Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli aktyor Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunan xatirə tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təşkil olunan tədbirdə Mikayıl Mirzənin Teatr Muzeyinin arxivində saxlanılan fotolarından ibarət sərgi təqdim olunub.
Gecədə tədbirin aparıcısı, akademik Rəfael Hüseynov sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. R. Hüseynov qeyd edib ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov kimi görkəmli səhnə ustalarından dərs alan Mikayıl Mirzə 1969-cu ildə institutu bitirərək dram və kino aktyoru ixtisasına yiyələnib. İnstitutun səhnə danışığı kafedrasında müəllim, eyni zamanda, Tədris Teatrında çalışan sənətkar bir qədər sonra Azərbaycan Dövlət Akademik Milli Teatrında işə qəbul olunub. Oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubuna malik idi.
Əməkdar rəssam Rais Rəsulzadə Mikayıl Mirzəni teatr sənətimizin əvəzedilməz aktyoru, böyük sənətkarı kimi dəyərləndirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, xalq artistləri Səidə Quliyeva, Nurəddin Mehdixanlı, Ağakişi Kazımov, Ramiz Həsənoğlu Mikayıl Mirzə ilə bağlı xatirələrini danışıb, onun yaratdığı rolların bundan sonra da sənətsevərlərin xatirəsindən yaşayacağına inamlarını ifadə ediblər.
Qeyd olunub ki, Mikayıl Mirzə teatrda Kürd Musa, (“Vaqif”), Fərhad (“Fərhad və Şirin”), Muratov (“Qəribə oğlan”), Eyvaz (“Bizim qəribə taleyimiz”), Aslan (“Kəndçi qız”), Zahid (“Fəryad”), Elxan (“Od gəlini”), Cinli Mustafa (“Dəli yığıncağı”), İxtiyar (“İblis”) rollarını ustalıqla oynayıb.
Ötən əsrin 80-ci illərində məhz onun təşəbbüsü ilə Azərbaycan televiziya məkanında “Bir aktyorun teatrı” verilişi ekrana çıxıb. Onun ifasında Aleksandr Puşkinin “Motsart və Solyer”, “Qaraçılar”, Hüseyn Cavidin “Azər”, Rəsul Rzanın “Qızıl gül olmayaydı”, Xəlil Rzanın “Məhəbbət dastanı”, Cabir Novruzun “Qərbi Berlin” ekran əsərləri “Qızıl fond”da dəyərli sənət əsərləri kimi saxlanılır.
Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib.Yubiley gecəsində xalq artisti Azər Zeynalov bir neçə gözəl mahnı səsləndirib.
Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsinin əziz tutulduğuna görə təşkilatçılara minnətdarlığını bildirib.