Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivalda Azərbaycan və Gürcüstanla yanaşı İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edib.

Səhnə əsəri festivalın münsiflər heyəti, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədovadır.

Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak edirlər.

Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsəri müharibədən qayıdan, kürəyində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.

Tamaşanın qəhrəmanı Beri yaralanmağına, müharibədə çəkdiyi bütün əzablara baxmayaraq, təbiətlə ahəngdə yaşayır, yaradana qayıdış yolunu tapır. Yaşatmaq missiyalı insan müharibələrin vurduğu yaraları belə sağaltmaq istəyir.

Qeyd edək ki, festival çərçivəsində eyni zamanda kitab təqdimatları, Avrasiya Teatr Assosiasiyası təsisçilərinin görüşü də təşkil olunacaq.  İyulun 15-də Ozurgetidə Aleksandr Tsutsunava adına Peşəkar Dövlət Dram Teatrının 155 illik  yubileyinə həsr olunmuş bayram gecəsi, festival iştirakçılarının mükafatlandırılması və  festivalın təntənəli bağlanışı keçiriləcək.

 

Please follow and like us: