Mayın 17-də Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi və kollektivi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşasına baxıb.
Tamaşanın nümayişindən əvvəl çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazıçının əsərlərində qaldırdığı problemlərin bütün bəriyyət üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Çingiz Aytmatovun qüdrətli yazıçı olduğunu söyləyən akademik qeyd edib: “Onun əsərlərindən mənsub olduğu xalqın ətri duyulur. Çingiz Aytmatov Qırğız ellərinin özünəmxsusluğunu bütün dünya dillərinə tərcümə olunan əsərləri vasitəsilə çatdırıb. Türk oğlunun dünya ədəbiyyatının zirvələrində dayanması Azərbaycan xalqı üçün böyük şərəfdir. O, həmçinin ədəbiyyatımıza dərindən bələd olan mütəfəkkirdir. Tamaşada yaddaşını könüllü itirib, manqurta çevrilənlər, genetik kodunun hansı torpağa aid edilməsini anlamayanlar və onlara qarşı mübarizə aparan Yedigey obrazı təsvir olunub. “Əsrə bərabər gün” kimi çoxplanlı əsərin səhnəyə çıxarılması rejissor və aktyorlardan böyük istedad, böyük təcrübə, böyük məharət tələb edir. Dünyamız üçün, Azərbaycan üçün, milli oyanış və tərəqqidə olan xalqların hər biri üçün əhəmiyyətli olan bu çətin, çoxsüjetli əsərin səhnəyə çıxarılması Azərbaycan incəsənətində, mədəniyyətində, teatr sənətində özünəməxsus fərqli üslubu olan, bənzərsiz yanaşmaları olan hörmətli Mehriban xanım Ələkbərzadənin riski, cəsarəti və Azərbaycan səhnəsinə xidmətidir. Bu tamaşa Azərbaycan teatrının inkişafında yeni mərhələdir. “Əsrə bərabər gün” teatr mədəniyyətini də, aktyor işini də, rejissor sənətini də, rəssam və musiqi işini də XXI əsrin idealları səviyyəsində düşünməyə çağıran əsərdir. Tamaşanın yaradıcı kollektivini təbrik edir, uğurlar arzu edirəm”.
Qeyd edək ki, səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
“Əsrə bərabər gün” tamaşasını Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxış adlandıra bilərik.
Səhnə əsəri Boranlı stansiyasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yolla başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykanur kosmodromu salındığı üçün Boranlı camaatı ora buraxılmır. Əsərdə bu hadisə – Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də, tamaşada əcdadlarına, torpağına sahiblik hissinin olmaması günahı kimi də dəyərləndirilir. Oğullar atalarını, analarını tanımırsa, torpaq da onları qəbul etmir. Belə insanların heç sonsuz qalaktikada da yeri olmayacaq.
Tamaşa bağlanmış yol – “giriş qadağandır” əmrilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində həll olunub. Əgər əsər yaddaşını itirib manqurta çevrilən nəslin faciəsindən, qədim yurd yerlərində salınan kosmodromla davam etməsindən bəhs edirsə, tamaşa yaddaşını könüllü itirənlərə, könüllü manqurta çevrilənlərə, əcdadlarının harada dəfn edilməsinin fərqində olmayan, genetik kodunun hansı torpağa aid edilməsini bilməyənlərə torpaq haqqında rəvayətdir.
“Əsrə bərabər gün” əcdadlarımızdan bizə gələn və bizdən sonra mütləq ötürüləcək bir az mistik, bir az fantastik, bir az da realist kontekstdə həll olunmuş rəvayətdir.
“Əsrə bərabər gün” əcdadlarının genetik kodlarını unudanlar haqqında ən uzun günün hekayəsidir.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Yedigey), Əli Nur (Tansıkbayev-müstəntiq), Laləzar Mustafayeva (Ukubala), Cəfər Namiq Kamal (Müfəttiş), Bəsti Cəfərova (Nayman Ana), Rafiq Əzimov, Hacı İsmayılov (Nayman tayfa başçısı), Sabir Məmmədov (I Mühəndis), əməkdar artistlər Abbas Qəhrəmanov (Qazanqap), Elşən Rüstəmov (Abutalıb Kuttubayev), Anar Heybətov (Sabitcan), Vəfa Rzayeva (Zərifə), Ayşad Məmmədov (Ədilbəy), Elxan Quliyev (Əbilov), Mirzə Ağabəyli (Cumaəli), Əminə Babayeva (Bikə), Rövşən Kərimduxt (Kospan və Juanjuan tayfa başçısı), Aslan Şirin (Osman və şagird 3), Elşən Cəbrayılov (I hərbçi), Mətləb Abdullayev (II Hərbçi), Rəşad Bəxtiyarov (Juanjuan 2), Məzahir Cəlilov (Qəbilə sakini 1), Əlvida Cəfərov (Qəbilə sakini 2), Kazım Həsənquliyev (Yolçu qonaq 1), Elşən Cəbrayılov (baş mühəndis), Almaz Amanova (Baş nəzarətçi), Elnar Qarayev (Paritet kosmonavt 1-2), aktyorlar Şəhla Əliqızı (Ayzadə), İlyas Əhmədov (Ayzadənin əri), Afət Məmmədova (Əbilovun arvadı), Rüstəm Rüstəmov (Qalibbəy), Cavidan Novruzov (Leytenant Tansıkbayev), Cümşüd Zeynalov (trofim və yolçu qonaq 2), Ramin Şıxəliyev (Maşinist), Elçin Nurəliyev (I əsgər), Tural İbrahimov (II əsgər), Vüsal Mustafayev (Juanjuan 1), Elsevər Rəhimov (Manqurt 1), Elçin Nurəliyev (Manqurt 2), Tural İbrahimov (Manqurt 3), Dilarə Nəzərova (Nayman – qadınlar 1), Ləman İmanova (Nayman – qadınlar 2), Firuzə Balayeva (Nayman – qadınları 3), Elnur Qədirov (Paritet kosmonavt 2-1), Elçin Əfəndi (II Mühəndis), Lalə Süleymanova (Konvensiya əməkdaşı), Rada Nəsibova (Astronavt 1), Nəzrin Abdullayeva (Astronavt 2), Elsevər Rəhimov (Şagird 1), Ramin Şıxəliyev (Şagird 2), Aydan Həsənzadə (Şagird 4), Aylin Həşimova (Şərafət), Dilarə Məhərrəmli (Səulə), Rüzgar Qasımzadə (Ermek) və Amir Muradov (Daul) iştirak edirlər.
Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Qrafika və montaj işi Binyamin Sailov, Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.
Tamaşanı Nərmin Həsənova, Ceyran Başaran və Dilbər İsmayılova idarə edib.
Please follow and like us: