İyunun 21-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Evripidin “Medeya” əsəri əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası keçiriləcək.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva, işıq üzrə rəssamı Rafael Həsənovdur.
“Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.
Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən üsyankara çevrilir.