Füzuli İsmət oğlu Hüseynov

Aparıcı səhnə ustası

Füzuli İsmət oğlu Hüseynov 1962-ci sentyabr ayının 9-da Balakən rayonu, Qazma kəndində anadan olub.
1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitib.
Füzuli İsmət oğlu Hüseynov 1987-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. Füzuli Hüseynov Adil («Yayda qartopu oyunu», V.Səmədoğlu), Ayaz Turan, Samir, Şeyx Xiyabani («Sevgililərin cəhənnəmdə vüsalı», «Bizim qəribə taleyimiz», «Şeyx Xiyabani», İ. Əfəndiyev), Viktor («Qadın faciəsi», F.Q.Lorka), Zaur («Təhminə və Zaur», Anar), Şamil («Yalan», S.Rəhman), Səfər («Gecə döyülən qapılar», N.Xəzri) kimi sanballı rollar silsiləsi yaradaraq,tamaşaçı rəğbətini qazanmışdır.
Akademik Milli Dram Teatrdakı fəaliyyəti ilə paralel olaraq Füzuli Hüseynov Azərbaycan Televiziyasında çəkilmiş teleseriallarda klassik milli,türk və dünya dramaturgiyasının nümunələrindən olan «Yad qızı», «Kamança», «Ortabab amerikalı qadın», «Dədə Qorqud», «Sonuncu şahid», «Kimdir haqlı?» və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər yaratmış və ən başlıcası,yaradıcılıq imkanlarının çoxşaxəli olduğunu göstərmişdir. F.Hüseynov «Azərbaycanfilm»in istehsal etdiyi bir neçə filmdə də çəkilmişdir. «Təhminə»də Spartak, «Bəyin oğurlanması»da Elxan, «Ölülər»də Mirzə Cəlil, «Müqəddəs odda yanaram»da Yazıçı və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.
Bir müddət F.Hüseynov Teatrdan ayrı düşmüş, lakin 2004-cü ilin aprel ayında yenidən doğma Akademik Milli Dram Teatrına qayıtmışdır.
Yenidən teatra qayıtdıqdan sonra Yusif və Antoni («Misir gecələri», M.S.Ordubadi, V.Şekspir və N.Hikmət), Nils Kroqstad («Oyuncaq ev», H.İbsen), Füzuli («Füzuli və Əsmər», M.M.Seyidzadə), Qabil («Sevən qadın», Ə.Əmirli), Kişi («Teleskop», Elçin), Viktor Çermetov («Sinif yoldaşları», Y.Polyakov), Tərlan («Sənsiz», Ş.Qurbanov), Knyaz Sisianov («Baş», Elçin) və s.obrazlar oynamışdır.
Füzuli Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.