Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətovun Beynəlxalq Teatr Günü münasibəti ilə teatr ictimaiyyətinə təbriki:
Əziz dostlar, əziz həmkarlar!
Hər il dünya teatr ictimaiyyəti 27 mart Beynəlxalq Teatr Gününü böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edir. Bu əlamətdar gün münasibəti ilə sizin hər birinizi ürəkdən təbrik edir, çətin və fədakar işinizdə böyük uğurlar arzu edirəm.
Bu gün Azərbaycan teatrı dünya teatr məkanının ayrılmaz və vacib hissəsinə çevrilib. Dövlətimizin mədəniyyətin bütün sahələrinə, o cümlədən, teatr sahəsinə olan böyük diqqət və qayğısı ilbəil artır. Biz bu həssas və təəssübkeş münasibətin teatrların maddi-texniki bazasının gücləndirilməsində, teatr binalarının təmirində, gənclərin xaricdə təhsil almasında, dövlət proqramlarının qəbulunda, ömrünü bu sənətə həsr edən insanların sosial vəziyyətinin, maddi rifah halının yaxşılaşdırılmasında şahidi oluruq. Dövlətimizin teatra olan yüksək münasibəti bizim üzərimizə böyük yaradıcı məsuliyyət qoyur.
Bildiyiniz kimi bütün dünya koronovirus pandemiyası ilə mübarizə aparır. İnsanların təhlükəsizliyi üçün teatrlar öz fəaliyyətini dayandırıb. Amma əlbəttə ki, bu müvəqqəti haldır. Hamımız inanırıq ki, bu virus tibb işçilərinin böyük fədakarlığı nəticəsində dünyamızdan çəkilib gedəcək, həyat yenə əvvəlki qaynar yaradıcı məcrasına qayıdacaq.
Bu gün Azərbaycan dövləti koronovirusun qarşısını almaq üçün böyük qabaqlayıcı addımlar atır. İnsanların təhlükəsizliyi dövlətimiz üçün bütün sahələrdən daha vacibdir. Ona görə də ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hamınızdan dövlətin müəyyən etdiyi qaydalara ciddi riayət etməyi, özünüzü və doğmalarınızı qorumağı xahiş edirəm.
Sonda şəxsən öz adımdan, eləcə də bütün teatr ictimaiyyəti adından koronovirus infeksiyasından əziyyət çəkən insanlara şəfa diləyir, fədakar həkimlərimizə təşəkkür edirəm. İnanıram ki, tezliklə dünyamız yenə xoşbəxt və qayğısız olacaq, insanlarımız yenə tükənməz yaradıcı şövqlə çalışacaqlar.
Bir daha Beynəlxalq Teatr Günümüz mübarək!