Müasirlərim haqqında xatirələrimi yazmaq mənim üçün olduqca məsuliyyətli, eyni zamanda şərəfli bir vəzifədir. Həcmcə o qədər də böyük olmayan bu kitabda müasirlərimin barəsində yazdıqda bilmirəm hansından yazım və kimləri başqa sənət yoldaşlarıma həvalə edim. Mən o xoşbəxt aktyorlardanam ki, Azərbaycan səhnəsinin ən parlaq dövründə yaşamışam. Odur ki, yazmağa, deməyə sözüm çoxdur.

Sizi təkcə bir tamaşanın rol bölgüsü ilə tanış etsəm, o vaxt Azərbaycan səhnəsinin aktyor ansamblı cəhətdən nə qədər qüvvətli olduğunu yəqin edərsiniz. Budur C. Cabbarlının 1929- cu ildə göstərilmiş “Od gəlini” əsərinin rol bölgüsü: Elxan – A. Şərifzadə, Aqşin – Ülvi Rəcəb, Altunbay- Sidqi Ruhulla, Qorxmaz- İ. Hidayətzadə, Rəbi – R. Əfqanlı, Yanardağ- Ə. Qurbanov, Odamdı- M. Əliyev, Dönməz – M. Mərdanov, Solmaz- J. Olenskaya. Bunlardan əlavə tamaşada məşğul olmayan aktyorlardan S. Səlimbəyov, Mərziyə xanım, Sona xanım, Əzizə xanım, Ziba xanım, P. Tanailidi, Qəmər xanım, D. Şaraplı, İ. Azəri, M. Ataməlibəyov, M. Kazımovski, Ə. Qəmərlinski, C. Bağdadbəyov, B. Cabbarzadə, N. Məmmədov, Ə. Anatollu, Rza Darablı, H. Qafqazlı – bunları yada saldıqda görürsünüz ki, o vaxt Azərbaycan Dövlət Akademik Dram teatrı nə qədər qüvvətli aktyor ansamblına malik idi.

Hər bir aktyor öz-özlüyündə bir tarix idi. Azərbaycanda, eləcə də bütün Sovetlər ölkəsində öz misilsiz oyunu ilə faciə janrının ən böyük nümayəndəsi adını qazanmış Abbas Mirzəni, komik rollarda ustalıqla çıxış edən Mirzağa Əliyevi unutmaqmı olar? Mən bu gözəl aktyor ilə işlədiyim dövrü özüm üçün bir məktəb və onunla dostluğumu xoşbəxtlik hesab edirəm.

Azərbaycan teatrının və incəsənətinin ən yaxşı ənənələrinə dərindən yiyələnən, bu ənənələri daha böyük bir əzm və ilhamla inkişaf etdirən, yeni, yüksək səviyyəyə qaldıran sənətkarlarımızdan biri də Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ilk xadimlərindən, SSRİ xalq artisti Mirzağa Əliyev olmuşdur.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov öz klassik komediyaları ilə Azərbaycan ədəbiyyatında realist dramaturgiyanın əsasını qoymaqla bərabər, bir çox azərbaycanlı artistlərin inkişafına da səbəb olmuşdur. M. Əliyevin Azərbaycan səhnəsində yaratdığı ilk obrazlar silsiləsində Mirzə Fətəli Axundovun Hacı Qara, Molla İbrahim Xəlil kimyagər, Lənkəran xanın vəziri kimi realist sürətlər mühüm yer tutur, o məhz Mirzə Fətəli Axundov məktəbinin yetirməsidir.

Mirzağa Əliyev bizim səhnəmizdə həqiqi realist, bütün yaradıcılığında həyat həqiqətindən uzaqlaşmayan əvəzsiz bir sənətkar kimi ad qoyub getmişdir. O 1883-cü ildə Bakı yaxınlığında Hövsan kəndində yoxsul bir ailədə anadan olmuşdur. Kənddə güzəranı ağır keçdiyi üçün atası Mirzağanı da götürüb Bakıya gəlir. Atanın bir məqsədi var idi: oğlunu oxutmaq, sənət sahibi etmək. Lakin onun bu arzusu da bir çox arzuları kimi baş tutmur. Oxumaq xərcini verə bilmədiyindən Mirzağanı sənət məktəbindən xaric edirlər. Mirzağa ailəsini bu ağır vəziyyətdən qurtarmaq, ona yük olmamaq üçün H. Z. Tağıyevin fabrikində fəhləliyə girir. Beləliklə, gənc yaşlarından istismarçı sahibkarların işgəncələrinin şahidi olur. Fəhlələrin dözülməz vəziyyəti onun gözlərini açır. Az sonra Mirzağa tərk edib onu mənəvi cəhətdən təmin edən başqa işlər görməyə məcbur olur. Bu zaman Bakıda rus və Ukrayna dillərində tamaşalar göstərilirdi. Bunlar gənc Mirzağanı çox maraqlandırırdı. O, bir neçə dəfə bu tamaşalara baxmağa imkan tapır. Bakıda Azərbaycan dilində də belə tamaşalar verilirdi. Bu, istedadlı gənci olduqca sevindirir. Uzun müddət azərbaycanlı artistlər ilə görüşmək, onlarla tanış olmaq arzusu ilə yaşayır. Nəhayət, arzusuna çatır. Təsadüfən 1898-ci ildən Azərbaycan səhnəsində çalışan Murad

Muradovla tanış olur. Elə həmin gün niyyətini açıb ona söyləyir. Murad Muradov Mirzağanı evinə dəvət edir. Mirzağa Əliyev bu görüşü xatırlayaraq belə deyir:

“…Həmin gün axşam Murad Muradovun evində “ Müsibəti Fəxrəddin” əsəri məşq olunurdu. Muradov məni teatr həvəskarları ilə tanış etdi. Mən xüsusilə Nəcəf bəy Vəzirovla tanış olduğum üçün özümü xoşbəxt hesab etdim”.

Beləliklə, Mirzağa Azərbaycan artistləri, dramaturqları ilə tanış olub, onlarla işləməyə başlayır.

Bu Azərbaycan ziyalıları arasında Nəcəf bəy Vəzirov, Məhəmməd bəy Məlikov, Cahangir Zeynalov, Əbülfət Vəliyev, Mehdi bəy Hacınski, Bədəl bəy Bədəlbəyli, Murad Muradov kimi bütün qüvvələrini incəsənətə həsr edən şəxslər var idi.

1901-ci il may ayının 18-dən Mirzağa Əliyevin həyatında yeni yaradıcılıq dövrü başlanır və öz taleyini həmişəlik olaraq teatr sənəti ilə bağlayır. İlk dəfə 1901-ci ildə N.B. Vəzirovun “Müsibəti Fəxrəddin” pyesində Şahmar bəy rolunu oynayır. İki-üç il ərzində böyük sürətlə inkişaf edən Mirzağa Əliyev görkəmli komiklərdən biri olur. Mətbuatda haqqında tez-tez təriflər eşidilməyə başlanır: “Bu həvəskardan çox mahir bir aktyor yarana bilər”. “Bakı tamaşaçılarının sevimlisi” və sairə sözlər onun ünvanına deyilir.

Həmin illərdə Mirzağa Əliyevin bir aktyor kimi inkişaf etməsində, səhnə realizmi uğrunda müntəzəm mübarizə aparan böyük aktyor misilsiz komik Cahangir Zeynalovun ciddi xidməti olmuşdur. Mirzağa bütün ömrü boyu öz müəllimi C.Zeynalovu iftixarla yad etmişdir. Mirzağa deyirdi:

“…Mən müəllimim Cahangir Zeynalova ömrüm boyu borcluyam. O, mənə həmişə deyərdi: məbadə-məbadə tamaşaçıları güldürməyə çalışasan, ancaq sürəti düzgün verməyə çalış. Tip və sürət ki, düzgün verildi o vaxt öz-özünə gülüş əmələ gələcəkdir”.

Mirzağa Əliyev Cahangir Zeynalovun yaradıcılığına nə qədər pərəstiş etsə də, onu mənasız təqlid etməzdi, çünki Mirzağa şüursuz təqlid etməyi aktyor yaradıcılığında ən qorxulu bir hal hesab edirdi. Əslində başqasını təqlid etmək, ona heç də lazım deyildi, çünki Mirzağa fitrətən istedadlı bir komik idi. Onun hər dəfə səhnədə görünməsi tamaşaçılara təbəssüm, xoş əhval və şadlıq gətirirdi.

İnqilabdan əvvəl Mirzağa Əliyevin yaratdığı “Ölülər” əsərində İsgəndər obrazı aktyorun yaradıcılığında müstəsna yer tutur. İsgəndər rolunun ifasının bir qorxulu cəhəti var idi. Bu da Mirzağanın oyununda komik və dramatik boyaların kontrastı, ciddi və gülməli səhnələrin qarşılaşdırılması idi. Böyük komediya ustası olan Mirzağa Əliyev eyni zamanda bu rolun dramatik yerlərini (bacısı Nazlı ilə söhbət edib, onu uzaqlara, gözəl bir aləmə dəvət etdiyi yeri) böyük həsrət, daxili iztirab, ürək yanğısı ilə oynayırdı. Öz misilsiz oyunu ilə tamaşaçıları heyrətə gətirdi. Nə üçün heyrətə gətirdi? Ona görə ki, tamaşaçı Mirzağa Əliyevi səhnədə həmişə komik rollarda görmüşdü. Onun yaradıcılığının bu yeni cəhəti ilə tanış deyildi. Bu rol Mirzağa Əliyevin sənətində təzə bir səhifə açdı.

Hüseyn Ərəblinskinin rejisorluğu ilə hazırlanan “Ölülər” tamaşasında Şeyx Nəsrullah rolunu şair Qəmküsar (Mirzə Əliqulu Nəcəfov) ifa edirdi. Müəllifin və H. Ərəblinskinin gözəl məsləhətləri nəticəsində M.Əliyev inandırıcı və real bir surət yaratmağa müvəffəq oldu.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Azərbaycan xalqının mədəniyyətinin, o cümlədən incəsənətinin yeni dövrü başlandı. M.Əliyev, A.Şərifzadə, Mərziyə xanım, Sidqi Ruhulla, M. Kirmanşahlı, S.Səlimbəyov, R.Darablı, Anaplı və bir çox istedadlı aktyorlar inqilabı sevinclə qarşılayıb, könüllü olaraq hərbi hissələrdə, Azərbaycanın uzaq kəndlərində siyasi və bədii briqadaların tərkibində çıxış etməyə başladılar.

Mirzağa Əliyev öz xatirələrində sevinclə qeyd edirdi ki, inqilab bütün xalqımın həyatında olduğu kimi, mənim həyatımda da böyük dönüş yaratdı və yeni dövr açdı.

Həqiqətəndə yalnız sovet dövründə Mirzağanın yaradıcılığı sürətlə çiçəkləməyə başladı.

Bu dövrdə teatrlar milliləşdirildi, bir sıra yeni teatrlar açıldı. 1921-ci ildə Bakıda “Tənqid və Təbliğ” teatrı təşkil olundu. Hökumət bu yeni təşkil edilmiş “Tənqid və Təbliğ” teatrına Azərbaycan xalqının sevimli aktyorları – Hacıağa Abbasov ilə Mirzağa Əliyevi aktyor və konfransye vəzifəsinə təyin etdi. Bu aktyorlar tamaşaçıları öz gözəl lətifələri, köhnəliyin qalıqlarını tənqid edən kupletləri ilə heyran edirdilər.

Mirzağanın qələmindən bu illərdə “Tənqid və Təbliğ” teatrı üçün “Vəzirin gözləri”, “Məşədi evlənir”, “Orda elə, burda belə”, “Telefon bəlası”, “Qısqanclıq”, “Ey dad Şümür əlindən” kimi gözəl bir pərdəli əsərlər çıxmış və müvəffəqiyyətlə oynanılmışdır.

1924-cü ildə Xalq Maarif Komissarının sərəncamına əsasən Mirzağa Azərbaycan Dövlət Akademik Dram teatrına keçir və ömrünün son günlərinədək öz fəaliyyətini burada davam etdirir. O hər bir rolu ilə tamaşaçıların sevincinə və iftixarına nail olur. Elə həmin ildə mən də Moskva teatr institutunu qurtarıb Azərbaycan Dövlət Akademik Dram teatrında işləməyə başladım.

Mən Mirzağa ilə hələ inqilabdan qabaq tanış idim. Onun Tiflisdəki qastrol tamaşalarının fəal iştirakçısı idim. Mirzağanın yaradıcılığı məni ilk günlərdən özünə məftun etmişdi. Onun yaratdığı Hacı Qara, Məşədi İbad, Sultan bəy obrazları məni bir aktyor və bir tamaşaçı kimi özünə valeh etmişdi.

O, Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbad rolunun ilk ifaçısı olmuşdur. Bəzən dram artistlərinə səhnədə oxumaq, ya rəqs etmək lazım gəldikdə çox çətinlik çəkir. Mirzağa isə belə işlərlə çətinlik çəkmirdi. Məşədi İbadın Rüstəm bəyin qızı Gülnaz ilə görüşdüyü səhnə və hambal ilə söhbəti bu rolun ən maraqlı yerləridir. M.Əliyev Məşədi İbadın hər şeyi pulla ölçən, qadının ləyaqətini alçaldan baqqal təbiətini satirik cizgilərlə rəsm edirdi.

Mirzağa Əliyev Məşədi İbad rolunu iki yüz dəfədən artıq oynayıb hər dəfə də tamaşaçılar tərəfindən səmimi qarşılanıb.

Çox xoşbəxtəm ki, bu böyük sənətkarın ən sevdiyi rollarından birini radioda yazmaq nəsibim oldu. Bu musiqili komediyanı (“O olmasın bu olsun”) radioda yazmaq fikri məni çoxdan məşğul edirdi, ancaq Mirzağanın xəstəliyi bu işi yubandırdı. Nəhayət, vəfatına az qalmış, bu rolu radioda ifa etməyə razılıq verdi. Məmnuniyyətlə işə başladıq. Yadımdadır, Mirzağa necə böyük bir həvəslə işə başladı. Xəstəliyinə baxmayaraq, hər parçanı yaxşı çıxmaq üçün təkrar-təkrar yazdırırdı. İşindən həm mən, həm də dinləyicilər çox razı qaldı. Xüsusən mən sevimli sənətkarımız vəfat etdikdən sonra, hər dəfə bu verilişə qulaq asdıqda, əziz Mirzağanın şirin səsini eşitdikdə qəlbimdə bir qürur hissi duyurdum. Deyirdim ki, mən sənət yoldaşımın səsini, onun sevimli rolu olan radio ilə Məşədi İbadı əbədiləşdirdim.

Bundan əlavə onun səsini mikrafonda eşitdikcə 1916-cı ildən 1959-cu ilə kimi Azərbaycan səhnəsində onunla keçirdiyim günlər kinolenti kimi gözümün qabağında canlanır.

Mirzağa Əliyevlə ilk qastrolumuz, 1918-ci il yadıma düşür. Tiflisdən Mirzağaya bir məktub yazdım. Onun qastrola çıxmaq üçün razılığını alıb Bakıya gəldim. Bakı artistlərindən çox qüvvətli bir heyət təşkil etdik. Heyətə M.Əliyev, H.Sarabski, H.Hacıbababəyov, Nurməmməd Məmmədov, Vartan Manqasarov, P.Tanailidi, Leyla xanım, Liza xanım və başqaları daxil idi. Repertuarımız “Leyli və Məcnun”, Əsli və Kərəm” operaları, “Arşın mal alan”, “O olmasın, bu olsun” operettaları, “Pəri cadu”, “Dəmirçi Gavə” dramlarından ibarət idi.

Opera və operettalarda baş qadın rollarını Hüseynağa Hacıbababəyov və Nurməmməd Məmmədov oynayırdılar.

Yola düşdük. İrana yetişdik. Ənzəli şəhərinin yaxınlığında, Pirbazarda gəmidən düşdük. Palçıq əlindən yerimək mümkün deyildi. Gecəni Pirbazarda qalmalı olduq. Uzaqdan zərif fanar işığı gəlirdi. Yağışın altında əlimizdə çamadanlar işıq gələn tərəfə getdik. Belə məlum oldu ki, bura Pirbazarın “otelidir”. İçəri girdikdə bütün gün çəkilən qəlyan və tiryəkin qoxusu bizi məst etdi. On beşə qədər adam bir yerə toplaşıb nə haqda isə söhbət edirdilər. “Otel” sahibi kürsüdə oturub çay içirdi, başqa bir tərəfdə isə polis nəfəri manqalın qabağında dizi üstə oturaraq tiryək çəkirdi. Tiryək çəkməkdən üzü mum kimi saralmışdı. “Otel” sahibi bizə küncdə balaca bir yer göstərib oturmağımızı təklif etdi. Mirzağa gördü ki, burada gecələmək çox çətin olacaq, polis nəfərinə yaxınlaşıb nəzmiyyənin yerini soruşdu. O, əvvəlcə Mirzağaya etina etmədi. Bunu görən Mirzağa ona dedi:

– Get ağaya söylə ki, ağayi Mirzağa xan öz adamları ilə Qafqazdan gəlib Tehrana qayıdır.

Polis nəfəri Tehran adı eşitcək tiryək hoqqasını yerə qoydu, çayxanadan çıxdı. Az keçmədi polis rəisi bizi yanına dəvət etdi. Mirzağa və mən nəzmiyyə rəisinin yanına getdik. Qarşımızda gödək boylu, yekəqarın, uzunburun bir adam durmuşdu. Adı Mirzə Davud xan idi. O, Mirzağanı görən kimi ikiqat əyildi. Mən yerimdə donub qalmışdım. Mirzağanın bu istedadını heç güman etməzdim. O qeyri-adi bir görkəm alıb, özü ilə on beş nəfər oxuyan, çalan gətirdiyini polis rəisi Mirzə Davud xana söylədi və onlarında içəri gəlmələri üçün icazə istədi. Mirzə Davud xan bunu eşitcək:

– Ağayi Mirzağa xan, nəinki evimin, hətta, külli İranın ixtiyarı sizdədir. Əmir edin gəlsinlər.

Mirzə Davud xan Mirzağanı Tehran hökuməti üzvlərindən biri hesab etmişdi. Mən həyətə çıxdım. Hüseynqulu Sarabski çamadanın üstündə oturub palçığa batmış tuflilərini təmizləyirdi. Nurməmməd Məmmədov çamadanındakı yağışdan islanmış arvad paltarını qurudurdu. Hüseynağa Hacıbababəyov isə boğazına soyuq dəyməsin deyə çamadanda nə qədər isti parça varsa çıxarıb boğazına sarımışdı. Artistlərdə bir tərəfə toplanıb deyinirdilər. Məni görən Nurməmməd:

– Xalqı buraxmısınız çölün düzünə, özünüz isə oturubsunuz isti otaqda. Mirzağanın kələyi bundan artıq olmaz ki!

Mən məsələni açıb yoldaşlarıma dedim və onları başa saldım ki, Mirzağa nə desə biz “bəli, bəli” deməliyik. Çünki vəziyyət bunu tələb edir. Yoxsa səhərə kimi yağışın altında qalarıq.

Mən Mirzə Davud xanın adından onları içəri dəvət etdim. Sarabski bunu eşitcək: “Yox, mən gedəsi deyiləm, elə burdaca yağışın altında oturacağam, səhər açılar, qayıdaram Bakıya, görüm, Məcnunsuz nə edəcəksiniz”.

Nurməmməd bunu eşitcək “Mən də qayıdıram Bakıya, görüm Leylinin atası olmadan nə edəcəksiniz”.

Hacıbababəyov bunları eşidəndə dedi:

– Mən də qayıdıram Bakıya, görüm Leylisiz Məcnun necə dəli olacaq?

Yağış getdikcə şiddətlənirdi. Sarabski bir yağışa, bir də palçığa batmış tuflisinə baxıb istər-istəməz içəri getməyə razı oldu.

Hamımız Mirzə Davud Xanın otağına girdik. Mirzağa tanımaq mümkün deyildi. O yuxarı başda Mirzə Davud xanın yanında oturub özünü elə çəkmişdi ki, baxan deyərdi ki, o bizim böyüyümüz, biz də onun xidmətçiləriyik.

Mən o saat “Ölülər” əsərindəki Şeyx Nəsrullahın Hacı Həsənin evinə gəlişi səhnəsini yad edib, salam verdim və yoldaşlarım ilə qapı ağzında dayandım. Bu vəziyyətdə bir

neçə dəqiqə qaldıq, çünki Mirzağa gözləyirdi ki, Mirzə Davud xan əyləşməyimizi təklif etsin. Xan isə görünür, öz-özlüyündə belə düşünürdü: “Madam ki, küllü İranın böyüyü ağayi Mirzağa xan burdadır, mən karəyəm”.

O belə düşünür, biz isə ayaq üstündə qalmışdıq. Sarabski hirsindən dodaqlarını çeynəyirdi. Nurməmməd isə enli qaşlarından tükləri dartıb çıxarırdı. Nəhayət mən dözməyib oturmağa icazə aldım. Mirzağanın da səbri tükənmişdi.

– Oturun, – dedi.

Oturduq. Cürbəcür təamanlar gəldi. Yeməyə başladıq. Mirzə Davud xan müqəssir adamlar kimi Mirzəyə baxıb dedi:

– Orucluq münasibəti ilə içki satmağı və içki içməyi qadağan etmişəm. Ancaq sizin kimi əziz qonaqlar üçün tapılar.

Xan bu sözlər ilə özünü Mirzağanın yanında Allahın mömin bəndəsi kimi göstərmək istədi, anaq Mirzağa burada da ona üstün gəldi.

– Hə, olar ki, – dedi, – aramızda əcnəbilər də var, onlar içər. Biz də ki, səfəviyik, səfəvilərə isə orucluq düşmür.

Davud xan tamamilə şaşırmış halda:

– Nə deyim, külli ixtiyar sizindir, deyib, xidmətçilərinə əmr etdi ki, içki gətirsinilər.

Bəli, özünü Allahın mömin bəndəsi kimi göstərmək istəyən xanın süfrəsi “Martel” konyakı, “Smirnov” arağı və “Mum” şampanlı ilə doldu. Orucluq olmasına baxmayaraq, ev sahibi konyakı bir-birinin ardınca içirdi. Bir azdan elə kefləndi ki, tez-tez Mirzağanı öpür, Vartan Manqasarovun tarının gözəl səsinin altında atılıb-düşür, oynayırdı.

Səhər tezdən yola hazırlaşdıq. Mirzə Davud xan dedi:

– Heç narahat olmayın, faytonlar hazırdır. Ancaq mən ölüm, mənim buradan Rəştə köçürülmə məsələmi Tehranda tezliklə həll edin.

Mirzə Davud xan bizə ələlxüsus Mirzağaya artist olduğu üçün deyil, onun guya böyük bir mənsəb sahibi olduğu üçün belə hərəkət edirdi. Bizləri isə onu əyləndirən xidmətçilər bilirdi. Biz kim olduğumuzu söyləmək istəyirdik, ancaq Mirzə Davud xan bizə aman vermir, min bir dil töküb ondan razı qalıb qalmadığımızı soruşurdu. Tehranda onun Rəşd məsələsini tezliklə həll etməyi dönə-dönə xahiş edirdi. Əlacsız qalan Mirzağa söz verdi. Az keçmədi faytonlar hazır oldu. Mirzə Davud xan ilə görüşdük. Fytonlara minib yola düşdük. Gəlib Rəştə çatdıq. Rəşt kimi böyük şəhərdə müstəqil teatr kollektivi yox idi. Hərdənbir müəllimlə məktəblilər yığışıb tamaşa verirdilər.

Rəşt şəhərində “Leyli və Məcnun”, “Arşın mal alan” tamaşalarını verdikdəın sonra “Dəmirçi Gavə”ni oynamaq qərarına gəldik. Gavəni – H. Sarabski, Qubadi M.Əliyev, Pərvizi H. Hacıbabəyov, Qəhdanı N. Məmmədov, Mehrunu P. Tanaildi, Xubçöhrü Asya xanım, Fərhad isə mən oynayırdım.

Pərdə hələ açılmamışdı ki, Rəşt hakimi İsmayıl xan səhnə arxasına gəlib, qərargahın əmrinə əsasən bu gecə “Gavə”ni oynamayacağımızı xəbər verdi.

Camaat arasında qiylü-qal düşdü. Hamı tələb edirdi ki, “Gavə” hökmən oynanılsın. İran hökuməti isə qərargahda “oturanların” əmrinə əsaslanaraq icazə vermirdi.

Nəhayət Mirzağa Əliyev səhnə qabağına çıxıb dedi:

– İranlılar, Gavə sizin, Zöhhak sizin, nə üçün öz tarixinizi sizdən gizlədirlər? Nə üçün müvəqqəti hökmranlığı ələ alanlar tarixinizi sizə göstərməyə icazə vermirlər?

Az keçmədi ki, iki zabit gəlib məni və Sarabskini “məni truppa müdiri, Sarabskini isə heyətin rejissoru kimi” səhnə paltarında və qrimdə faytona mindirib qərargaha apardılar. Bizi soyuq bir otağa salıb getdilər. Bir neçə saatdan sonra, hava işıqlananda rəis gəldi. Bizi yanına çağırtırıb soruşdu:

– Siz nə məqsədlə belə bir zərərli əsəri oynayırsınız?

Mən cavabında dedim:

– Biz icazəsiz oynamırıq. Kitabın birinci səhifəsində Qafqaz canişini Vorontsov Daşkovun idarə rəisinin imzası var. Buyurub baxa bilərsiniz.

Qərargah rəisi kitaba baxıb dedi.

– Bu doğru, bu əsəri Qafqazda oynaya bilərsiniz. Burada, belə vəhşilərin içində yaramaz. Gedin, bir də belə kobud səhvlər etməyin.

Faytona minib Sarabski Gavənin mən isə Fərhadın paltarında mehmanxanaya qayıtdıq. Mirzağa bizi görcək ağladı. O, səhərə kimi yatmayıb yolumuzu gözləmişdi.

Bir neçə gündən sonra İran inqilabçılarının köməyi ilə şəhər hakimi İsmayıl xan “Gavə”nin oynanılması barədə lazımı yerlərdən icazə aldı. Ancaq həmişə öz şəxsi mənafeyini düşünən, var-dövlətlərini artırmağa çalışan xanlar və tacirlər şəhərə şayiə buraxdılar ki, tamaşa gecəsi kasaklar ilə Küçük xanın adamları arasında toqquşma olacaq. Odur ki, tamaşa günü salonun yarıdan çoxu boş idi. Nəhayət “Gavə”ni oynadıq.

İranda verdiyimiz tamaşalar zamanı Mirzağanı və bizi bir məsələ çox düşündürdü. Bu da qadınların teatra buraxılmaması məsələsi idi. Qadınları hər cür hüquqdan məhrum edən İran hökuməti onların teatr və kinoya getmələrini də qanunla qadağan etmişdi. Biz bir çox qadınlardan məktub alırdıq. Bu məktublarda onlar üçün də xüsusi tamaşalar verilməsini xahiş edirdilər. Polis rəisi isə buna icazə vermirdi. Bir gün Mirzağa xəbər verdi ki, bir evdə əlliyə qədər qadın toplaşıb. Bizi də ora dəvət edirlər.

Gəlişimizdən zavallı qadınların çöhrəsi güldü, onlar özlərini tamamilə itirdilər. Bilmirdilər ki, bizə nə cür xidmət etsinlər ki, biz razı qalaq.

Mirzağa bir söz belə demədən çıxıb elan etdi ki, bu saat sizə “Əsli və Kərəm” operasını göstərəcəyik. Ancaq əfsus olsun ki, tamaşa paltarsız və qrimsiz olacaq. Alqış səsindən qulaq tutulurdu. Tamaşanı başladıq. Mədəniyyətdən məhrum olmuş bu zavallılar gözlərini qırpmadan böyük maraq ilə bizim bu qeyri-adi tamaşamıza baxırdılar. Tamaşa qurtardıqdan sonra İran qadınları bizə çox razılıq edib bir saat daha oturmağımızı xahiş etdilər. Çalğı alətləri ortaya gəldi, musiqi başlandı. Bir xanım oxumağa başladı. O, gözəl və məlahətli səsi ilə bizi valeh etdi. Onadan sonra üç nəfər gözəl qız çıxıb rəqsə başladılar. Rəqsə baxan deyərdi ki, şübhəsiz bunlar xüsusi məktəb qurtarmışdılar. Anacaq bu sənətkarlar şəriətin ağır zənciri ilə qolları bağlanmış, milyonlarla Şərq qadınlarının yalnız üçü idi.

Qastrolumuz müvəffəqiyyətlə keçirdi. Bir gün tamaşalarımızın birində Mirzağa yüyürərək təngnəfəs səhnə arxasına gəldi. O, dedi:

– Uşaqlar, özünüzü yığışdırın, Mirzə Davud xan teatrdadır.

Elə Mirzağa bunu demişdi ki, bir də gördük Mirzə Davud xan gülər üzlə səhnə arxasına gəldi, qəhqəhə çəkib belə dedi:

– Gədə vələddüzzinalar, deyin, oyunbazıq da, mən də neçə günü yatmırdım, boğazıma çörək getmirdi. Deyirdim, görəsən, Mirzağa xan məndən rəncidə getməyib ki? Deyin, oyunbazıq da, şükür allaha. Tamaşadan hamınız mənə qonaqsınız.

Rəşt qastrolumuzu başa vurub Ənzəliyə gəldik. Oradan da “Evelin” gəmisinə minib Bakıya yola düşdük. Bütün gecəni Bakı limanına yan ala bildik. Coşqun ləpələr gəmimizi atıb-tuturdu, hamımız göyərtəyə çıxıb sahildə qaranlıqda uyuyan Bakını seyr edirdik. Birdən sahilə yaxın evlərdən birində böyük yanğın baş verdiyini gördük. Səhər məlum oldu ki, yanan sabiq Tağıyev teatrının binasıdır.

… Mən 1924-cü ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında – təzə bir şəhərdə, təzə bir kollektivdə işləməyə başladım. Adətən, belə vəziyyətdə aktyor böyük çətinlik çəkir. Ona kollektivlə uyuşmaq lazım gəlir. Xoşbəxtlikdən o qədər də çətinlik çəkmədim. Çünki Bakıya işləməyə gəlməzdən qabaq Bakı teatrının görkəmli aktyorları H. Ərəblinski, Sidqi Ruhulla, M. Əliyev, A. Şərifzadə ilə yaradıcılıq və dostluq əlaqələri saxlayırdıq.

Həmin ildə Tiflisdən Bakıya baş rejissor vəzifəsinə dəvət olunmuş A. Tuqanovun quruluşunda M. F. Axundovun “Molla İbrahim Xəlil Kimyagər” əsərini oynadıq. Bu mənim Mirzağa Əliyevlə demək olar ki, yeni kollektivdə birinci yaradıcılıq işim idi. O vaxtdan 45 ildən keçməsinə baxmayaraq həmin yaradıcılıq günlərinin sevinci yenə də yadımdadır.

A.Tuqanov Bakıda çalışmağa başlarkən öz ilk quruluşu üçün Azərbaycan dramaturgiyasının klassiki M. F. Axundovun əsərini təsadüfü seçməmişdi. Tamaşa iki ay ciddi hazırlıqdan sonra səhnəyə buraxıldı və böyük müvvəfəqiyyətlə keçdi. Molla İbrahimxəlili Mirzağa Əliyev ifa edirdi. SSRİ xalq artisti Mirzağa Əliyev Axundovun Hacı Qarasından, Mola İbrahim Xəlilindən sonra Molyerin Jorj Dandenini, Suxovo Kobılinin Raspluyevinini, Sabit Rəhmanın Kərəmovunu, N. V. Qoqolun Osipini böyük məharətlə yaratdı.

M.F.Axundovun realist məktəbinin sayəsində, Mirzağa Əliyev bizim səhnəmizdə böyük bir realist, yaradıcılığında həyat həqiqətindən bir an belə uzaqlaşmayan sənətkar kimi ad qoyub getmişdi. Mən Mirzağa ilə otuz il ərzində bir çox tamaşalarda iştirak etmişəm. Ona baxan deməzdi ki, səhnədə oynayır, yox, o oynamırdı, yaşayırdı. Mirzağa Əliyevin simasında biz gözəl və incə yumor ustadını öz istedadını səhnə hərəkəti, parlaq temperamentlə birləşdirən kamil aktyoru görürdük.

“Xoşbəxtlər” əsərində Bərbərzadəni oynayarkən Mirzağanı Maraldan başqa heç kəs maraqlandırmır. Mirzağa məharətlə yaratdığı obrazının hər bir cizgisini, daxili aləmini, xüsusiyyətlərini, mahir bir sənətkar kimi müəyyən etmişdi.

Mirzağa yaratdığı obrazın zahiri görünüşünə də çox fikir verirdi. Məsələn, Bərbərzadənin gödək şalvarı ilə başında uşaq kepkasına oxşar kepkası bu obrazı zənginləşdirən vasitələrdən deyilmi. Bu hal aktyor yaradıcılığında zəruridir. Aktoy bir obrazı yaradarkən onun daxili xüsusiyyətlərini özü üçün müəyyən etdikdən sonra zahiri xüsusiyyətlərini də aydınlaşdırmalıdır. Çünki zahiri xüsusiyyətlə daxili xüsusiyyətlərdən doğur. Mirzağa sənətin cəhətinə də fikir verirdi. Kim deyə bilərdi ki, S. Rəhmanın “Toy” komediyasında Kərəmov kimi zəngin obrazın daxili xüsusiyyətləri zahiri xüsusiyyətləri ilə əlaqədar deyil. Ancaq bununla belə M. Əliyev zahiri görünüşünə, zahiri effektlərə çox da aldanan aktyorlardan deyildi. Onu birinci növbədə yaratdığı obrazın daxili aləmi, məniviyyatı maraqlandırırdı.

Sovet dövründə Mirzağanın sənəti böyük dramaturqumuz C. Cabbarlının yaradıcılığı ilə sıx surətdə bağlı idi. C. Cabbarlının böyük sənətkarlıq və ilhamla yazılmış “Aydın”, “Oqtay Eloğlu”, “Od Gəlini”, “Sevil” “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərlərində Mirzağa çox cazibəli, inandırıcı surətlər yaratmışdır. Balaxan Hacızaman, Oddamdı, Babakişi, Əmirqulu, Salamov, Mirzə Səməndər – bunlar Cəfər Cabbarlı əsərləri tərəfindən Mirzağa Əliyev tərəfindən yaradılmış və Azərbaycan incəsənətinin qızıl fonduna daxil olmuş monumental surətlərdir. Bu surətlər bir-birindən tamimlə fəqlənən başqa-başqa insan xarakterlərini ümumiləşdirmiş əksidir. Bunlar bir həyatın, bir ictimai dövrün adamları deyillər. Balaxan, Salamov, Hacı Zaman, Oddandı, Əmirqulu, Mirzə Səməndər bir-birinə tamamilə ziddi obrazlar və xarakterlərdir. Bu obrazların hər birinin özünəməxsus səviyyə və cəhətlərini səhnədə canlandırmaq çətin və mürəkkəb yaradıcılıq məsələsidir. Mirzağa Əliyevin məharəti bundandır ki, o, bir aktyor olaraq həmin obrazların hr birinin öz xarakterini, öz dünya görüşünü əks etdirə bilmişdir. “1905-ci ildə” əsərində yaratdığı Salamov surəti Mirzağa Əliyevin sənətində təzə bir qələbə idi. O, “Aydın” əsərində Neft mədənləri sahibi Balaxanın surətlərini yaratmışdı. Həssas və hər rola şüur və ehtiyatla yanaşan Mirzağa “1905-ci ildə” tamaşasında oynadığı Salamov ilə Balaxanın ümdə fərqini o saat özü üçün aydınlaşdırdı. Salamov Balaxandan fərqli olaraq sinfi mübarizə prosesində iştirak edir. Salamovun kobudluğunu da, işi dara düşəndə tülkü kimi yalvarmasını da aktyor böyük məharətlə göstərirdi. Mirzağa Əliyev Salamovun simasında

olduqca avam, lovğa, dikbaş bir burjua tipini yaratmaqla hər işi pul və qol gücü ilə görəcəyinə inanan bir nadanı öz satirik boyaları ilə ifşa edirdi.

C. Cabbarlının “Almaz” əsərindəki Mirzə Səməndər surəti isə Mirzağa Əliyevin ən böyük yaradıcılıq qələbələrndən sayılır.

Mehdi Məmmədov bu haqda belə deyirdi: “Mirzağa Əliyev Mirzə Səməndərin kiçik tüfeyli təbiətini misilsiz bir ustalıqla yaradır. Surətin məhz tüfeyli təbiətini yaxşı şərh etmək üçün Mirzağa sadə və gözəl bir üsul işlədir. O, Mirzə Səməndərin şəxsiyyətinə, şəxsi mənafeyinə aid olan səhnələri son dərəcə qızğın və hövlnak oynayır. Kəndin ümumi həyatına, kollektiv təsərrüfata və s. ictimai məsələlərə aid olan yerlərdə isə qəsdən özünü daş kimi soyuq aparır, son dərəcə də laqeyd danışır, yaxud laqeyd bir tərzdə susur. O, birinci təsadüfdə bozarmış halda tez-tez “Qurban olum Məhəmmədin şəriətinə” deyərək, özündən çıxır. İkinci təsadüfdə isə əllərini qoşa qaldırıb murar bir soyuqqanlılıqla dodaqlarını büzür: “Atam, mən bitərəfəm”.

M. Əliyevin yaradıcılığında tərcümə əsərlərini də ifa etdiyi rolları xüsusi qeyd etmək lazımdır. Onların içərisində Paqanel, Osip, Parsplyuyev, Knurov və məzarçı müstəsna yer tutur.

M. Əliyev bu rolları realizm prinsipinə sadiq qalaraq, həyatilikdən uzaqlaşdırmırdı. Qarşıda bir çox maneələrin olmasına baxmayaraq, tutduğu yoldan dönmürdü. O vaxtlar realizm metodu ilə işləyən aktyorlar və rejissorlar nihilistlər tərəfindən daima tənqid olunurdular. Onlar Sovet teatrını doğru yoldan uzaqlaşdırıb, əvəzində bizi sənətimizlə uyuşmayan yabançı yollarla aparmaq istəyirdilər. Onlar bir çox teatrlarda bəzi rejissor və rəssamları realizmdən uzaqlaşdırmaq, konstruktivizm, formalizm yoluna salmaq istəyirdilər.

Bu xəstəlik bizim teatrda da yol salmışdı. 1929-cu il qurtuluşlarında “Dəmirçi Gavə”də “Hacı Qara”da biz formalizm təbliğinin nəticəsini görürük. Bu məcburi yolda yaranan quruluşlar nə rejissor A. Rzayevi, nə A. Tuqanovu, nə də kollektivi təmin etmirdi. Bəli, formalistlər nə qədər çalışdılarsa, öz arzularına nail ola bilmirdilər.

Teatrımızın tutduğu düzgün yola tamamilə yabançı olan bu quruluşlar sənətimizə ziyan gətirirdi. Rejissor, rəssam tamaşanı büsbütün formalizmə yuvarlayaraq onu realizmdən uzaqlaşdırmışdı. Buna baxmayaraq bəzi aktyorlar realizmə sadiq qalaraq öz oyunlarında formalizmdən uzaqlaşmağa çalışırdılar. Misal olaraq Mirzağa Əliyevi göstərmək olar.

Formalizm üslubunda tamaşaya qoyulan Hacı Qara əsərində Mirzağa Əliyev baş rolda çıxış edirdi. O, rejissor A. Rzayevə və tərtibatçı rəssam R. Mustafayevə belə dedi:

– Atam, siz nə hoqqa çıxarırsınız, çıxarın, mənciyəz və mənim Hacı Qaramla işiniz olmasın. Mən bu vaxta qədər necə oynamışam, elə də oynayacağam.

Mirzağa necə dedi, elə də elədi. Götürək, Araz qırağı səhnəsini. Rejissor Kərəməlini (Şaraplını) taxta ata mindirib Araz sahilində o tərəf bu tərəfə çapdırırdı. Bu səhnəyə Mirzağa rahat baxa bilmirdi. Nə yol ilə olursa, olsun, yaxasını bu taxta atdan qurtarmaq istəyirdi. Bir gün tamaşa vaxtı gördük ki, Kərəməlinin atı dekorların və rekvizitin içində yoxdur, oğurlanıb. Rəssam ilə rejissor əl-ayağa düşdülər. Mirzağa isə heç də təmkinini pozmadan belə dedi:

– Balam, nə əl-ayağa düşübsünüz? Bəlkə atın “vıxodnoyudur”? Heyvan olandan nolar? Bəlkə heyvancığaz yorulub, qoyun dincəlsin, onsuz da keçinərik.

Mirzağa xurcunları Kərəməlinin çiyninə yükləyib böyük ilhamla Hacı Qaranı oynamağa başladı.

1930-cu ildə teatrımız Kazan şəhərində qastrolda idi. Səhər-tezdən Mirzağa məni oyadıb dedi ki, dur gedək Volqa sahilinə, səni balıq şorbasına qonaq edirəm, ancaq arağı

səndən. Getdik. Gözüm Mirzağaya sataşanda gördüm o nə isə axtarır. Bir neçə uşaq çayın sahilində oynayırdı. Bir də gördüm bir uşaq Mirzağaya yaxınlaşıb pıçıltı ilə dedi:

– Дадйа, нет ли у вас ешшо лошадка, подарите мне.

Mən o saat başa düşdüm ki, dekorların içindən taxa atı “oğurlayan” bu dəfə Mirzağa imiş.

Mirzağa uşağı sakit etmək üçün belə dedi:

– Bala, belə atı həyatda tapmaq çətindir. Sabah gəl, sənə başqa bir oyuncaq verərəm.

Xülasə, bundan sonra Araz səhnəsini taxta atsız oynadıq. Az keçmədi bütün kollektiv Mirzağanın bu “cinayətindən” xəbər tutub ürəklərində sevindi. Quruluşçu rejissor işdən xəbərdar olub Mirzağaya belə dedi:

– Mirzağa, teatrın rekvizitini başqasına bağışlamaq aktyora yaraşmaz.

Mirzağa dedi:

– Niyə yaraşmır, Çox yaxşı yaraşır. Hacı Qaranın nökərini taxta ata mindirmək yaraşır, oğurlatdırmaq yaraşmır? Biz də bir şeyi bilirik, axı!

Rejissor bir kəlmə də cavab verə bilmədi, artistlər qəhqəhə çəkib gülüşdülər.

O illər romantiz cərayanı gündən-günə güclənirdi. 1929-cu ildə Azərbaycan Dövlət Dram Teatrına “Bədaye teatrı” adı verildi. Azərbaycan mədəniyyətinə sevinc gətirən bu hadisə formalistləri təşvişə saldı. Bu əlamətdar hadisəni onlar tərəqqi kimi yox, Azərbaycan teatrının məhvi kimi qəbul etdilər.

Azərbaycan incəsənət işçiləri, başqa böyük dramaturq Cəfər Cabbarlı olmaqla Mirzağa Əliyev, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə və başqaları Azərbaycanda “Rapp”çılar əleyhinə az da olsa teatrda kök salmış formalizm və başqa izmlər əleyhinə var qüvvələri ilə ciddi mübarizə aparırdılar.

N. V. Qoqolun “Müfəttiş” əsərinin yeni ikinci quruluşu hazırlanırdı. Birinci dəfə gözəl verilən bu tamaşanın indiki rejissoru onu formalizmə yuvarlatmaq istədi. Mən yenə də “Xlestakovu”, Mirzağa isə “Osip”i oynayırdıq. Məşqlərin birində Cəfər Cabbarlı ilə Mirzağa Əliyev mənə yaxınlaşdılar. Cəfər mənə bu sualı verdi:

– Mustafa, “Müfəttiş” əsərini kim yazıb?

Mən Qoqolun adını çəkdim. Mirzağa cəsarətlə irəli gəlib belə dedi:

– Aton cənnətlik, elə isə biz onu böyük ədibin adına layiq oynamalıyıq.

Elə də oldu. Biz rejissor və rəssamın zahiri dəbdəbələrinə aldanmayıb, rollarımızı necə oynamışdıqsa, elə də oynadıq. Bu məsuliyyətli işdə bələdiyyə rəisinin gözəl ifaçıları – Sidqi Ruhulla ilə Əli Qurbanov da bizimlə əlbir olub Qoqolun “Müfəttiş”ini formalizm bəlasından xilas etdilər.

Mirzağa yaratdığı hər bir rolu onun böyük-kiçikliyindən asılı olmayaraq sevir və onu göz bəbəyi kimi qoruyurdu. Şübhəsiz, unudulmaz sənətkarın yaratdığı bu unudulmaz obrazlar təkcə tamaşaçıları deyil, biz aktyorları da valeh edirdi. Hər bir aktyor onunla bir tamaşada, bir səhnədə iştirak etməyi özü üçün xoşbəxtlik hesab edirdi. Onun nəticəsidir ki, xalq onu sevirdi”.

Please follow and like us: