Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatr kollektivinin Ali Baş Komandan İlham Əliyevə​ ​ MÜRACİƏTİ​ ​ ​

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Bu zəfər günləri hər bir azərbaycanlı üçün imtahan zamanı, ana Vətənimiz hər birimiz üçün sınaq yeridir. Qüdrətli ordumuz öz Ali Baş Komandanının göstərişi ilə sarsılmaz gücünü düşmən üzərində böyük əzmlə, rəşadətlə göstərir. İşğalçı Ermənistan silahlı qüvvələri tarix boyu əl atdığı xain təxribat əməllərini yenidən davam etdirir, öz qaniçən mahiyyətini bütün dünyaya nümayiş etdirir. Lakin həmişə olduğu kimi yenə öz layiqli cavablarını alır, işğal etdikləri torpaqlarımızdan geri çəkilməyə məcbur edilirlər. Azərbaycan dövləti öz humanist, sülhsevər siyasətini bütün bu illər ərzində dünyaya səbrlə, təmkinlə dəfələrlə sübut edib. Lakin işğalçı qonşumuz öz məkrli niyyətindən əl çəkməyib. Onların məkri, fitnəsi nə qədər çoxdursa, bizim də qüdrətimiz, yenilməzliyimiz bir o qədərdir. Azərbaycan Sizin sayənizdə öz haqlı mövqeyini dünyaya dönə-dönə bəyan edib, ədalətin bizim tərəfimizdə olduğunu bütün beynəlxalq qurumlara çatdırıb. Lakin sülh, əminəmanlıq kimi uca dəyərlərdən uzaq olan düşmən silah qarşısında öz cavabını alır.

Möhtərəm Prezidentimiz!

Sizin dünyaya bəyan etdiyiniz “Qarabağ Azərbaycandır” həqiqətini ordumuz ön cəbhədə bir daha təsdiq edir. Bu, Böyük Vətən Müharibəsidir. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki Qarabağ bizim dədə-baba torpaqlarımızıdır. Orada bizim ulu əcdadlarımızın ruhu uyuyur. Neçə illərdir o müqəddəs torpaqlardan didərgin düşən ruhlar bu gün Vətən oğullarımızı qoruyur, onları hifz edir. Böyük vətəndaş sınağı günlərində Akademik Milli Dram Teatrının kollektivi, hər bir üzvü əldə silah bayrağımızı, torpağımızı, Prezidentimizi qorumağa hazırdır. Hər birimizin ürəyimizə sevinc gətirən fərəhli qələbə gününü səbirsizliklə gözləyirik. Qarabağ tarixən Azərbaycanın olub, bundan sonra da bizim övladlarımız o torpaqların həqiqi sahibi kimi xoşbəxt, azad, firəvan yaşayacaqlar. Biz buna inanırıq! Tanrı Sizi və Vətənimizi qorusun. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır!

Please follow and like us: