Fevralın 18-də Rusiyanın Aleksandrinski Teatrı (Sankt-Peterburq) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum Akademik Milli Dram Teatrının direktorunun səlahiyyətlərini icra edən əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov tərəfindən imzalanıb.

Qeyd olunub ki, Memorandumun imzalanması Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Memoranduma qastrol səfərlərinin, dəyirmi masaların, konfransların və ustad dərslərinin təşkili daxildir.

Tədbir çərçivəsində Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanova Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı təqdim olunub.

Bildirilib ki, Rusiyanın teatr sənəti üzrə tanınmış pedaqoqları və aktyorlar 19-21 fevral tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçəcəklər.

Ustad dərsləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Aleksandrinski Teatrı, Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə həyata keçiriləcək Aleksandrinski Teatr Məktəbi təhsil layihəsi çərçivəsində reallaşacaq.

Layihə RF Mədəniyyət Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovun rəhbərliyi ilə keçirilir.

Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə  əyani üçgünlük intensiv proqramdan ibarətdir.  “Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir. Hər iki istiqamət üzrə ustad dərsləri SDU və RDSSİ-nin müəllimləri, həmçinin Aleksandrinski Teatrının mütəxəssisləri tərəfindən aparılacaq.

“Müasir milli teatrda idarəetmənin əsasları” proqramı üzrə 35 dinləyici nəzəriyyəni öyrənəcək və paralel olaraq 5-6 komandaya bölünərək ekspertlərin dəstəyi ilə öz yaradıcılıq layihələrini inkişaf etdirəcəklər. Daha sonra komandalar ekspertlərin qarşısında layihələrini müdafiə edib şəhadətnamə alcaqlar.

“Müasir kontekstdə fəaliyyət” proqramında isə 25 dinləyici nəzəriyyəni öyrənəcək və praktik məşğələlərdə iştirak edəcək. Yekunda onlara proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnamələr təqdim olunacaq.

Please follow and like us: