Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 Mart – Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri və teatrın “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə dünya şöhrətli gürcü rejissoru, Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Georgi Tevzadze və bir sıra tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.
Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV), Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçiriliən tədbirdə əvvəlcə Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edib.
Tədbirdə çıxış edən Mədəniyyət Naziri Adil Kərimli diqqətə çatdırıb ki, teatrın tərbiyəvi təsiri böyükdür, eyni zamanda Azərbaycan incəsənətinin təbliğində danılmaz rola malikdir. “Bu gün həqiqətən Azərbaycan mədəniyyətinin bayramıdır, çünki teatr sənəti mədəniyyətimizin ayrılmaz hissəsi olmaqla yanaşı, onu insanlara çatdıran əsas sənət istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev hər zaman teatr sənətinə yüksək dəyər verib və onun inkişafı üçün mühüm addımlar atıb. Bu siyasət bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən hər il Azərbaycanda rəsmi şəkildə bu əlamətdar gün qeyd olunur. Eyni zamanda, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətə verdiyi töhfələr danılmazdır”.
Tanınmış gürcü rejissoru Robert Sturua diqqətə çatdırıb ki, iki millətin, iki xalqın dostluğu tarix boyunca əlamətdar hadisələrdən biri olub və bu birlik daim sarsılmaz bağlarla möhkəmlənib.
Daha sonra “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yekun nəticələri açıqlanıb, teatrın mükafatları təqdim olunub.