Xalq artisti Rafiq Əliyev vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə sənətkarın ailəsindən bildirilib. O, uzun sürən xəstəlikdən sonra dünən gecə saatlarında 71 yaşında dünyasını dəyişib.
Aktyorla vida mərasimi evində olacaq.
Qeyd edək ki, Rafiq Əliyev 1949-cu il noyabrın 14-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1957-ci ildə Bakıdakı 58 nömrəli orta məktəbin birinci sinfinə gedib, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub. 1971-ci ildə hərbi qulluğa çağırılıb və 3 il hərbi xidmət keçib.
1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub. 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. O, 2004-cü ilin mayında Azərbaycan Teatr Xadimləri İttifaqının konfransında qurumun yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsinə seçilib.
Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin!
Please follow and like us: