Dekabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir. Mədəniyyətimiz dünyada tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.
Yola salmağa hazırlaşdığımız 2019-cu ildə mədəniyyət sahəsində qazanılan uğurlardan söz açan Ə.Qarayev deyib: “Bu il bütün sahələrdə olduğu kimi ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalıb. Belə ki, bu il iyunun 30-dan iyulun 10-dək ölkəmiz UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib və bu mötəbər tədbirdə Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayı təşkilatın siyahısına salınıb. Bunlar müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olub”.
Nazir qeyd edib ki, mükafatların 24 dekabr tarixində – Prezident İlham Əliyevin doğum günündə təqdim edilməsi ikiqat bayram ovqatı yaradır: “Bu gün Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasındadır. Dövlət tərəfindən göstərilən qayğı yaradıcı insanların fəaliyyətinə stimul verir”.
Sonra mükafatlar təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” ordeni, “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu”, “Tərəqqi” medalı, “Xalq artisti” və “Əməkdar artist” fəxri adları ilə təltif olunanlara fəxri adlar və onların vəsiqələri təqdim olunub.
Mükafat alanlar Prezident İlham Əliyevin doğum günündə onlara təqdim edilən mükafatın ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonda Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb və hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.