Oktyabrın 29-da saat 19:00-da Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibəti ilə təntənəli tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edəcək.
Təntənəli yubiley gecəsi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə baş tutacaq. Yubileydə teatrın tarixinə nəzər salınacaq, keçdiyi sənət yolu haqqında video-çarxlar nümayiş olunacaq, dünya teatr xadimləri və rejissorların – Aleksandrinski Teatrının Bədii rəhbəri Valeri Fokinini, Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin, Moskva Böyük Teatrının solisti Elçin Əzizovun, Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvintin, Sankt-Peterburq Malıy Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodin və başqalarının təbrikləri səsləndiriləcək.
Mərasimdə eyni zamanda teatrın 100 illik yubileyinə həsr olunan “Akademik Milli Dram Teatrı – 100” kitab-albomu təqdim ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, teatrın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda vurğulanır ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçib. Milli Dram Teatrı eyni zamanda dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynayıb. Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişib. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoyan teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir