Fevralın 26-da Akademik Milli Dram Teatrında Xocalı soyqırımına həsr olunan “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub.
Tamaşanın nümayişindən əvvəl müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canında keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Teatrın Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Xocalı faciəsi haqqında çıxış edib. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Erməni vandalları tərəfindən törədilən bu cinayət insanlıq adına böyük ləkədir. Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini daim əziz tutacaq:
“Biz Xocalıya qayıdıb Azərbaycanın üçrəngli bayrağını asdıq. Bu gün Xocalıda olan uşaqlar Azərbaycan dilində himn oxuyurlar, məktəbə gedirlər. Xocalıda bizim doğma dilimizdə nəğmələr səslənir. Çünki biz qürurlu, qüdrətli xalqıq. Biz yenilməz liderimizlə, yenilməz rəhbərimizlə yenidən o torpaqlara – Xocalımıza qayıtdıq. Amma əlbəttə, biz bu tarixi unuda bilmərik. Çünki bu tarixi unutsaq, keçmişdə başımıza gələn faciələr bir daha təkrar oluna bilər. Biz qalib və güclü xalqıq. Biz həm həqiqəti və ədaləti bərpa edən xalqıq, həm də Allahın bizə olan mərhəmətindən qisası qiyamətə qoymayan xalqıq. Qarabağ Azərbaycandır!”.
Daha sonra tamaşa nümayiş olunub. Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnəyə qoyulan eyniadlı yeni yaradıcılıq işinin quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), əməkdar artist Anar Heybətov (Knyaz Xasay), əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), əməkdar artist Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruz (Nəvvab), əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal Mustafayev (Zahir bəy), xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), əməkdar artist Mirzə Ağabəyli (Kor kamançaçı), əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Elsevər Rəhimov (Kültəvi səhnə) iştirak edirlər.
Please follow and like us: