Cavid Zeynallı 1986-cı ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili, Azərbaycan Dillər Universitetində doktorantura təhsili alıb.
2010-cu ildə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatını qazanıb. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, Prezident təqaüdçüsüdür. “Günəşi gözləyənlər”, “Leyla”, “Şükriyyə”, “Həmin işıqlı günlər” və “Pəncərə” kitablarının müəllifidir. “Coğrafiya müəlliminin pencəyi” hekayələr kitabı Mədəniyyət Nazirliyi tərəfindən Türkiyədə çap olunaraq İstanbul Beynəlxalq Kitab Sərgi Yarmarkasında təqdim olunub. Əsərləri rus, ingilis, alman və gürcü dillərinə tərcümə olunub. Çağdaş türk yazıçıları Əsli E. Perkerin “Cəllad məzarlığı” və Tuna Kirəmitçinin “Dualar əbədidir” romanlarını dilimizə çevirib.
Cavid Zeynallının “Şükriyyə” pyesi Akademik Milli Dram Teatrında, “Tanrı quşu gəlmədi” pyesi isə Lənkəran Dövlət Dram Teatrında tamaşaya hazırlanıb. 2024-cü ildə Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin beynəlxalq forumu çərçivəsində təşkil olunan Dramaturgiya laboratoriyasında master-klass keçib. “Ölümə gedən” pyesi Mədəniyyət Nazirliyinin dramaturgiya müsabiqəsində qalib olub. Yazıçı-dramaturq və jurnalist kimi Azərbaycanı İtaliya, Çexiya, Rusiya, Türkiyə, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstanda təmsil edib.
2025-ci ildə müəllifi olduğu “Şükriyyə” pyesi Akademik Milli Dram Teatrının aktyorlarının ifasında Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının əsas səhnəsində nümayiş olunub. Eyni zamanda Çingiz Aytmatovun “Cəmilə”, Andre Moruanın “Əsirin qayıtması”, Per Lagerkvistin “Varavva”, Lev Tolstoyun “Sergi ata” əsərlərini səhnə üçün uyğunlaşdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı və TÜRKSOY-un “Əhməd Cavad-130” medalı ilə təltif olunub.

