1958 -ci il martın 11-də Bakı şəhərində anadan olub.
1979-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin tədris teatrına göndərilib. Gənc aktrisa V.İbrahimoğlunun səhnə quruluşu verdiyi C.Cabbarlının “Yaylağa gedir” əsərində (Tibb bacısı), S.Vurğunun “Komsomol poemasında” (Humay) və s. tamaşalarda oynayıb.
1981-ci ildə Akademik Milli Dram Teatrında V.İbrahimoğlu Anarın
“Səhra yuxuları” psixoloji dramını hazırlayanda bu tamaşada Leyla roluna Hicran Nəsirova dəvət olunub. 1986-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. Yaradıcılıq ciddiyyətini həmişə qoruyub-saxlayan aktrisa bu möhtəşəm sənət ocağında aşağıdakı rolları ifa etmişdir:
Nabat (R.Əlizadə, “Günah” ), Zöhrə (N.Xəzri, “Gecə döyülən qapılar”), Xumar, Zərifə (S.Rəhman, “Yalan”, “Nişanlı qız”), Birinci rəfiqə (F.Q, Lorka, “Qadın faciəsi”), Havalı qadın, Böyükxanım (C.Cabbarlı, “Ulduz və ya Ədirnə fəthi”, “Aydın”), Məlahət (Ş.Qurbanov, “Əcəb işə düşdük”), Ağqoyunlu ana (Ə.Əmirli, “Ağqoyunlular və Qaraqoyunlular”), Reqana (V.Şekspir, “Kral Lir”), Kəklik (İ.Əfəndiyev, “Tənha iydə ağacı”), Züleyxa (Elçin, “Poçt şöbəsində xəyal”), Çılğının xalası (B.Vahabzadə, “Dar ağacıı”), Qıssa xanım (Mir Cəlal, “Dirilən adam”), Xanpəri (M.F.Axundzadə, “Müsyö Jordan və dərviş Məstəli şah ”), Həmdəbanu ( T.Minnullin “Alın yazısı”) və s.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın “Evləri köndələn yar” (Reyhan), B.Vahabzadənin “Kimdir haqlı?” Məlahət, Ə.Hacızadənin “İtkin gəlin” ( Dünya), C.Cabbarlının “Almaz” (Yaxşı), R.Səməndərin “Bir yay günü” (Məhbubə) və s. teletamaşalarında müxtəlif səpkili rollar ifa edib.
Nəsirova Hicran 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.