Akademik Milli Dram Teatrında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin görkəmli incəsənət və ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi haqqında tədbirlər planına əsasən əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin 85 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, xalq artisti Rafiq Əzimov görkəmli sənətkarın Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı böyük xidmətlərindən bəhs ediblər.
Sonra Hamlet Xanızadənin əziz xatirəsinə həsr olunmuş “İblis və…” tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.
Tamaşada Əməkdar artist Anar Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), aktyorlar Murad İsmayıl (Arif), Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva (Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), əməkdar artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) iştirak edib.
Unudulmaz sənətkarımız Hamlet Xanızadənin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Please follow and like us:
