Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.
Akademik Milli Dram Teatrının kollektivi iyunun 16-da “Ah, bu uzun sevda yolu” tamaşasını Gəncə Dövlət Dram Teatrında nümayiş etdirəcək.
Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.
Qeyd edək ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Rolları əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Xalq artisti Hacı İsmayılov (Müdrik şair), əməkdar artistlər Elnar Qarayev (Dost şair), Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər) və Rada Nəsibova (Qadın) ifa edir.