Aparıcı səhnə ustası
Firəngiz Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonu, Üzeyirli kəndində andan olub.
1976-80-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1980-ci ildə Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb.
Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib.
Üç illik fasilədən sonra 1996-cı ildən aktrisa yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, yeni əsərlərdə rollar oynayıb.
Gözəl («Qılınc və qələm», M. S. Ordubadi), Qumral («Əliqulu evlənir», S.Rəhman), Bəyim, Aynur, Mələk, Gülnaz, Gülruh, Gülnaz («Xurşidbanu Natəvan», «Büllur sarayda», «Bizim qəribə taleyimiz», «Mahnı dağlarda qaldı», «Şeyx Xiyabani», «Tənha iydə ağacı», İ.Əfəndiyev), Sonya, Firəngiz («Sizi deyib gəlmişəm», «Təhminə və Zaur», Anar), Anna («Həyatın dibində», M. Qorki), Reya («Böyük Romul», F.Dürrenmatt), Tereza («Biganələr oteli», R. İbrahimbəyov), Əsmər («Günah», R. Əlizadə), Nisə xanım («Lənkəran xanın vəziri», M.F.Axundzadə), Maral («Sənsiz», Ş.Qurbanov), Nədidə («Qanlı Nigar», S.Şendil), Aysulu («Sokratı anma gecəsi», Ç.Aytmatov və M.Şahanov), Arvad, Gülzar, Qadın («Mənim ərim dəlidir», «Poçt şöbəsində xəyal», “Arılar arasında ”, Elçin), Sevər («Bu dünyanın adamları» H. Orucov), Həvva, Raisa («Varlı qadın», (“Mesenat” Ə. Əmirli), Qadın (“Son məktub”, S.Sveyq), və s.
Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa etmişdir. Onlardan: Gülnar («Səni axtarıram», «Bağışla», «Səndən xəbərsiz», A. Qəhrəmanov), Mərcan («Evləri köndələn yar», Anar), Ana və qız, Nazan («Unutmaq olmur», «Yad qızı», Əlibala Hacızadə), Almaz («Topal Teymur», Hüseyn Cavid), Almaz («Göz həkimi», İslam Səfərli), Günay («Səninlə və sənsiz», Marat Haqverdiyev), və s. rolların bədii estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar.
Aktrisa «Azərbaycanfilm» kinostudiyasında istehsal edilmiş «Qaçaq Nəbi» (Sərvinaz), «Qocalar, qocalar» (Leyli), «Bəyin oğurlanması» (Telli), «İşarəli dənizdən gözlə» (Sona), bədii filmlərinə, «Mənim ağ şəhərim», (Ana), «Şərəf»(Mila xanım) telefilmlərinə çəkilib.
Firəngiz Bəhər qızı Mütəllimova 1986-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2002-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezident fərdi təqaüdçüsüdür.