Nazim Bəykişiyev

Nazim Bəykişiyev 1948-ci ildə anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında işləmişdir.

 

1970-1975-ci illərdə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun teatr rəssamı fakültəsinə daxil olaraq SSRİ Xalq Artisti Sergey Obraztsovun sinifində təhsil almışdır. Həmin təhsil ocağını bitirdikdən sonra Orcenikidze şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam vəzifəsində işləmişdir. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışmışdır.

 

2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamıdır. Burada o H. Cavidin “İblis” və “Afət”, R.Əlizadənin “Günah”, Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri”, Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu”, Vilyam Şekspirin “Hamlet”, Elçinin “Qatil”, O.İoselianinin “Kaş araba aşmayaydı” kimi səhnə əsərlərinə bədii tərtibat vermişdir.

 

1984-cü ildə Respublika Dövlət Mükafatına, 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Rəssamı, 2007-ci ildə isə Xalq Rəssamı fəxri adlarına layiq görülmüşdür.