Sentyabrın 19-da Akademik Milli Dram Teatrında Sankt-Peterburqun Aleksandrinski Teatrının “Evlənmə” tamaşası nümayiş olunub. Rusiyanın ilk milli teatrı olan Aleksandrinski Teatrının Bakıya böyük qastrol səfəri iki teatr arasında imzalanmış Memorandum əsasında baş tutub.

Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının və Aleksandrinski Teatrının rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında iki teatr arasında yaranan əməkdaşlıq yüksək qiymətləndirilib. Qeyd olunub ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

İki teatr arasında qurulan dostluq və əməkdaşlıq hələ uzun illər bundan sonra da davam edəcək, yeni uğurları ilə Rusiya və Azərbaycan arasında olan mədəni əlaqələrə öz töhfəsini verəcək.

Daha sonra tamaşa nümayiş olunub. Qoqolun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Rusiyanın xalq artisti, Aleksandirinski Teatrının Prezidenti Valeri Fokindir. Səhnə əsərində Vladimir Koşevoy (Podkolyasin),Vasilisa Alekseyeva (Aqafya Tixonovna, gəlin), İvan Yefremov (Koçkarev, Podkolesinin dostu), Rusiyanın əməkdar artisti Mariya Kuznetsova (Fyokla İvanovna, elçi), Rusiyanın əməkdar artisti Svetlana Şeyçenko (Arina Panteleymonovna, xala) və başqaları iştirak edirlər.

Tamaşanın nümayişindən sonra Aleksandrinski Teatrına Akademik Milli Dram Teatrı tərəfindən təsis olunmuş Milli Teatr Mükafatı verilib. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov mükafatı həmkarı Aleksandr Maliçə təqdim edib.

“Evlənmə” tamaşası Teatr Xadimləri İttifaqının “Qızıl dərviş” mükafatına layiq görülüb. Mükafatı Teatr Xadimləri İttifaqının sədri Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Aleksandrinski Teatrının Bədii rəhbəri Nikita Kobelevə təqdim edib.
Qeyd olunub ki, Akademik Milli Dram Teatrı Sankt-Peterburqda keçirilən Aleksandrinski Beynəlxalq Teatr Festivalı çərçivəsində 3-4 sentyabr tarixlərində “İblis və…“ tamaşasını uğurla nümayiş etdirib. Teatrın Bədii rəhbəri Nikita Kobelev iştirak haqqında diplomu Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə təqdim edib.

Qeyd edək ki, 3-4 sentyabr tarixlərində Aleksandrinski Teatrında milli teatrımızın tarixi, korifey sənətkarları, əfsanəvi tamaşalarının səhnə tərtibatından bəhs edən sərgi də nümayiş etdirilib.

Please follow and like us: