Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexlə görüşüb

Görüşdə iki ölkənin teatrları arasındakı əlaqələr müzakirə olunub, gələcək əməkdaşlıqla bağlı danışıqlar aparılıb.

Teatrın direktoru Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətini Avropada tanıtdırmaq istiqamətində gördüyü işləri yüksək qiymətləndirib: “Heydər Əliyev Fondu bu gün Azərbaycan mədəniyyətini, incəsənətini Avropada böyük miqyasda tanıtdırır, təbliğ edir. Hesab edirəm ki, teatr sahəsindəki əlaqələri genişləndirməklə biz də bu işlərə öz töhfəmizi verə bilərik, iki ölkənin teatrları arasındakı geniş əlaqələr bu işlərin tərkib hissəsi ola bilər. Bizim teatr Avropada qastrol səfərində olub. Avropa mədəniyyətinə, Avropa müəlliflərinə Azərbaycanda böyük maraq var. Akademik Milli Dram Teatrında Şekspirin, Şillerin əsərləri tamaşaya qoyulub və hər zaman böyük maraqla qarşılanıb. Biz Avstriya teatrları ilə sıx əlaqələrin qurulmasında maraqlıyıq. Əlbəttə, istedadlı, dünya teatr mühitində öz sözünü demiş Avstriya rejissorlarını tanıyırıq və istərdik, sizin köməkliyinizlə onlarla ünsiyyət quraq, bizim teatrda tamaşa hazırlamaq üçün həmin rejissorları dəvət edək. Eyni zamanda Avstriya dramaturqlarının əsərlərini teatrımızda səhnəyə hazırlamaq arzusundayıq”.

 

İ. İsrafilov əlavə edib ki, teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi və onun icrasına başlanılması bu sahədə böyük inkişafa səbəb olub: “Teatr sahəsində Dövlət Proqramı dünyanın bir çox ölkələrində yoxdur. Proqramının icrasında Mədəniyyət və Turizm Nazirliyi bizim teatrlara yaxından dəstək olur. Dövlət Proqramının qəbulu bizə dünya teatrları ilə əməkdaşlığa geniş imkan yaradır. Akademik Milli Dram Teatrının qapıları Avropa müəlliflərinin, rejissorlarının üzünə hər zaman açıqdır, onları əməkdaşlığa, qarşılıqlı bəhrələnməyə dəvət edirik”.

Səfir Aksel Vex Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə teatr sahəsindəki əlaqələrin genişlənməyində maraqlı olduğunu diqqətə çatdırıb: “Əlbəttə, mən Avstriya rejissorları ilə danışıq aparacağam, onlara təklif edəcəyəm ki, Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq əlaqələrinin qurulmasında öz töhfələrini versinlər. Azərbaycandan teatrşünaslar Avstriyaya səfər edib oradakı teatr mühitini öyrənə, gələcək əməkdaşlıqla bağlı danışıqlar apara bilərlər. Bu gün Avstriyada müasir teatr inkişafdadır, istedadlı gənc nəsil formalaşıb. Mən Avstriya Xarici İşlər Nazirliyi ilə də bu məsələni müzakirə edəcəyəm. Demək istəyirəm, Avstriya dövlətini Azərbaycanda təmsil edən şəxs kimi teatr sahəsindəki əməkdaşlıqla bağlı bütün təklifləri yüksək qiymətləndirirəm”.

Please follow and like us: