Akademik Milli Dram Teatrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 101 illiyi münasibətilə teatr xadimlərinin mükafatlandırılması mərasimi keçirilib.
Teatrın Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və professor Məryəm Əlizadə Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, teatr sənətinə, xüsusən Akademik Milli Dram Teatrına olan böyük diqqət və qayğısından danışıblar. Qeyd olunub ki, ulu öndər tamaşalardan sonra yaradıcı heyətlə görüşər, əsəri və tamaşanı müzakirə edər, öz tövsiyə və tapşırıqlarını verərdi.
Ümummilli liderin teatr ocaqlarına gəlişi teatr kollektivlərini yeni-yeni yaradıcılığa səsləmiş, teatrlarımızın repertuarları zənginləşmiş və yeniləşmiş, klassiklərin əsərlərinin yozumuna müasir baxış qüvvətlənmişdir.
Tədbirdə daha sonra “Milli Teatr Mükafatı”, “Qızıl pərdə” və “Yubiley” mükafatları təqdim olunub. “Milli Teatr Mükafatı” 80 illik yubileyi münasibətilə xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova, 70 illik yubileyi münasibətilə xalq artisti Şükufə Yusupovaya, teatr sənətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti Əli Nura və xalq artisti Kazım Abdullayevə təqdim edilib.
Akademik Milli Dram Teatrı tərəfindən yeni təsis olunan “Qızıl pərdə” mükafatı 65 illik yubileyləri münasibətilə xalq artistləri Bəsti Cəfərova və Firəngiz Mütəllimovaya, Milli Teatrın inkişafındakı xidmətlərinə görə xalq artisti Zemfira Nərimanovaya, Əməkdar artistlər Hicran Nəsirova və Elxan Quliyevə təqdim edilib.
Akademik Milli Dram Teatrında səmərəli fəaliyyət göstərən və yubiley yaşı tamam olan teatrın əməkdaşları üçün təsis olunan “Yubiley” mükafatı teatrın direktor müavini Hacıbaba Məmmədova, əməkdar artistlər Aslan Şirinə və Kazım Həsənquliyevə, aktrisa Dilarə Nəzərovaya və rejissor assistenti Dilbər İsmayılovaya təqdim edilib.
Mükafata layiq görülənlər ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, diqqət üçün Mədəniyyət Nazirliyinə və teatr rəhbərliyinə təşəkkürlərini bildiriblər.