Ramin Tofiq oğlu Şıxəliyev 1979-cu il iyul ayının 12-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Orta təhsilini Lerik rayon 1 saylı orta məktəbində (1985 – 1996) və Lerik rayon 7 illik incəsənət məktəbində (1990–1997) alıb.
1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. 2001-ci ildə teatr və kino sənəti fakültəsini dram kino aktyoru ixtisası üzrə bitirib. Həmin il universitetin sənətşünaslıq fakültəsinin teatrşünaslıq ixtisası üzrə magistr pilləsinə qəbul olunub və 2003-cü ildə magistraturanı bitirmişdir.
Təhsil illərindən «İlham» Miniatür Teatrına dəvət almış və beş il ( 1998 – 2003) o teatrda aktyor vəzifəsində çalışmışdır.
2003-cü ildən Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlardan biri kimi fəaliyyət göstərib. 2011-ci ilin dekabrından Akademik Milli Dram Teatrının aktyorudur.
Ramin Şıxəliyev Akademik Milli Dram Teatrında Sarıqlı adam («Kuraj və uşaqları», B.Brext), Sərnişin fəhlə («Qatarın altına atılan qadın», A.Məsud), Quldurbaşı («Əlibaba və qırx quldur»), Fərari («Generalın son əmri», V.Səmədoğlu), Qonşu («Cəhənnəm sakinləri», Elçin), Arturo («Silindr», E.D.Filippo), Kapral («Kölgə», Y.Şvarts), Don Qansolanın qohumu («Don Juan və həndəsə», M.Friş), Karlo ata («Buratino axmaqlar ölkəsində», A.Tolstoy), Dəcəl Cırtdan («Buzlar ölkəsi», A.Sadıqov), Meymun («Qaraca qız», A.Şaiq), Timur («Vəsiyyət», H.Mirələmov), Sabitcan («Manqurt», Ç.Aytmatov), Ocaqqulu («Almaz», C.Cabbarlı), Hikola («Qəribə, çox qəribə əhvalat», M.Qavra), Kərbəlayi Vəli («Ölülər», C.Məmmədquluzadə), Bobçinski («Mufəttiş», Qoqol), Ərizəçi («Lənkəran xaninin vəziri», M. F. Axundov), Məmməd Hüseyn Xan («Nadir Şah», Y.Oğuz), Qoca Knyaz («Xanuma», A.Saqarelli), Şahid Hüseyn («Anamın kitabı», C.Məmmədquluzadə), Əmirqulu («Yaşar», C.Cabbarlı), Vanya Yüzbaşı («Qarabağnamə», İ.Əfəndiyev), Alfred («Filumena Marturano», Eduardo de Filippo), Orxan Hacıyev (“Zəfər yolu”, A.P.Nemətov), Uğurlu («Yay günü»), Daşdəmir (“Xurşidbanu Natəvan”, İ.Əfəndiyev), Kobi («Yaşlı xanımın gəlişi», F.Dürrenmatt), Kişi («21:15 Qatarı», T.Orbay), Teatrşünas, qaravolçu («Dantenin yubileyi», Anar), Maşinist, şagird («Əsrə bərabər gün», Ç.Aytmatov), İmperator Yadış («Laləli Düzən»), Dilənçi («Varlı qadın», Ə.Əmirli), Fransua («Gözəl və Bədheybət», Jeanne-Marie Leprince de Beaumont), Mirzə Cavad («Aydın», C.Cabbarlı) və başqa tamaşalarda muxtəlif maragli xarakterik obrazlar yaradib.
O, «Qovğali kəndinin gecələri» , «Seçilən», «Müraviyyə vəkillərinin hekayələri», «Şabaş», «Oyunçu», «Susmuş Vicdan», «Uçurum», «Biz qayıdacağıq», «Cavid ömrü», «Cavad xan», «Dolu», «Sübhün səfiri», «Bir ailəm var», «Dəfnə ağacı», «Qız yükü», «Həyat, sən nə qəribəsən», «Qələbənin səsi», «Abdulla Şaiq», «İntizar», «Mən Lalə birdə Serlok Holms», «Səsiz Səslər Hənifə Zeynallı», «Dar Küçələr» və s. film və seriallarında çəkilmişdir.

