2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. Mərkəzdə “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində silsilə tamaşaların nümayişi nəzərdə tutulur.

Layihə çərçivəsində fevralın 24-də Heydər Əliyev Mərkəzində Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Səhnə əsəri Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanır.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov bildirib ki, Mərkəz “Heydər Əliyev İli” çərçivəsində Ümummilli liderin siyasi irsinin təbliği istiqamətində bir sıra layihələr planlaşdırır. Onlardan biri də “Heydər Əliyev və milli teatr sənəti” layihəsidir. Bu layihə çərçivəsində Ulu öndər Heydər Əliyevin ən çox sevdiyi və böyük maraqla izlədiyi tamaşaların nümayişi nəzərdə tutulur. Heydər Əliyev hər zaman müsahibələrində “Ölülər” tamaşası ilə bağlı fikirlərini bildirib, pyesin bənzərsiz, tarixi, həddindən artıq fəlsəfi əsər olduğunu qeyd edib.

Tamaşanın rejissoru Xalq artisti Azər Paşa Nemətov hazırda tamaşanın Heydər Əliyev Mərkəzinin səhnəsinə uyğunlaşdırılması prosesinin aparıldığını deyib. Bildirib ki, Mərkəzin səhnəsi Akademik Milli Dram Teatrının səhnəsindən daha genişdir. Səhnələr fərqli olduğuna görə yeni dekorasiyalar hazırlanır. Rejissor tamaşanın finalının fərqli olacağını da vurğulayıb. Qeyd edib ki, tamaşaçı ilk dəfə yeni final görəcək. Bu final yalnız Heydər Əliyev Mərkəzində olacaq. Tamaşaçılar səhnə əsərindən həzz alacaqlar.

“Ölülər” tamaşasında əsas obrazlardan biri – Şeyx Nəsrullahın ifaçısı Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, Heydər Əliyev Mərkəzi çox gözəl təşəbbüs irəli sürüb. Ulu öndərin sevdiyi tamaşanın həmin Mərkəzdə nümayişini təşkil edilir. Kollektiv çalışacaq ki, fevralın 24-də teatrı Heydər Əliyev Mərkəzində layiqli şəkildə təmsil etsin. Bütün tamaşaçılarımızı Heydər Əliyev Mərkəzinə dəvət edirik.
“Ölülər”in Kefli İsgəndəri Əməkdar artist Anar Heybətovun sözlərinə görə, məşq prosesi artıq yekunlaşıb. Səhnələrin ölçüləri fərqli olduğundan bəzi düzəlişlər edilib, artıq tam hazır vəziyyətdədir.
Səhnə sərində Şeyx Əhməd obrazına həyat verən Əməkdar artist Aslan Şirin “Ölülər”in Heydər Əliyev Mərkəzində səhnəyə qoyulmasını böyük mədəniyyət hadisəsi adlandırıb. Deyib ki, tamaşanın nümayişi Ulu öndərin 100 illik yubileyinə təsadüf edir. Teatrda da yaxşı ab-hava yaranıb, gözəl məşq prosesi gedir. Aktyor tamaşada əsas rollardan birinin ona həvalə edilməsindən məmnun olduğunu bildirib. O, fevralın 24-də yaradıcı heyətin, yaxşı mənada, böyük tamaşaçı kütləsi ilə qarşı-qarşıya qalacağını vurğulayıb.

Bildirək ki, ikihissəli tamaşada həmçinin Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, Əməkdar artistlər Elxan Quliyev, Elşən Rüstəmov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxış edəcəklər.

Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq.

Please follow and like us: