə” ilə edir. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur: “Bu tamaşada bizim tariximiz öz əksini tapıb, ona görə də tarixi öyrənmək hər kəs üçün vacibdir. Ümid edirik ki, doğma Qarabağımız tezliklə işğaldan azad olunacaq və bu tamaşa oradakı teatrlarda səhnəyə qoyulacaq”.
Bununla yanaşı, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa haqqında da danışan A.Nemətov bildirib ki, 1920-ci ildə qələmə alınmış pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Onun sözlərinə görə, əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.
O əlavə edib ki, teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa da bu siyahıda öz yerini alıb: “Mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri dolğun təcəssüm etdirə bilirlər”.
Bir sözlə, teatrda səhnələşdirilən bir çox əsərlərdə azərbaycançılıq ruhu hakimdir. Bu tamaşalar müxtəlif zamanları, həmin zamanlarda cərəyan edən hadisləri özündə təcəssüm etdirsə də, onları birləşdirən məqam həmin tamaşalarda milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurənin bu və digər formada öz əksini tapmasıdır.
Onu da vurğulayaq ki, zaman-zaman görkəmli səhnə adamları, teatr və ədəbiyyat biliciləri azərbaycançılığı öz yaradıcılıq mayakı sayıb. Öz növbəsində, sözügedən məsələyə toxunan Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı qəzetimizə açıqlamasında “Biz həm bir sənətçi, həm də vətəndaş kimi azərbaycançılıq ideologiyasının inkişafında iştirak etməliyik. Hər birimizin əsas vəzifəmiz, işimiz azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır. Mədəniyyət, ədəbiyyat, musiqi, kino sahəsində gördüyümüz bütün işlərlə özümüzü təqdim eləməyi bacarmalıyıq”, – deyib.
Onun sözlərinə görə, bu gün hər bir fürsətdən yararlanmalı, bütün dünyaya öz kimliyimizi bəyan eləməliyik: “Bunun üçün də dünyanın hər yerində Azərbaycanı sevənləri formalaşdırmaq, onları bir araya gətirmək lazımdır. Azərbaycanı sevənlər azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməlidir. Şəxsən mənim üçün bu ideologiya mənsub olduğum bu xalqı, doğulduğum bu torpağı sevməkdir, onun milli-mənəvi dəyərlərini yaşatmaq və təbliğ etməkdir. Azərbaycanı sevmək, onun tarixini, dilini, torpağını sevib təbliğ etməkdir, küll halında azərbaycançı olmaqdır. Biz bu ölkənin var olmasını, bu mədəniyyətin yaşamasını istəyiriksə, hamımız birmənalı şəkildə azərbaycançılıq ideyasının, ideologiyasının təbliğatçısı olmalıyıq”.
Nurəddin Mehdixanlının bildirdiyinə görə, azərbaycançılıq ideologiyasının təməllərini nə qədər dərindən öyrənsək uğurlarımız bir o qədər çox olar: “Təbii ki, şüarlarla deyil, işimizlə, əməlimizlə, davranışımızla, millətimizə, dövlətimizə xidmətimizlə. Öz mədəniyyətimizlə, dilimizlə, tariximizlə, əxlaqımızla, milli-mənəvi dəyərlərimizlə o böyük dünya mədəniyyətinin bir hissəsinə çevirilməyi bacarmalıyıq və işimizi bu istiqamətdə qurmalıyıq. Bu gün bütün dünya azərbaycanlılarının – dünya türklərinin artıq şüarına çevrilən bir fikir var. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında müstəsna xidmətləri olan Heydər Əliyevin “Bir millət, iki dövlət” fikri bütün türk xalqlarının bütövlüyünü və birliyini nəzərdə tutur”.
Beləliklə, azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir. Başqa sözlə, azərbaycançılıq dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib faktor kimi çıxış edir.
Müşfiqə BAYRAMLI