Akademik Milli Dram Teatrında 10 mart – Milli Teatr Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Akademik Milli Dram Teatrı tərəfindən təsis olunmuş “Milli Teatr Mükafatı”nın təqdimetmə mərasimi baş tutub.
“Milli Teatr Mükafatı” hər il Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə teatr xadimlərinə, paytaxt və bölgə teatrlarına və tamaşalara təqdim olunacaq.
Təqdimetmə mərasimi Azərbaycan teatrının tarixini, bugününü və bütün teatrların fəaliyyətini əhatə edən video-çarxın nümayişi ilə başlayıb.
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov nazir Adil Kərimlinin və Mədəniyyət Nazirliyinin kollektivinin teatr ictimaiyyətinə ünvanlanan təbrikini oxuyub.
Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli və Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Azərbaycan teatrının tarixi, bu günü və uğurları haqqında çıxış ediblər.
Sonra Akademik Milli Dram Teatrının aktyorları tərəfindən “Milli Teatr Mükafatı” təqdim olunub. Ölkəmizdə fəaliyyət göstərən 21 teatr mükafatlandırılıb.
Daha sonra nominasiyalar üzrə “Milli Teatr Mükafatı” təqdim olunub.
“Ən yaxşı tamaşa” nominasiyası üzrə Akademik Milli Dram Teatrı, Cəlil Məmmədquluzadə, “Ölülər” tamaşası, quruluşçu rejissor Xalq artisti, mərhum rejissorumuz Azər Paşa Nemətov, Azərbaycan Dövlət Rus Dram Teatrı, Xalq yazıçısı Elçin, “Sənətkarın taleyi” tamaşasına görə Xalq artisti, mərhum rejissorumuz İranə Tağızadə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, “Kod adı: V.X.A”, tamaşası, quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Şuşa Dövlət Dram Teatrı, “Lənkəran xanının vəziri” tamaşası, quruluşçu rejissor Loğman Kərimova təqdim olunub.
“Milli teatrın inkişafındakı xidmətlərinə görə” nominasiyası üzrə Xalq rəssamı Nazim Bəykişiyev, Xalq artisti Rafiq Əzimov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar mədəniyyət işçisi Maqbet Bünyadov mükafatlandırılıb.
“Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafat Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Çingiz Aytmatov, “Əsrə bərabər Gün” tamaşasındakı Yedigey obrazına görə Xalq artisti Nurəddin Mehdixanlıya, Lənkəran Dövlət Dram Teatrı, Xalq yazıçısı Kamal Abdulla, “Casus” tamaşasındakı Dədə Qorqud obrazına görə Xalq artisti Qabil Quliyevə təqdim olunub.
“Ən yaxşı qadın rolu” nominasiyası üzrə mükafat Akademik Milli Dram Teatrı, Eduardo de Filippo, “Filumena Marturano” tamaşasındakı Filumena obrazına görə Xalq artisti Bəsti Cəfərovaya, Akademik Milli Dram Teatrı, Cavid Zeynallı, “Şükriyyə” tamaşasındakı Zöhrə obrazına görə əməkdar artist Mehriban Xanlarovaya təqdim olunub.
Gəncə Dövlət Dram Teatrında “Ən yaxşı qadın rollarının ifaçısı” mükafatı Xalq artisti Pərvanə Qurbanovaya, “Bölgə teatrlarına dəstəyə görə” mükafat Azərbaycan Teatr Xadimləri İttifaqına, “Heydər Əliyev İli” və Azərbaycan Milli Teatrı – 150 tədbirləri çərçivəsində bölgələrdə təqdim olunan Xalq yazıçısı İlyas Əfəndiyevin ““Qarabağnamə” tamaşasında uğurlu iştiraka görə” mükafat Xalq artisti Firəngiz Mütəllimovaya, “Ən yaxşı rəssam işi” Azərbaycan Dövlət Kukla Teatrı, “Ələddinin sehrli çırağı” tamaşasına görə İqbal Əliyevə, “Akademik Milli Dram Teatrında uşaq rollarının ən yaxşı ifaçısı” nominasiyası üzrə Aylin Həşimovaya, “Teatr irsinin qorunmasındakı xidmətlərinə görə” Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılovaya, “Ən gənc Leyli” Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Üzeyir Hacıbəyli, “Leyli və Məcnun” operasında Leyli rolunun ifaçısı Rəvanə Əmiraslanlıya, “Ən yaxşı işıq rəssamı” Akademik Milli Dram Teatrı, Rafael Vaqifoğluna, Gənc Tamaşaçılar Teatrı, Vadim Kuskova, “Tamaşalarda mürəkkəb texniki quruluşa görə” mükafatı isə Akademik Milli Dram Teatrı, İsa Əsədova təqdim olunub.
Tədbirdə Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Elza Seyidcahan və Teymur Əmrah konsert proqramı ilə çıxış ediblər.