Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirib. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərib.1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor ştatına götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rollar ifa edib.
İlk dəfə kamera qarşısına hələ 16 yaşında “Bəyin oğurlanması” filmində epizodik rolla keçən Aslan Şirin sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan «Dəvətnamə» (Həmid), «Bir yay günü» (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb.
Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi «İlin ən yaxşı aktyoru» nominasiyasına layiq görülüb.
Aslan Şirin Akademik Milli Dram Teatrında işlədiyi dövrdə bir sıra yaddaqalan rollar oynayıb.
Akademik Milli Dram Teatrında Aparıcı («Ah,Paris,Paris», Elçin), Oğul («Mənim ərim dəlidir», Elçin), Aparıcı («Şıltaq şahzadənin nağılı»), Şeytan («Özümüzü kəsən qılınc», B.Vahabzadə), Rəhman («Dar ağacı», B.Vahabzadə), Hoqqabaz («Mənim sevimli dəlim», Elçin), Səkinənin əri («Bu dünyanın adamları», Hidayət), Aktyor və Ozrik («Hamlet», V.Şekspir), Kəndli («Fərhad və Şirin», S.Vurğun), Sərkərdə («Şah Edip», Sofokl), Erməni («Ana intiqamı», V.Babanlı), Heydər («Lənkəran xanının vəziri», M.F.Axundzadə), Cəllad («Sokratı anma gecəsi», Ç.Aytmatov), Xor dirijoru («Hərənin öz payı», X.Qoca), Leandr («Skapenin kələkləri», J.B.Molyer), Qara («Varlı qadın», Ə.Əmirli), Tülkü («Bahar qızı»), Oqtay («Afət», H.Cavid), Əlibəy («Ölülər», C.Məmmədquluzadə), Gödək («Gödək», M.Calal), Fərəc bəy («Xurşidbanu Natavan», İ.Əfəndiyev), Baloğlan («Eloğlu», A.Şaiq), Kvazimoda («Kvazimoda», V.Hüqo), Yusif («Şeyda», H.Cavid), Qastone («Kabuslar», E.D.Filippo), Malvolio («On ikinci gecə və ya hər nə istəsəniz», V.Şekspir), Loperello («Don Juan və həndəsə», M.Friş), Sanitar («Şeksir», Elçin), Səməd bəy («Anamın kitabı», C.Məmmədquluzadə), Gənc teatr vurğunu («Sənətkarın taleyi», ,Elçin), Corc («Zorən şorgöz», R.Kuin), Çeda («Nazirin xanımı», B.Nuşiç), Kölgə («Kölgə», Y.Şvarts), Güloğlan («Oliqarx», Əfqan), Pyotr İvanoviç Dobçinski («Müfəttiş», N.V.Qoqol), Həmzad Qurban («Dəli yığıncağı», C.Məmmədquluzadə), Lisanoviç («Qarabağnamə», İ.Əfəndiyev), Şeyx Cəfər Tonkabanu («Şah Qacar», Ə.Əmirli), Barat («Almaz», C.Cabbarlı), Şeyx Əhməd («Ölülər», C.Məmmədquluzadə), Donalbayn (Kralın oğlu) («Ledi Maqbet», V.Şekspir), Osman və şagird 3 («Əsrə bərabər gün», Ç.Aytmatov) və s.
Aslan Şirin teatrdakı obrazlarla yanaşı kino ekranında da maraqlı rollar oynamışdır: «Ümid», «Dəvətnamə», «Bir yay günü», «Yeni həyat», «Yoxlama», «Mürafiə vəkillərinin hekayəti», «Təklif», «Satko», «Ümid» (Ağamirov), «Bəylik dərsi» və «Təklif», «Bakı, mən səni sevirəm», «Bir ailəm var» (teleserial), «Avrova, Avropa» (TRT,Türkiyə) filmlərində aktyorun yaratdığı obrazları tamaşaçılar maraqla izləmişlər.
Aslan Şirin 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

