Bu məqalədə müəllifin kədər və sevinc göz yaşları da var, qürur, güvən hissi də, insanların taleyi ilə oynayanlara aid hikkəsi də… Onlar doğmalarının, sevdiklərinin gözlərinin yolda qaldığını yaxşı bilsələr də, “öncə Vətəndir” , “Vətən sağ olsun” fikrindən bir an belə dönməyiblər. “Mədəniyyət/Culture” olaraq 27 sentyabr – 10 noyabr 2020-ci il Vətən Müharibəsinin iştirakçısı olmuş mədəniyyət xadimləri ilə, yaşları sona çatdırdıqları işğal tariximizlə eyni olan döyüşçülərlə canlı söhbətləri diqqətinizə təqdim etməyə başlayırıq.

“Vətən Müharibəsi zamanı döyüş tapşırığını layiqincə yerinə yetirməsinə görə” Fəxri Fərmanla təltif edilən RÜFƏT CABBAROV Bakıdakı 248 saylı orta məktəbdə 9 illik təhsilini başa vurandan sonra Humanitar Kollecin aktyorluq fakültəsində təhsilini davam etdirib. 2012-14-cü illərdə Tovuz rayonunda hərbi xidmətdə olub. 2014-cü ildən Akademik Milli Dram Teatrında səhnə maşinisti vəzifəsinə qəbul edilib. Hazırda işıq sexinin rəisi vəzifəsində çalışır. 2019-cu ildə ADMİU-nun dram rejissorluğu fakültəsinə qəbul olub, Mehriban Ələkbərzadənin kursunda təhsil alır. Vətən müharibəsinin ilk günündən ön cəbhəni etibar edilənlərdən biri olub. Füzuli rayonundan başlayan döyüş yolu Cəbrayıl, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tuğ dağı, Şuşa yaxınlığındakı Qırmızı bazar kəndindəki döyüşlərdə iştirakçısı olaraq öz təbirincə desək, torpaqlarımızı düşməndən azad edib. Minaatan batareyada baş tuşlayıcı olan Rüfət cəbhə yoldaşlarının döyüş ruhunun yüksək olduğunu vurğulayır; o dərəcədə yüksək ki, İrəvana qədər gedib-çıxmaq əzmi bir an belə səngimirmiş. Rüfətin ailəsi Qarabağ münaqişəsinin acısını illər öncə də “dadıbmış” – bibisinin həyat yoldaşı I Qarabağ müharibəsinin iştirakçısı olub. Təhsil illərindən bəri eşitdiyi erməni şovinistlərinin millətimizə qarşı törətdikləri şərəfsizliklərin xronologiyası onda “bu qan yerdə qalmamalıdır” düşüncəsini formalaşdırıb.

Akademik Milli Dram Teatrının əməkdaşı “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilmiş TƏRLAN ƏSGƏRLİ 2014-16-cı illərdə Göranboyda hərbi xidmətdə olub. Ötən ilin yayında erməni silahlı qüvvələrinin Tovuz rayonuna təcavüzü nəticəsində general-mayor Polad Həşimovun şəhid olması bir çox vətənpərvər gənclərimiz kimi onun da könüllü olaraq hərb meydanına atılmasına təkan olub. Deyir, döyüşçülər arasında ögey-doğma anlayışı yoxdur, Polad Həşimov da hamımızın əzizidir. Tərlan Əsgərlinin cəbhə həyatı Füzuli bölgəsindən, atıcı-qumbaraatan köməkçisi kimi başlayıb. Bir neçə kəndi işğaldan azad edəndən sonra Füzulinin beton meşəliyi deyilən ərazisindəki döyüşlərin birində, yaxınlığına ağır artilleriyanın düşməsi nəticəsində yaralanıb, yaralandığının fərqinə varmadan döyüşü davam etdirirmiş. Hospitalda vəziyyəti yaxşılaşan kimi cəbhəyə qayıtmaq istədiyini bildirib və belə də edib. Ön cəbhənin bütün çətinliklərindən üzüağ çıxıb, amma o çətinlikləri sadalamağı ağlına belə gətirmir. T.Əsgərli: “Kişi belə söhbətlər eləməz. Həm də biz ora istirahətə getməmişdik. Müharibədə isə hər cür çətinlik ola bilər və bu təbiidi. Dünyanın istənilən ölkəsinin əsgəri hərbi əməliyyatlar zamanı bu cür çətinliklərlə qarşılaşır. Biz də həmçinin. O torpaqları biz almalıydıq, aldıq da”. Hospitaldan sonra Cəbrayıl-Xocavənd istiqamətindəki döyüşlərdə iştirak edib. Artıq Xocavənddə digər ərazilərin sülh yolu ilə qaytarılması haqqında razılaşmanın əldə olunması xəbərini alıb. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilər sırasında olduğu üçün özünü çox şanslı hesab edir. Arxa cəbhədən gələn mənəvi dayaq xəbərlərinin isə hər bir döyüşçüyə son dərəcə xoş təsir etdiyini, ruh yüksəkliyini qoruyub saxlamaqda əvəzsiz rol oynadığını deyir Tərlan. Hərb meydanında cəsarətli olduğu qədər mülki həyatda da bacarıqlıdır qəhrəmanımız – Xırdalanda yerləşən 1 saylı orta məktəbdə 9 illik təhsilini başa vurduqdan sonra 3 saylı peşə məktəbində yiyələndiyi kompyuter operatoru ixtisası ilə Akademik Milli Dram və Akademik Musiqili Teatrlarının işıq sexində, son dövrdə isə Mədəniyyət və İncəsənət Universitetində işıq və səs mütəxəssisi kimi fəaliyyət göstərir. Ali təhsil almaq əzmindədir. Şübhə etmirik ki, bu hədəfindən də yayınmayacaq.

“Vətən uğrunda” və Kəlbəcərin azad edilməsi uğrunda” medallarına layiq görülmüş

RUSLAN KƏRİMOV ötən ilin sentyabrnda hərbi əməliyyatlara cəlb edilib. ilk məntəqələri Gəncə şəhəri olub. Murov dağının postlarında zəfər tariximizi yazmağa başlayanlar sırasına qatılıb. Müharibənin sonuna kimi o ərazidə düşmənlə üz-üzə dayanıb. Növbəti erməni bombardmanı kazarmanı yararsız hala saldığından döyüşarası istirahət saatlarını qayaların arasında keçirməli olurmuşlar. Beləliklə, düşmənlərinin sayı dörd olubmuş- erməni silahlı qüvvələri, şaxtalı hava, sıldırım qayalar və başlarına yağdırılan bombalar. Qumbaraatan köməkçisi Ruslan Kərimov mülki həyatında müharibədən bəhs edən filmlərə həmişə böyük maraq göstərib, onların ərsəyə gəlməsi prosesi ilə daha çox maraqlanıb. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin məzunudur Ruslan. Ali təhsilini başa vurduqdan sonra Tərtər rayonunun Tapqaraqoyunlu kəndində, 2016-cı il Aprel döyüşlərində işğaldan azad etdiyimiz düşmən postlarında, ön xətt briqaldalarında həqiqi hərbi xidmət borcunu yerinə yetirib Və bir neçə özəl studiyada, televiziyalarda səs rejissoru, videomobtajçı kimi çalışıb. 2019-cu ildən Akademik Milli Dram Teatrının əməkdaşıdır, tamaşaların reklamı və yotube kanalında yerləşdirilməsinə məsul şəxsdir.kinorejissorluq ixtisasını inkişaf etdirərərək gerçək müharibədə gördüklərini, duyduqlarını qısametrajlı filmlərə çevirmək niyyətindədir.

Həmsöhbətlərim cəsur olduqları qədər də təvazökardırlar; şücaətlərini şişirdilmiş tərzdə danışmaqdan çox uzaq gənclərdir. Şəxsiyyətdirlər; nəyi niyə etdiklərini çox gözəl dərk edirlər. Zəfər tarixi yazan övladlar yetirən torpağa, millətə əhsən!

Samirə Behbudqızı

“Mədəniyyət/Culture” jurnalı

Yanvar-fevral 2021

Please follow and like us: