Nurəddin Mehdixanlı: “Dövlət sosial ehtiyacın təmin olunması üçün ciddi addımlar atır”
“Koronovirus xəstəliyi bütün bəşəriyyətin probleminə çevrilib. Biz bu xəstəliyə qlobal dünyanın qlobal fəlakəti deyə bilərik. Epidemiya dünyada bir kabus kimi dolaşır və xəbərsiz, qəflətən yaxalanan insanlıq xilas yolu axtarır. Əslində, xilas yolu insanların öz əlindədir. Koronovirus fəlakətinin həyat üçün nə qədər təhlükəli olduğu barədə mətbuatda, televiziyada, sosial mediada kifayət qədər məlumat verilib, çağırışlar edilib. Biz də Azərbaycan Respublikası olaraq dünyanın bir parçasıyıq. Təbii ki, bu bizdən yan keçə bilməzdi. Çünki bu gün dünya ölkələri arasında sərhədlər şəffafdır, gediş-gəliş rahatdır. Bu xəstəliyin yayılma səbəblərindən biri də ölkələr arasındakı gəliş-gedişin aktivliyidir. O ölkələr ki bu fəlakətin nə olacağını bilib qabaqcadan tədbirlər gördülər, orada proses idarə olunan haldadır. O cümlədən də, Azərbaycanda möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən qabaqlayıcı tədbirlərin görülməsinə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, bir-birinin ardınca vacib qərarlar verildi. Öncə sərhədlərdə insanların gediş-gəlişi məhdudlaşmağa başladı. Onun ardınca xarici ölkələrdə yaşayan azərbaycanlıların ölkəmizə gəlişi təmin olundu və sərhədlər tamamilə bağlandı. Faktiki olaraq Azərbaycanın sərhədləri gediş-gəlişə qapalıdır. Türkiyə televiziya kanallarında bu xəstəliklə bağlı veriliş olanda, orada ölkəmiz haqqında deyirlər ki, qardaş Azərbaycan koronovirusla mübarizədə ayıq tərpəndi, proseslər idarə olunan hala gəldi və ən az itkilərlə özünü qoruya bilir. Təbii ki, burada ən həlledici məqam Azərbaycan Prezidentinin mövqeyi, Birinci vitse-prezidentimizin müraciəti, ziyalıların, mədəniyyət xadimlərinin çağırışları oldu”.
Bunu fikirləri “525-ci qəzet”ə açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlı deyib.
Xalq artisti bildirib ki, bu gün xəstəliklə mübarizənin ön cəbhəsində həkimlər dayanıblar:
“Eyni zamanda onu da demək istərdim ki, bu xəstəlikdən ilk zərbəni alanlar sərhəd-keçid məntəqələrində olan sərhədçilərimiz, gömrük işçilərimiz oldular. Onların ayıq-sayıqlığı, 24 saat müddətində çalışmalarının nəticəsi oldu ki, proseslərin qarşısını ala bildilər. Sərhədyanı ərazilərdə Fövqəladə Hallar Nazirliyi ciddi önləyici tədbirlər gördü. Nəhayət, ölkədə proses sabitləşməyə başladı. Daxili Qoşunlarımız və Daxili İşlər Nazirliyi ciddi şəkildə bu proseslərə qoşuldu. Bu gün hüquq mühafizə orqanları 24 saat çalışır. Bütün bunların hamısı xalqımızı qorumaqdan ötrüdür. Fürsətdən istifadə edib xalqımıza, millətimizə bir daha demək istəyirik ki, ölkəmizin varoluşu naminə dövlət başçımızın və Birinci vitse-prezidentin çağırışlarına, qayda-qanunlara əməl eləyin, nizam-intizamlı olun. Biz həm də həmrəy olmağı bacaran bir millət kimi bu imtahandan üzüağ çıxmalıyıq. Ağsaqqallarımız, ağbirçəklərimiz özlərini qorumalıdırlar ki, sabah öz nəvələri ilə yenidən həyatın rahat ritmində yaşaya bilsinlər. Bu gün hər bir azərbaycanlı təkcə özünü yox, həm də dostunu, qardaşını, həyat yoldaşını, övladını qorumalıdır. Bəzi insanlar bu məsələyə qeyri-ciddi yanaşırlar, koronovirusun həddən artıq ciddi-problem olduğunu anlamaq gərəkdir. Çoxlarının həsəd apardığı Avropa bu gün fəlakətin içindədir. Ölüm sayları artıq on minlərlə hesab olunur. Dünyanın ən irəli getmiş ölkəsi olan ABŞ–da yüz minlərlə yoluxma, on minlərlə ölüm halından söhbət gedir. Allaha şükür olsun ki, dövlətimizin, dövlət başımızın, hüquq-mühafizə orqanlarımızın, həkimlərimizin, sərhədçilərimizin, gömrük işçiləri və ziyalılarımızın hesabına Azərbaycanda bu xəstəlik nəzarət altına alınıb. Şükür olsun ki, ciddi sayda artımlar yoxdur. Sadəcə, bir şeyi bilməliyik ki, biz nə qədər evdə qal rejiminə əməl etsək, bir o qədər bu problemdən tez xilas ola biləcəyik”.
N. Mehdixanlı əlavə edib ki, belə bir həssas məqamda dövlətin sosial və iqtisadi sahədə atdığı addımlar öz effektini verir:
“Bu gün Avropa ölkələrində insanlar mağazalara hücum edirlər, orada qarışıqlıqlar baş verir. Məni sevindirən odur ki, Azərbaycanda belə bir problem yoxdur. Bu, bizim böyük xalq olduğumuzun göstəricilərindən biridir. Ölkəmizin kifayət qədər ərzaq təminatı, iqtisadi imkanı var ki, ərzaq qıtlığı yaranmasın. Bu sahə dövlətin ciddi nəzarəti altındadır. Ölkəmizdə tibbi ləvazimatlar, qoruyucu vasitələr istehsal edən yeni müəssisə açılıb. Dövlət başçısı şəxsən açılışda iştirak etdi. Aztəminatlı ailələrə, iş adamlarına dövlət yardımı davam edir. Şükür olsun ki, azərbaycanlı əxlaqı bu məqamda da özünü göstərir. İnsanlar bir-birinə necə dayaq dururlar, imkansız insanlara yardım edirlər. Dövlət insanların sosial ehtiyaclarının təmin olunması üçün ciddi addımlar atır, aztəminatlı ailələrin müdafiəsinə, onların sosial təminatının ödənilməsi ilə bağlı xüsusi qərar qəbul olunub. Sahibkarlarımızın, iş adamlarının itkilərinin qarşısının alınması ilə bağlı dövlətimiz xüsusi qərarı var. Bütün bunlar dövlətin nəzarəti altındadır. Aztəminatlı ailələr üçün xüsusi yardım paketləri hazırlanır. Açıq-aşkar hər şey göz qabağındadır. Dövlət xalqın və xalqın mənafeyinin yanındadır. Ona görə də narahatlığa heç bir əsas yoxdur. Xalq bir yerdədir və biz bütün problemlərimizi həll edəcəyik. Bundan kimsənin şübhəsi olmasın. Görülən bütün işlər, verilən bütün qərarlar Azərbaycan xalqının var olması naminədir. Mən bir vətəndaş olaraq dövlətimə və dövlət başçıma arxayınam. Hesab edirəm, bu fəlakətin içindən üzüağ çıxacağıq. Birlikdə bu fəlakətdən qalib çıxmağın yeganə yolu dövlət, xalq, millət, rəhbər və cəmiyyət birliyidir. Azərbaycan dövləti öz vətəndaşının bütün ehtiyaclarını təmin etmək gücündədir. Gəlin, dövlətimizə, dövlətimizin başçısına inanaq”.
Xalq artisti daha sonra xaricdə yaşayan azərbaycanlılarla bağlı bəzi məqamlara da toxunub. Onun sözlərinə görə, dəfələrlə elan olunmuşdu ki, xaricdə yaşayan azərbaycanlıların ölkəyə gətirilməsi ilə bağlı dövlət tərəfindən xüsusi çarter reysləri təşkil olunub. Artıq bütün ətraf ölkələrlə sərhədlər qapalıdır. Elanlar, bəyanatlar olmasına baxmayaraq, Rusiyada yaşayan azərbaycanlılar sərhəd-keçib məntəqəsinə gəlirlər, orada günlərlə qalırlar:
“Rusiyadakı fövqəladə və səlahiyyətli səfirimiz hörmətli Polad Bülbüloğlunun müraciəti yayımlandı. Bir daha bildirildi ki, sərhədlər bağlıdır, gediş-gəliş mümkün deyil. Ona görə də soydaşlarımız sərhə-keçid məntəqəsinə toplaşmasınlar. Biz milyard yarım əhalisi olan Çin deyilik. Bir milyard 300 milyon əhalisi olan Hindistan deyilik. İndoneziya, Rusiya deyilik. Biz 10 milyon əhalisi olan ölkəyik. Təbii ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bir Azərbaycandır. Ona görə də hər bir azərbaycanlının ömrünü, həyatını qorumalıyıq. Bu mənada gəlin bir-birimizi qoruyaq. Biz bir-birimizə məcbur və məhkumuq. Dövlətin açıqladığı məlumatlara inanaq, təxribat xarakterli məlumatlara yox. Reallıq nədən ibarətdirsə, Operativ Qərargah məlumat yayır. Soyuqqanlı və səbirli olaq. Mən Rusiyada, Ukraynada, Moldovada, Belarusiyada olan diaspor nümayəndələri ilə əlaqə saxlayıram. Azərbaycandakı real vəziyyətlə bağlı onlara məlumat verirəm. Rusiyadakı, Ukraynadakı azərbaycanlılar bir-birinə dayaqdırlar. Eyni zamanda xeyriyyə tədbirləri görürlər. Orada həqiqətən birlik göstərirlər. Bu, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların fəxr olunası fəaliyyətləridir. Onlar bizim çətin vaxtda insanların yanında olmaq əxlaqımızın, mədəniyyətimizin nə qədər böyük olduğunu göstərirlər. Moskvada, Orenburqda, Samarada, Voronejdə, Krımda, Sankt-Peterburqda yaşayan azərbaycanlılarla tez-tez əlaqədə oluruq, buradakı real vəziyyəti doğru-dürüst çatırırıq ki, məlumatlı olsunlar. Rusiyada, Ukraynada fəaliyyət göstərən nümayəndələrimiz kifayət qədər çalışırlar, bu işə töhfələrini verirlər. Sonda bu pandemiyaya qarşı mübarizədə öz töhfəsini verən hər kəsin qarşısında baş əyirəm. Allah onları qorusun, Allah millətimizi və dövlətimizi qorusun”.