Koronovirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Akademik Milli Dram Teatrının həyata keçirdiyi tamaşaların onlayn nümayişi davam edir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da facebook sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərinə böyük maraq var. Tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənilir. Mart ayında böyüklər üçün “Hamlet, “Ah, Paris, Paris”, “Ölülər”, “Hələ sevirəm deməmişdilər”, “Qarabağnamə”, uşaqlar üçün “Tülkü, tülkü, tünbəki, “Buratino”, “Çipallino” tamaşaları nümayiş olunub.
Teatr aprel ayı üçün də virtual repertuarını hazırlayıb. Aprel ayında ümumilikdə 30 tamaşanın nümayişi planlaşdırılır. Bura teatrın hazırkı repertuarında olan və böyük tamaşaçı marağı qazanmış “Almaz”, “Cəhənnəm sakinləri”, “Sinif yoldaşları”, “Müfəttiş”, “Bir, iki, bizimki” və s. səhnə əsərləri ilə yanaşı, vaxtilə böyük uğurla nümayiş olunan “Aydın”, “Köhnə ev”, “Özümüzü kəsən qılınc”, “Mənim ərim dəlidir”, “Mesenat”, “Generalın son əmri”, “Uçqun” və başqa tamaşalar daxildir.
Teatrdan bildirilib ki, bu, “Evdə qal, özünü və yaxınlarını qoru”, “Biz birlikdə güclüyük” şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə mədəniyyət ocağının rəhbərliyinin və kollektivinin mənəvi dəstəyidir.
Qeyd edək ki, Akademik Milli Dram Teatrı onlayn tamaşalarını “Sənət maneə tanımır” sloqanı ilə təqdim edir.