Mayın 9-da Akademik Milli Dram Teatrında yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunub.

“Qarabağnamə” Ulu öndər Heydər Əliyevin ən çox sevdiyi tamaşalardan biri idi.

Səhnə əsəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada, ümumilikdə 21 aktyor iştirak edib. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, əməkdar artistlər Almaz Amanova, Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Aslan Şirin, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Ziya Ağa, Cavidan Novruz, Nigar Güləhmədova, Firuzə Balayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa edib.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də ümummilli lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib.  Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd edib. Ümummilli lider elə həmin görüşdə bu pyes əsasında bədii filmin çəkilməsinin də vacibliyini qeyd edib.  Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi çərçivəsində təqdim olunub.

İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da nümayiş etdirilib.

Please follow and like us: