Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətovun Prezident İlham Əliyevə yazdığı məktub president.az saytında yerləşdirilib. Həmin məktubu təqdim edirik.
Möhtərəm cənab Prezident.
İyulun 15-də Nazirlər Kabinetinin iclasındakı qətiyyətli, ölkəmizin gələcək inkişafının yol xəritəsi hesab olunan yüksək səviyyəli çıxışınızı böyük vətəndaşlıq eşqi ilə dinlədim. Baş verən hadisələrə göstərdiyiniz soyuqqanlı, müdrik və uzaqgörən mövqeyiniz bizi bir daha əmin etdi ki, xalqımız Sizin simanızda böyük oğlunu, yenilməz siyasətçisini hər zaman olduğu kimi, bu gün də bütün dünyaya şərəflə, başucalığı ilə təqdim edir. Bu ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu böyük siyasi yoldur ki, Sizin nümunənizdə onun ləyaqətlə davam etdirildiyinin şahidi oluruq. İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ardıcıl hərbi təxribatlar törədildi. Azərbaycanın şanlı ordusu, qəhrəman əsgər və zabitlərimiz erməni xainliyinə çox böyük mərdiklə cavab verdi. Düşmənin layiqli cavab almağı bir daha göstərdi ki, ordumuz Sizin Ali Baş Komandanlığınızla torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Əlbəttə, biz sülh, əmin-amanlıq istəyirik, amma Sizin dediyiniz kimi hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq.
Hörmətli cənab Prezident, bu məktubu yazmağı özümə vətəndaşlıq borcu bildim. Təəssüf ki, dövləti təxribata çəkmək istəyənlər təkcə xarici düşmənlər deyil. İyulun 14-də Bakıdakı yürüş zamanı baş verən hadisələrdə bunun bir daha şahidi olduq. Amma Vətənini sevən insanlar öz Liderinin ətrafında sıx birləşdiyini yenə nümayiş etdirdi. Şübhəsiz ki, təxribata əl atanlar öz layiqli cavablarını alacaqlar. Şəxsən mən və bütün teatr ictimaiyyəti Sizin aydın gələcək vəd edən müdrik siyasətinizi böyük ruh yüksəkliyi ilə dəstəkləyirik. Hər zaman bütün çağırışlarınıza, əmrlərinizə hazırıq, içimizdə böyük əminlik var ki, doğma torpağını itirmiş Vətən həsrətli insanların müjdəçisi məhz Siz olacaqsınız. Azərbaycan xalqı üçrəngli bayrağımızın Qarabağda dalğalanmağını məhz Sizin Ali Baş Komandanlığınızla zəfər bayramı kimi qeyd edəcək. O gün uzaqda deyil. Biz buna əminik. Tanrı Sizi qorusun, Tanrı xalqımızı qorusun.
Dərin hörmət və ehtiramla,
Azər Paşa Nemətov
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq Artisti, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.