İyunun 29-da Akademik Milli Dram Teatrının Baş rəssamı, Azərbaycan Respublikasının Xalq rəssamı Nazim Bəykişiyevin 75 yaşı tamam olur.
Mədəniyyət naziri Adil Kərimli görkəmli sənətkarı yubiley yaşı münasibəti ilə təbrik edib, Mədəniyyət Nazirliyinin kollektivi adından ona təbrik məktubu təqdim edib, teatr sənəti sahəsindəki xidmətlərini yüksək dəyərləndirib.
Eyni zamanda Nazim Bəykişiyevin 75 illik yubileyi Akademik Milli Dram Teatrında qeyd olunub, ona Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi və Akademik Milli Dram Teatrının adından təbrik məktubu, mükafat və gül dəstəsi təqdim olunub.
Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, teatrın direktor əvəzi, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, professor Məryəm Əlizadə Nazim Bəykişiyevin yaradıcılığı haqqında danışıb, onun yüksək peşəkarlıqla tərtibat verdiyi tamaşalardan bəhs ediblər.
Qeyd olunub ki, dövlətimiz Nazim Bəykişiyevin milli teatr sahəsindəki xidmətlərini və uzunillik yaradıcılıq fəaliyyətini həmişə yüksək qiymətləndirib. O, 1984-cü ildə Respublika Dövlət mükafatına, 2002-ci ildə Əməkdar rəssam və 2006-cı ildə Xalq rəssamı fəxri adlarına, 2009-cu ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Nazim Bəykişiyev 1948-ci ildə Bakıda anadan olub. 1978-1980-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında quruluşçu rəssam, 1980-1991-ci illərdə Musiqili Komediya Teatrında və 1991-2001-ci illərdə Gənclər Teatrında baş rəssam kimi bir çox səhnə əsərlərinin bədii tərtibatçısı olub.
2001-ci ildən bu günədək Akademik Milli Dram Teatrının baş rəssamı vəzifəsində çalışır. Məhz bu qədim tarixi olan sənət ocağında S.Rəhmanın “Əliqulu evlənir”, H.Cavidin “İblis” və “Afət”, R.Əlizadənin “Günah”, M.F.Axundzədənin “Lənkəran xanının vəziri” və “Müsyö Jordan və dərviş Məstəli şah”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, V.Şekspirin “Hamlet”, O.İoselianinin “Kaş araba aşmayaydı!”, J.Koktonun “İnsan səsi”, A.Məsudun “Qatarın altına atılan qadın”, V.Hüqonun “Qadın məhəbbəti”, V.Səmədoğlunun “Generalın son əmri”, R.Əlizadənin “Laləli düzən”, H.Mirələmovun “Vəsiyyət”, Elçinin “Qatil”, M.Qavranın “Qəribə, çox qəribə əhvalat”, C.Məmmədquluzadənin “Dəli yığıncağı” və s. tamaşaların quruluşçu rəssamı olub.
75 illik yubileyi münasibəti ilə Xalq rəssamı Nazim Bəykişiyevi ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, daha böyük yaradıcılıq uğurları arzu edirik.