ƏMİNƏ AĞAHÜSEYN QIZI BABAYEVA

Əminə Ağahüseyn qızı Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. O, yaradıcılığa 1969-cu ildə Azərbaycan Dövlət Akademik Teatrından başlayıb. Teatrda işlədiyi müddətdə o həm klassik, həm də çağdaş milli və əcnəbi dramaturqların pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. Teatrda ilk rolu X.Vahidin “Bağ qonşuları” tamaşasında Rəmziyyə obrazı olub.

Aktrisa “Əlvida” adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə – Ana roluna çəkilib.

1976-cı ildə qadın rollarının ifasına görə Mədəniyyət Nazirliyi tərəfindən ilin ən yaxşı aktrisası elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.Ə. Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən, “Poeziya axşamı”, “Komediyalar axşamı”,”Hekayələr axşamı” adlı verilişlərdə mütamati olaraq çıxış edib. Ə. Babayeva “Qətibə İnanc”, “İblis”, “Vaqif”, “Maqbet”, “Xəyyam”, “Fitnə”, “Sevil”, “Darıxma, ana”, “Meşşanlar”, “Bağlardan gələn səs”, “Adamın adamı”, “Məkr və məhəbbət”, “Gecə döyülən qapılar”, “Nadir şah”, “Oliqarx”  və s. tamaşalarda maraqlı, yaddaqalan obrazlar yaradıb.

O, “Gürzə”, “Kişilər”, “Göz həkimi”, “Sarıköynəklə Valehin nağılı”, “Sonuncu şahid” və s. filmlərdə çəkilib.