Dekabrın 23-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun anadan olmasının 150 illiyi qeyd olunub.
Tədbir Prezident İlham Əliyevin Azərbaycan professional teatrının banilərindən sayılan Cahangir Zeynalovun 150 illiyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən təşkil edilib.
İştirakçılar əvvəlcə teatrın foyesində Zeynalovlar nəslinin görkəmli nümayəndələri Nəsibə Zeynalova və Cahangir Novruzovun sənət dünyasından bəhs edən fotoşəkillərə baxıblar.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan teatrının tarixi görkəmli dramaturq və teatr xadimləri ilə yanaşı, Cahangir Zeynalovun adı ilə də bağlıdır. Onun Bakıda fəaliyyət göstərən aktyor truppaları ilə yaxından əlaqəsi olub, daim şəhərdə qastrolda olan xarici teatrların tamaşalarını izləyib.
Nazir qeyd edib ki, Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirib və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaradıb. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən bu gün də davam etdirilir.
Vurğulanıb ki, Cahangir Zeynalov teatr ictimaiyyəti tərəfindən təntənəli yubileyi qeyd edilən ilk Azərbaycan aktyorudur. Yubiley tədbiri aktyorun səhnə fəaliyyətinin 25 illiyi münasibətilə “Nicat” cəmiyyəti tərəfindən keçirilib. Azərbaycan teatr tarixində ilklərə imza atan Cahangir Zeynalov ilk peşəkar aktyor, həm də yaşadığı evdə ilk teatr yaradan insan olub. Onun təşəbbüsü ilə parodiya teatrı yaradılıb.
C.Zeynalovun sənətinin qızı Nəsibə Zeynalova və nəvəsi Cahangir Novruzov tərəfindən davam etdirildiyi vurğulanaraq qeyd edilib ki, 130 ildir onun nəsli səhnədədir.
Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov Cahangir Zeynalovun sənət dünyasından və onun Azərbaycan teatr sənətinin inkişafı naminə gördüyü işlərdən söz açıblar.
Sonra “Cahangirdən Cahangirə” adlı bədii layihə çərçivəsində yubilyarın nəvəsi, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzovun rejissorluğu ilə Anton Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub. Səhnə əsərində Cahangir Novruzov və Hikmət Rəhimov çıxış edib.