Mehriban Aslan qızı Xanlarova

Aparıcı səhnə ustası

Mehriban Aslan qızı Xanlarova 1967-ci ilin avqustun 12-də Bakı şəhərində anadan olub.

1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub, 1990-cı ildə Məlik Dadaşovun rəhbərlik etdiyi kursu bitirib.

1998-ci ildən Akademik Dövdət Milli Dram Teatrında aktrisa vəzifəsində çalışır. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda müxtəlif rollar oynamışdır. Onlardan:İsmena (“Şah Edip”, Sofokl), Şiranə ( “Burla Xatun”, N.Xəzri), Rəfiqə qız ( “Qadın faciəsi”, Q.Lorka), Şəmsa ( “Ulduz yaxud Ədirnə Fəthi”, C.Cabbarlı), Professorun qızı ( “Kəllə”, N.Hikmət), Sona (“Hələ “Sevirəm” deməmişdilər…”, R.Novruz), Altunsaç (H.Cavid “Afət”), Təhminə («Xurşidbanu Natəvan», İ.Əfəndiyev), Mərcan xanım ( “Eloğlu” A.Şaiq),Kristina Linne (“Oyuncaq ev”,H.İbsen), Dovşan (Nağıl tamaşa,“Şir və dovşan”), Sara, Şadxəbər, Şölə (“Mesenat”, “Varlı qadın”, “Sevən qadın”, Ə.Əmirli), Şərəfnisə xanım (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə),Naymanana (“Manqurt”Ç.Aytmatov),

Qadın şair (“Ah,bu uzun sevda yolu”Ə.Əmirli) kimi obrazları göstərmək olar.Teatrda işlədiyi illərdə Azərbaycan Dövlət Televiziyasında İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” televiziya tamaşasında Anjel, H.Mirələmovun “Son arzu”da Lalə və “Son zəng”də Gültəkin rollarını, Türkiyədə istehsal olunmuş 54 seriyalı “Bizim məhəllədə” adlı teleserialda jurnalist Səda,13 seriyalı “Cinlər, pərilər” serialında Leyla, İran İslam Respublikasının istehsalı olan “Aysuda”filmində Ana obrazlarını ifa edib.

Xanlarova Mehriban Aslan qızı “Təkcə sən”,“Sarıköynəklə Valehin nağılı” və “Sahilsiz gecə” filmlərindəki Sarıköynək , Zibeydə, “Qəzəlxan”da Katibə,” Kənar adamlar”da Flora, “Xoşbəxtlər”də müğənninin arvadı və “Azərbaycanfilm”in “Debüt” studiyasında çəkilmiş “Sifarişçi” filmində Qadın kimi obrazları da oynayıb

2003-cü ildən”Space” telekanalında “Nəfəsim” verilişinin aparıcısı olub.

Mehriban Xanlarova Ç.Aytmatovun”Manqurt”tamaşasında oynadığı Naymanana roluQırğızıstanda keçirilən “Aytmatov və teatr”festivalında “Ən yaxşı qadın rolu”nominasiyasına layiq görülüb.  (?)

Mehriban Xanlarova 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar  artisti  fəxri adına layiq görülüb.