Görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin 70 illik yubileyi münasibəti ilə məzarı ziyarət edilib. Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi, aktyorun ailəsi və teatrsevərlər iştirak edib.
Mərasimi giriş sözü ilə açan Xalq artisti Hacı İsmayılov Yaşar Nurinin Azərbaycan mədəniyyətində tutduğu yerdən danışıb. O, qeyd edib ki, Yaşar Nuri sənətkar və insan kimi xalqın sevgisini qazanıb, yaratdığı obrazlarla Azərbaycan teatrı və kinosunun simasına çevrilib: “Mən Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətovun salamını və təşəkkürünü hər birinizə çatdırıram. Yaşar Nurinin 70 illik yubileyi münasibəti ilə teatrda yubiley tədbirinin keçirilməsi planlaşdırılıb. Ancaq mövcud şəraitlə əlaqədar olaraq planımız alınmadı. Teatr fəaliyyətə başlayan kimi bu yubiley bütün teatrsevərlərin iştirakı ilə təşkil olunacaq. Allah Yaşar Nuriyə rəhmət eləsin. Onun xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaq”.
Xalq artisti Rafiq Əzimov görkəmli aktyorla bağlı xatirələrini bölüşüb, onun yaratdığı obrazlar qalereyası haqqında danışıb: “Yaşar Nuri təkcə komediya rollarında çıxış etməyib. O, həm də faciə rollarını yüksək səviyyədə oynayıb. Yaşar öz adını teatrımızın və kinomuzun tarixinə qızıl hərflərlə yazdırıb”.
Xalq artisti Nurəddin Mehdixanlı sənət dostunun Azərbaycan mədəniyyətinin, teatr və kino sənətinin inkişafındakı rolundan danışıb: “Yaşar Nurinin kino, teatr və televiziya sahəsində çox böyük xidmətləri var. Yaşar Azərbaycan dövlətinin ən böyük mükafatlarını alıb və dövlət tərəfindən həmişə diqqətdə saxlanılıb. O tamaşaçıların böyük sevgisini qazanan sənətkar kimi xoşbəxt sənət ömrü yaşayıb”.
Xalq artisti Əli Nur Yaşar Nuri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Yaşar Nurini sənət fədaisi, Azərbaycan teatrı və kinosunda məxsusi yeri olan, xalqın sevimli sənətkarı kimi dəyərləndirib: “Yaşar korifey aktyor idi. Onda qeyri-adi plastika, obrazı dəqiq və qabarıq ifa etmə məharəti olduqca güclü idi. Ruhu şad olsun, Allah ona qəni-qəni rəhmət eləsin”.
Akadmemik Milli Dram Teatrının direktoru müavini Hacıbaba Məmmədov teatr kollektivinin, eləcə də tamaşaçıların Yaşar Nuriyə olan yüksək rəğbəti və sevgisindən danışıb: “Böyük sənətkar Yaşar Nuriyə Allah qəni-qəni rəhmət eləsin. Biz hamımız onun işığına yığışmışıq. O, çox böyük sevgi qazanmış xoşbəxt sənətkar kimi dövlət tərəfindən hər zaman yüksək qayğı və diqqət görmüşdü. Onun istər kinoda, istər teatrda yaratdığı obrazlar xalqın böyük sevgisini qazanıb, bu gün də sevə-sevə baxılır”.
Sonda Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva çıxış edib, mərasimin təşkilinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Teatrda və kinoda komik, psixoloji və dramatik rolların məharətli ifaçısı kimi tanınan Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə vəfat edib.